Bölgənin iki ölkəsi qaynayır, Azərbaycanda səssizlikdir - səbəb sabitlik, yoxsa...

Bölgənin iki ölkəsi qaynayır, Azərbaycanda səssizlikdir -

Son illərdə Cənubi Qafqazın üç ölkəsindən biri olan Azərbaycanın siyasi həyatında sanki bir susqunluq hökm sürür. Doğrudur, bu ilin aprelindəki prezident seçkiləri ərəfəsində siyasətdə bir canlanma müşahidə olundu. Lakin seçkilərdən dərhal sonra bu canlanmadan əsər-əlamət qalmadı.

Əvəzində düşmən Ermənistanda ciddi siyasi proseslər başladı və sonunda inqilab baş verdi. İnqilabdan sonra bu günə qədər də proseslər səngimək bilmir və artıq təcavüzkar ölkə gələn ay keçiriləcək parlament seçkilərinə hazırlaşır. Gürcüstanda da siyasi proseslərdə aktivliyin olduğunu söyləmək mümkündür. Xüsusilə, oktyabrın 28-də keçirilən prezident seçkisindən öncə və bu günlərdə aktivlik pik həddə çatıb. Qonşu ölkə gələn bu ayın sonlarında keçiriləcək prezident seçkilərinin ikinci turuna doğru gedir.

Ekspertlər Azərbaycan siyasətindəki bu səssizliyi müxtəlif səbəblərlə izah edirlər. İlk növbədə ölkəmizdə sabitliyin hökm sürməsi burada başlıca səbəb kimi göstərilir. Digər tərəfdən, ölkə müxalifətinin passiv olması, hakimiyyətlə ciddi rəqabət apara bilməməsi də səbəblər sırasında qeyd olunur.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı siyasətdəki sükuta bu cür izah elədi: “Bunun səbəblərini daha çox ölkə daxilində axtarmaq lazımdır. Məncə, bu, başlıca səbəb ulu öndərimiz Heydər Əliyevin fundamental prinsiplərinə söykənən, Azərbaycan xalqının maraqlarına xidmət edən siyasətinin nəticəsidir. Qonşu ölkələrdə siyasi proseslərdə aktivlik, belə demək mümkünsə, özünü yuxarı şkalada ona görə göstərir ki, hakimiyyətlə xalq arasında çox böyük problemlər var. Xalqın mütləq əksəriyyətinin həmin ölkələrin iqtidarları ilə aralarında olan gərginliyi bu cür qabarmalara səbəb olur. Azərbaycanda belə vəziyyət yoxdur. Buna səbəb də ölkə prezidentinin xalqımızın sosial sifarişlərini öncələyib, ona zamanında reaksiya verməsidir. Xalqımızın arzu etdiklərini bütövlükdə cənab prezident reallaşdırır. Təbii ki, bizim də ölkə olaraq çatışmayan cəhətlərimiz var. Xalqın görmək istədiklərinin ölkə başçısı tərəfindən həyata keçirilməsi, eləcə də, bu siyasətin əsasən peşəkar komanda tərəfindən ideyalara, dövlətçiliyə sadiq insanlar vasitəsilə reallaşdırılması belə bir vəziyyətin yaranmasında başlıca rol oynayır. Komandada vahidlik var, kapitanı kifayət qədər güclüdür, çevik siyasəti reallaşdıran dövlət başçısıdır. Hər hansı bir xoşagəlməz hallar, çatlar baş verirsə, etimadı itirmək halları yaranırsa, cənab prezident dərhal reaksiya verir - istər nazir, istər komitə sədri, istərsə də, hansısa vəzifə sahibi olursa olsun.

Bu da ölkə miqyasında komandanın qarşısına qoyduğu vəzifələri yerinə yetirməsini təmin edən başlıca amillərdən biridir. Bütün bunlar ölkədə həm də sabitliyi təmin edir. Bu da xalqla prezidentin həmrəy olduğunu göstərir, eyni zamanda, xalq tərəfindən prezidentin siyasətinin dəstəklənməsi, müdafiə olunması deməkdir. Bunlar mövcuddursa, demək xalq küçələrə çıxmaq əvəzinə evində oturub, televizora baxaraq Allahın verdiyi nemətlərdən dadaraq öz həyatını yaşayır. Əgər cəmiyyətdə böyük problemlər olursa, insanlar arzu-istəklərini reallaşdıra bilmirlərsə, o zaman insanlar öz problemlərini həll etmək üçün küçələrə axışır, narazılıqlarını bu və ya digər şəkildə ifadə edir, hakimiyyətə qarşı aqressiv münasibətini ortaya qoyur. Bunların heç bir ölkəmizdə mövcud deyil. Bu da ölkə prezidentinin xalqın maraqlarına uyğun, dövlətçiliyimizə sadiq siyasət yürütməsi ilə bağlıdır. Səbəbləri burada axtarmaq lazımdır. Mövcud duruma susqunluq deməzdim. Buna anlaşıqlı yaşam tərzi deyərdim”.

Deputat iqtidar daxilindəki “5-ci kolon”un narahatçılığından da söz açdı: “Bu durumun həmin qüvvələrə sərf edib-etmədiyini deyə bilmərəm. Amma bu bir reallıqdır ki, ölkəni daxildən qarışdırmaq istəyən qüvvələrə sabitlik sərf etmir. Bu baxımdan onlar narahatdırlar ki, ölkədə nə üçün belə bir sakitlik mövcuddur. Belə insanların əksəriyyəti ”5-ci kolon"un üzvləridir. Onlar həm də kifayət qədər böyük dərəcədə ambisiyaları olan insanlardır. Tutmuş olduqları mövqelərlə kifayətlənmirlər, daha yuxarıya qalxmaq kimi ambisiyalarla yaşayırlar. Onlar Azərbaycanda ciddi qüvvəyə, təsirə malik deyillər. Bu cür insanların arxasında güclü qüvvə, sosial dayaq olmalıdır. Bu da Azərbaycan reallığında mümkün deyil. Onların üzərində daha güclü, çevik, iradəli, intellektual, böyük, siyasi proseslərdən düzgün nəticə çıxarmağı özündə ehtiva edən dövlət başçısı var. Həmin şəxsə qarşı müqavimət göstərmək o qüvvələrin tamamilə məhvinə, sıradan çıxmasına bərabər bir şeydir. Azərbaycan xalqı ilə cənab prezidentin sarsılmaz vəhdəti, birliyi hər şeyi həll edir. Bu birlik bütün uğurlarımızın, sabitliyimizin təminatçısıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
663 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...