Sahibə Qafarova: Danışıqlar bundan sonra uzun illər davam edə bilməz

Sahibə Qafarova: Danışıqlar bundan sonra uzun illər davam edə bilməz

Azərbaycanın istəyi ondan ibarətdir ki, sülh danışıqları nəticəyönümlü olsun. Bu danışıqlar bundan sonra uzun illər davam edə bilməz. Yəni, danışıqlar xətrinə danışıqlar aparmaq qəbul oluna bilməz. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz boşaltmalıdır. Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü və “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova deyib.

Millət vəkilinin sözlərinə görə, ölkə prezidenti İlham Əliyev də bugünlərdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara toxunaraq, bir daha bəyan edib ki, status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır.

“Tam haqlı mövqedir.

Yəni, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Ermənistan tərəfindən ifadə olunan danışıqların formatı ilə bağlı təxribat xarakterli fikirlər qəbuledilməzdir və Ermənistanın bu cür danışıqları pozmağa yönəlmiş cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən də rədd edilir.

Bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri də bəyanat yaydılar və faktiki olaraq Ermənistana açıq mesaj göndərdilər ki, onların danışıqlar formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir. Ondan bir neçə gün əvvəl Avropa İttifaqının yüksək rütbəli rəsmiləri eyni bəyanatla çıxış etdilər.

Danışıqlar formatı uzun illər ərzində işlənib hazırlanıb və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir və bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə düşür.

Əlbəttə, Azərbaycanın istəyi ondan ibarətdir ki, danışıqlar nəticəyönümlü olsun. Bu danışıqlar bundan sonra uzun illər davam edə bilməz.

Beynəlxalq hüququn tələbləri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə arasındakı balans BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında çox aydın şəkildə izah olunub.

Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə zidd olmamalıdır.

Ona görə də münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”, - deyə S.Qafarova sözlərinə əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...