Baxtadzenin Bakı səfəri: Tbilisi ermənilərdən üz döndərir? - (ŞƏRH)

Baxtadzenin Bakı səfəri:

Avqustun 30-da Gürcüstanın baş naziri Mamuka Baxtadze Azərbaycana səfər edib. Gürcü baş nazir səfər zamanı Prezident İlham Əliyev və digər rəsmilərlə görüşüblər keçirib, görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxtadzenin baş nazir postunda Bakıya ilk səfərini AzVision.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, hazırda iki ölkə arasındakı iqtisadi münasibətlər yüksək səviyyədədir. Politoloq hesab edir ki, səfər ölkələrimiz üçün uğurlu olacaq.

“Mamuka Baxtadze baş nazir olmamışdan əvvəl “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri idi. O, bu vəzifədə bir neçə dəfə Bakıda olub. Yəni Mamuka Baxtadzenin bundan əvvəl də Azərbaycanla əməkdaşlıqda böyük təcrübəsi var. İki ölkə arasındakı iqtisadi münasibətlər yüksək səviyyədədir. Buna misal olaraq xeyli birgə layihəni göstərmək olar. Üçtərəfli formatda (Gürcüstan-Azərbaycan-Türkiyə) da əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Gürcüstan iqtisadiyyatının əsas investorlarındandır. Azərbaycan uzun illərdir Gürcüstana xarici sərmayə qoyan ölkələr arasında birinci yerdədir. Buna həm də Gürcüstandakı münbit investisiya mühiti şərait yaradır. Buna baxmayaraq, iki ölkə arasındakı iqtisadi və ticarət əməkdaşlığını daha da artırmağa potensial var. Prezident İlham Əliyevin Mamuka Baxtadze ilə görüşdə söylədiyi “Hesab edirəm ki, indiki dövrdə biz ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə səylər göstərməliyik” fikrirləri də bundan xəbər verir”.

Politoloq qeyd edib ki, Mamuka Baxtadze da iki ölkə arasındakı əməkdaşlıqdan məmnundur: “O, bildirdi ki, “Bizim birlikdə həyata keçirdiyimiz regional layihələr beynəlxalq əməkdaşlıq və region üçün həqiqətən çox faydalıdır. Bizim regional əməkdaşlıq çərçivəsində nəqliyyat, energetika və digər sahələrdə böyük uğurlarımız var”. Buna baxmayaraq, Mamuka Baxtadze də ölkə başçısı İlham Əliyev kimi əməkdaşlığı artırmaq üçün potensialın olduğunu düşünür. O, çıxışında vurğuladı ki, potensial böyükdür və ümid edir ki, ikitərəfli əlaqələr nəticəsində və ikitərəfli layihələr həyata keçirməklə bu potensialı daha da yaxşı inkişaf etdirmək mümkündür”.

E.Şahinoğlunun fikrincə, Gürcüstanın baş nazirinin Azərbaycana səfərinin iki məqsədi vardı: “Birinci məqsəd əməkdaşlıqdakı uğurları bir daha qeyd etmək idi. Bunları hər dəfə qeyd etmək həm Azərbaycan, həm də Gürcüstan üçün faydalıdır. İkinci məqsəd əməkdaşlığın artırılması istiqamətlərini müəyyənləşdirmək idi. Məsələn, əsas hədəflərdən biri ticarət mübadiləsini yaxın iki ildə 50-60 faiz artırmaqdır”.

Politoloq vurğulayıb ki, Gürcüstan Azərbaycanla iqtisadi əməkdaşlığı artırarkən, Ermənistanla iqtisadi münasibətlərdə irəriləyiş yoxdur: “Məsələn, Rusiya ilə Ermənistanı Gürcüstan üzərindən birləşdirən nəqliyyat xəttində problemlər həll olunmamış qalır. Dağlardan keçən yol tez-tez bağlanır. Həmin yolun daima işlək qalması nə Rusiyanın, nə də Gürcüstanın marağındadır. Bundan əziyyət çəkən Ermənistandır. Ancaq Ermənistanın maliyyə vəsaiti yoxdur ki, həmin yolun işlək vəziyyətdə qalmasını təmin edə bilsin. Digər tərəfdən Gürcüstanda 15 sentyabrda qüvvəyə minəcək qərara görə taxılın və un məhsullarının Ermənistana quru yolla çatdırılması çətinləşəcək. Poti limanı üzərindən daşınan yüklərin hər tonuna görə əlavə 50 dollar ödəmək tələb olunacaq. Gürcüstan hökuməti taxılın və un məhsullarının dəmir yolu və dəniz limanı ilə daşınmasını tələb edir. Ermənistan artan qiymətlərin ona şamil olunmamasını istəyir. İrəvan Tbilisi ilə anlaşacağına ümid edir. Ancaq əgər anlaşma baş tutmazsa və daşınma qiymətləri artarsa, bu avtomatik olaraq Ermənistanda çörəyin və un məhsullarının qiymətlərinin artımına səbəb olacaq. Ermənistana çörəyin qiymətlərinin artımına həm də Rusiya taxılının satış qiymətinin artımı təsir edir. Gürcüstan hökumətinin Ermənistana güzəştə gedəcəyi mümkündür. Çünki Gürcüstanın da marağındadır ki, baş nazir Nikol Paşinyanın mövqeləri zəifləməsin. Ancaq bütün hallarda Nikol Paşinyan əlindəki resurslarla Ermənistanla Gürcüstan arasındakı iqtisadi əlaqələrin inkişafına nail ola bilməyəcək. Çünki bunun üçün Ermənistanın maliyyə resursları yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
720 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...