"Dünyanın güc mərkəzləri Azərbaycanla hesablaşmağa başlayıb" — Ayaz Mütəllibov

"Dünyanın güc mərkəzləri Azərbaycanla hesablaşmağa başlayıb" —

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsinə münasibət bildirib. A.Mütəllibov "Ölkə.Az"a açıqlamasında Ermənistanda baş verən hadisələrin Azərbaycana heç bir xeyri və yaxud təsiri olacağını düşünmədiyini söyləyib:

"Ermənistanda növbəti hakimiyyət dəyişikliyi baş verib və son həbslər klanlar arası çəkişmənin nətisəcidir. Bilirsiniz, orada nə baş verir versin, mahiyyət dəyişmir və onlar öz işğalçılıq siyasətini dəyişmirlər. Bu çəkişmələr niyə baş verir, nə olacaq, bizi əsla narahat etməməlidir. Düşünürəm ki, hazırkı şəraitdə dövlətimizin nümayiş etdirdiyi səbrli, qətiyyətli siyasət düzgündür. Kimliyindən asılı olmayaraq öz sözümüzü deyirik və deməliyik. Bu da son nəticə olaraq düşmənlərimizi reallıqnan barışmağa məcbur edəcək! Bir daha bildirirəm, Azərbaycan daha o ölkə deyil ki, onunla diktə tonunda danışasan, müxtəlif geo-siyasi oyunlarda bizdən istifadə edilsin".

A.Mütəllibov deyib ki, Azərbaycan müstəqil, qətiyyətli siyasəti, güclü ordusu olan bir ölkəyə çevrilib:

"Dövlətimiz artıq dünyada kifayər qədər tanınmış nufuza malik bir dövlət kimi tanınır. Böyük dövlətlər bizimlə hesablaşır, prezidentin son zamanlar keçirdiyi görüşlər, qatıldığı rəsmi tədbirlər bu nüfuzu daha da möhkəmləndirir. Təkcə ermənilərdən başqa, bütün ölkələr bizimlə dostluq münasibətləri qurub. Ermənilər ancaq özlərinə ziyan vurub, dünyadan təcrid olunub. Bütün beynəlxalq layihələrdən kənarda qalıb. Bu da aparılan düşünülmüş siyasətin nəticəsidir".

Son vaxtlar Azərbaycanla Rusiya arasında isti münasibətlərin yaranması məsələsinə də toxunan A.Mütəllibov qeyd edib ki, Rusiya Azərbaycanın əbədi qonşusudur:

"Əvvala Rusiya-Azərbaycan münasibətləri barədə mən müsahibələrimdə dəfələrlə qeyd etmişəm yenədə bildirirəm ki, hər şey qarşılıqlı maraqlar çərçivəsində müəyyən olunmalıdır. Ruslar bizim əbədi qonşumuzdur, bu qaçılmaz faktdır. İstər-istəməz biz onlarla münasibətlərimizi tənzimləməliyik. Bu bütün sahələrdə özünü büruzə verməlidir. Əlbətdə ki, hərənin öz marağı var. Rusiyanın böyük bir dövlət kimi öz maraqları, Azərbaycanın da öz maraq dairəsi, xüsusilə 30 ilə yaxın həll olunmamış Qarabağ problemi mövcuddur. Son zamanlar rusların bu problemin həllində aktivləşməsi hiss olunur. Elə Rusiya ictimai fəallardan ibarət qrupun Cəbrayıla gəlməsi, oradan Lalətəpəyə çıxıb bəyanat verməsi əvvəllər müşahidə olunmamış bir hadisədir. Sanki Rusiya bütün dünyaya nümayiş etdirir ki, mən bu münaqişənin həll olunmasına ən yaxın güc mərkəziyəm. Çox gözəl, biz də bunu istəyirik ki, hansısa bir tərəf bu məsələnin həll olunmasında fəal iştirak etsin və ortada bir nəticə olsun. Lakin hər şey bəyanatlardan o yana getmir, rəsmi bir mövqe ortaya çıxmır. Hər şey isə gün kimi aydındır, işğalçı da öz etdiyini danmır. Yəni, Azərbaycanın torpaqlarını işğal etdiyini təsdiq edir. Üstəgəl BMT-nin məlum qətnamələri kağız üzərində qalıb. Biz nə qədər gözləməliyik? Azərbaycan onsuzda beynəlxalq təşkilatların məsləhətinə son 25 ildə kifayət qədər səbr və təmkinlə yanaşıb. Artıq xalqın səbr kasası daşıb, insanlar öz dədə-baba torpaqlarına qayıtmaq həsrətilə dünyasını dəyişir.

Hesab edirəm ki, dövlətimiz bu məsələdə kifayət qədər öz prinsipiallığını nümayiş etdirir və çox haqlı olaraq torpaqlar barədə heç bir güzəşt olmayacağını dünyaya bildirib! Bu siyasətdə son nəticədə öz bəhrələrini verməkdədir.Yəni, dünyanın güc mərkəzləri Azərbaycanla hesablaşmağa başlayıblar. Artıq anlayırlar ki, Azərbaycan 25 il bundan qabaqkı xalq deyil, indi bizim kifayət qədər güclü ordumuz var. Son hərbi nümayişdə bunu subüt etdi. Bizim heç kimə ehtiyacımız yoxdu, sadəcə torpaqlarımızın qayıtmasını, haqqın bərqərar olmasını istəyirik! Rusiyanın vasitəçiliyinə qglincə, onların ermənilərə təsir mexanizmi güclüdür, bu vəziyyət əbədi davam edə bilməz. Rus ictimaiyyəti başa düşür ki, Azərbaycanla hesablaşmaq lazımdır. Çünki zərər çəkmiş, torpaqları işğal olunan, milyonlarla qaçqın köçkünü olan bizik. Vəziyyətin bu cür davam edəcəyi təqdirdə Azərbaycan ərazi bütövlüyünü heç bir vasitəçi olmadan öz daxili imkanları hesabına bərpa edəcək. Son zamanlar vasitəçilik çağırışlarının aktivləşməsini bununla izah edərdim".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...