Sərdar Həmidovun oğlu da deputatlığa namizəd olacaq
Bir müddət əvvəl keçmiş daxili işlər naziri İsgəndər Həmidov bu il keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcəyini açıqladı
Sabiq nazirin bildirdiyinə görə, o, namizədliyini işğal altında olan rayonların birindən irəli sürmək niyyətindədir. Bu il keçiriləcək parlament seçkilərində Həmidovlardan daha bir namizədin olduğu haqda məlumat yayılıb. “Yeni Müsavat”a daxil olan məlumata görə İsgəndər Həmidovun qardaşı, Tərtər rayonunun sabiq icra başçısı Sərdar Həmidovun oğlu, Etatist.com internet qəzetinin baş redaktoru Şəhriyar Məcidzadə də parlament seçkilərində iştirak etmək niyyətindədir. Mənbənin bildirdiyinə görə, Ş. Məcidzadə əmisindən fərqli olaraq namizədliyini işğal altında olan rayonların birindən yox, Tərtər rayonundan irəli sürəcək.
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Etatist.com-un baş redaktoru Şəhriyar Məcidzadə namizədliyini irəli sürəcəyi ilə bağlı məlumatı birmənalı olaraq təsdiqləməsə də, təkzib də etməyib:
“Bu il keçiriləcək parlament seçkiləri bütövlükdə ölkə üçün əhəmiyyətlidir. Artıq xeyli vaxtdır ki, Azərbaycana qarşı kampaniya aparılır. Fikrimcə azad keçiriləcək seçkilər Azərbaycan əleyhinə kampaniya aparanlara qarşı yaxşı cavab ola bilər. Bu məsələdə vətəndaşlar da, ictimaiyyət arasında tanınan şəxslər də xüsusi olaraq fəal olmalıdır. Seçkilərdə yapmacıq yox, gerçək nüfuzu olan şəxslərin iştirak etməsi həm cəmiyyət, həm dövlətin beynəlxalq nüfuzu üçün kifayət qədər əhəmiyyətlidir. Digər bütün seçkilərdən fərqli olaraq, bu il cəmiyyətdə çəkisi olan şəxslərin seçkilərdə iştirak etməsi milli maraqlara xidmət etmək deməkdir.
Seçkilərdə iştirak etməklə bağlı bir neçə təşübbüs qrupundan təklif almışam. Bu təklifləri dəyərləndirirəm. Parlament seçkilərində iştirak etmək niyyətim var, amma hələ tam olaraq qərar verilməyib. Müzakirələr, məsləhətləşmələr apararırıq. Müzakirələrin nəticəsində qərarımı açıqlayacağam”.
Hansı seçki dairəsindən namizədliyini irəli sürəcəyi ilə bağlı isə Ş. Məcidzadə bildirdi ki, “Əgər seçkidə iştirak etməyimlə bağlı qərar verilsə namizədliyimi 95 saylı Tərtər seçki dairəsindən irəli sürəcəyəm”.
“Builki parlament seçkilərində İsgəndər Həmidovun da iştirak etmək niyyətinin olduğunu necə dəyərləndirirsiniz? Ziddiyyət ortaya çıxmır?” sualına cavab verən Şəhriyar Məcidzadə “Düşünürəm ki, burda ziddiyyətə əsas olacaq heç nə yoxdur. İsgəndər Həmidovun belə bir niyyətinin olması onun hüququdur”, deyə cavab verib.
2578 dəfə oxundu