Bakının İrəvana seçki fürsəti - işğalçının kəmfürsətliyi

Bakının İrəvana seçki fürsəti -

Azərbaycan düşmən ölkə daxilindəki proseslərə dözümlü yanaşırkən İrəvan sui-istifadəyə meyllənir; politoloq: “İşğal altındakı ərazilərdə başlanan təlimlər Düşənbə anlaşmasının əhəmiyyətini heç edir...”

Azərbaycan işğalçı Ermənistana sülhə gəlmək üçün daha bir şans verib. Rəsmi Bakı Qarabağ cəbhəsində atəşkəsi saxlamaqla düşmən ölkədə növbədənkənar parlament seçkilərin baş tutmasına imkan yaradıb. Azərbaycan rəhbərliyi ümid edir ki, seçkilərdən sonra Ermənistanın yeni hakimiyyəti seçki bəhanəsini də kənara qoyub Dağlıq Qarabağ məsələsində realist, konstruktiv mövqe tutmağa köklənəcək. Son olaraq, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bunu mediaya açıqlamasında bəyan edib.

Bakı həmçinin ümid ifadə edib ki, İrəvan separatçı rejimi birbaşa danışıqlara qoşmaq kimi əsassız və perspektivsiz cəhdlərdən əl çəkəcək. Əks halda, müharibəni önləmək mümkün olmayacaq. Bunu da rəsmi Bakı artıq İrəvanın diqqətinə çatdırıb.

*****

Bir sözlə, seçkilərdən sonra erməni rəhbər Nikol Paşinyan problemdən yaxasını kənara çəkə bilməyəcək. Çünki Bakının atəşkəsə sadiqliyi heç də işğal rejimi ilə əbədi barışmaq anlamına gəlmir. Atəşkəs məqsəd, hədəf ola bilməz. Bu, yalnız böyük sülh yolunda vasitədir. Əfsus ki, 24 ildən çoxdur bu vasitə nizamlama prosesində hansısa ciddi, müsbət dönüşə gətirməyib. Səbəb də işğalçı tərəfin öz gizli-açıq himayədarlarına arxalanaraq, Dağlıq Qarabağ məsələsinə beynəlxalq hüquqa zidd, maksimalist mövqe tutmasıdır. Odur ki, Azərbaycan diplomatiyasının bir işi də beynəlxalq birliyin diqqətini işğalçının bu destruktiv davranışına yönəltməkdir.

Bu günlərdə Bakıda səfərdə olan Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşlərdə də müzakirələrin əsas motivi bu olub. Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Qarabağ məsələsi də diqqətdə saxlanılıb. Bir daha ölkəmizin ədalətli mövqeyi Avropa rəsmilərinin nəzərinə çatdırılıb.

Nümayəndə heyəti Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla da görüşüb. Nazirlikdən musavat.com-a verilən məlumata görə, cəbhə xəttindəki hazırkı vəziyyətə dair fikir mübadiləsinin aparıldığı görüşdə general-polkovnik Z.Həsənov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını bir daha xatırladıb.

Nazir vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir. Münaqişənin tezliklə həlli üçün Ermənistan beynəlxalq hüququn normalarına və prinsiplərinə əməl edərək ordusunun bölmələrini torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarmalıdır.

T.Klaar da öz növbəsində, Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edərək bildirib ki, Avropa İttifaqı bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır.

*****

Lakin Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın bu günlərdə yenidən işğal altındakı Dağlıq Qarabağa gedərək, orada müşavirə keçirməsi, səngərdə işğalçı ordunun əsgərləri və Ermənistanın güc strukturları rəhbərləri ilə selfi çəkərək, şəklin altından “Bu - bizik, Ermənistan” yazması onu göstərir ki, rəsmi İrəvan təxribatlarını davam etdirir və sülh yoluna gəlməkdən hələ uzaqdır. Bakının verdiyi seçki fürsətindən də belə görünür ki, qarşı tərəf kəmfürsətliklə istifadə edir. Bunun daha bir bariz nümunəsi Paşinyan Qarabağı tərk edən kimi - noyabrın 6-da işğal altındakı ərazilərimizdə 4 günlük hərbi təlimlərin başlanmasıdır.

“Erməni tərəfinin bu təlimləri keçirməsi onu deməyə əsas verir ki, Düşənbədə atəşkəs rejiminə əməl edilməsi ilə bağlı əldə edilmiş razılaşma öz qüvvəsini itirir”. Bu sözləri axar.az-a Qarabağda separatçı hərbi birləşmələrin hərbi-taktiki təlimlərə başlamasına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O vurğulayıb ki, erməni tərəfinin hərbi təlimləri davam etdirməsi onların müharibəyə hazırlaşması anlamına gəlir.

“Təlimin məqsədləri haqqında müxtəlif ibarələr işlədilməsinə baxmayaraq, görünən odur ki, onlar müdafiə müharibəsinə hazırlaşır. Bu da onu deməyə əsas verir ki, ermənilər Azərbaycan Ordusunun gücünü, qüvvətini yaxşı bilir. Ona görə də Dağlıq Qarabağı, işğal etdikləri əraziləri müdafiə etmək məqsədi ilə bu təlimi keçirirlər. Keçirilən bu təlimlər Düşənbə razılaşmasının ruhuna ziddir. Erməni tərəfi bu razılaşmanı əslində çoxdan pozub. Amma onların hərbi təlimlərə başlaması artıq Düşənbə razılaşmasının öz əhəmiyyətini itirməsi anlamına gəlir”, - deyə politoloq qeyd edib.

Sabiq dövlət müşaviri vurğulayıb ki, erməni tərəfi hər zamankı ritorikasını yenə təkrarlayırı: “Onların yeni baş naziri Nikol Paşinyan atəşkəs rejiminin qorunması ilə bağlı Azərbaycan tərəfinə yalvarırdı. Amma görünən odur ki, o öz bildiyindən də əl çəkmir”.

Politoloqa görə, cəbhədə vəziyyət Düşənbə görüşünə qədər olan vəziyyətə qayıdacaq: “Azərbaycan tərəfi də yəqin ki, bunları nəzərə alacaq və qarşı tərəfin hazırlığını pozan, nəticələrini aradan qaldırmaq istiqamətində döyüş hazırlığı təlimləri keçirəcək. Ola bilsin ki, Azərbaycan tərəfi payız-qış mövsümü ərəfəsində yeni, daha irimiqyaslı təlimlərə start versin. Biz heç vaxt erməni ordusunun üstünlük qazanmasına imkan verməyəcəyik. Bunun üçün ölkəmizin hər cür resursları var. Ordumuz onsuz da yüksək səviyyədə təlimlər keçirir və bu, davam edəcək”.

*****

Şübhə yox ki, düşmən tərəfdə özünü büruzə verən hərbi xarakterli bu hərəkətlilik müharibədən yana yaşanan xofla yanaşı, həm də qarşıdakı parlament seçkiləri ilə bağlıdır. Belə görünür ki, Paşinyan sələfləri kimi seçki dövründə özünə güclü PR yaratmaq üçün “Qarabağ kartı”ndan da istifadə eləməyə çalışır. Ancaq bu, həm də “odla oynamaq” deməkdir. Çünki Azərbaycanın daha bir lokal hərbi qələbəsi Nikol Paşinyanın seçki taktikasını, onun hakimiyyətdə möhkəmlənmək planlarını alt-üst edə bilər...


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
600 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...