Zərdüşt Əlizadə liderləri ittiham etdi, REAL-ı yeni müxalifət adlandırdı

Zərdüşt Əlizadə liderləri ittiham etdi,
Sərdar Cəlaloğlu: “Söyüşü, küçə ritorikasını siyasətə Əlizadə qardaşları gətirib”. Politoloq Zərdüşt Əlizadənin paralel.az-a verdiyi açıqlamalar geniş müzakirələrə səbəb olub. Politoloq köhnə müxalifəti aşağılayıb.

Sitat: “Köhnə müxalifət nümayəndələrində siyasi mədəniyyət çox aşağı səviyyədədir. Gələcəyi görə bilmirlər, xalqa verə biləcəkləri heç nə yoxdur”.

O düşünür ki, 1988-1993-cü illər müxalifətin ən yüksək zirvəsi idi: “Bu dövrdən indiyə qədər heç bir inkişafları olmayıb. Onsuz da o zamanlar da dövrə uyğunlaşa bilmirdilər. İndi isə tamamilə geridə qalmış addımlar atırlar. Azərbaycanın siyasi səhnəsində REAL-ın üzvlərindən, kişi və qadınlarından başqa işıqlı, savadlı, xalqa düzgün yol göstərən təşkilat görmürəm. Azərbaycan Xalq Hərəkatı adlanan təşkilatda da gərginliklər yaşanır. Onlar kimdirlər, heç adlarını da çəkmək istəmirəm. Bizim nə müsibətlərimiz, nə bəlalarımız var, onlara görə başımıza gəlib. Azərbaycan xalqına ziyan vurublar, böyük xəyanətlər ediblər”.

Z.Əlizadə bildirib ki, AXCP və REAL üzvləri arasındakı gərginliyi görəndə narahat olub: “REAL üzvlərinə məsləhət gördüm ki, onlara bulaşmayın. AXCP, Müsavat, Xalq Hərəkatı - onlara baş qoşmaq lazım deyil. Onsuz da xalq arasında hörmətləri də yoxdur. AXCP üzvləri nüfuzlarını bir qədər yüksəltmək üçün REAL-çılarla münaqişə yaradırlar. Əslində onlar çox aşağı səviyyədə adamlardır. Xalq Cəbhəsi dövründən kənd intriqası səviyyəsində didişmələr baş verir. Əbülfəz Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn - bunlar məğlub olublar. Kimdirlər ki, onlara baş qoşulsun”.

Politoloq REAL sıralarında təmsil olunmasa da, bu partiyanı dəstəklədiyini də bildirib.

Köhnə müxalifətin nümayəndələrindən sayılan ADP sədri Sərdar Cəlaloğlu Z.Əlizadəyə sərt cavab verdi: “Müxalifətdə olduqları vaxt Zərdüşt və Araz Əlizadə qardaşları qeyri-siyasi mədəniyyət nümayiş etdiriblər. Söyüşü, küçə ritorikasını siyasətə onlar gətiriblər. Onlar ancaq Azərbaycan dövlətinin və müstəqilliyin əleyhinə aktiv fəaliyyət göstəriblər. Ölkəmizin suverenliyi, müstəqilliyi, demokratiya yolunda heç bir xidmətləri olmayıb. Əgər Zərdüşt Əlizadə hesab edirsə ki, indiyə qədər ən güclü müxalifət Əbülfəz Elçibəyə qarşı olan müxalifət olub, o zaman sual olunur: Elçibəy hakimiyyətdən gedəndən sonra həmin güclü müxalifət necə oldu? O vaxt müxalifətdə Araz Əlizadənin sosial demokratları, Yeni Azərbaycan Partiyası və AMİP idi. Onun deməyindən belə çıxır ki, Azərbaycanda siyasi mədəniyyət nümayiş etdirən bu qüvvələr olub. Bu qüvvələrlə bağlı hər şey məlumdur. Zərdüşt Əlizadə çox qərəzli adamdır. Müstəqilliyimizə, xalq hərəkatına və demokratik milli qüvvələrə qarşı olub. Milli düşüncədən çox-çox uzaq, milli dəyərlərə yad, başqasının gözü ilə Azərbaycana baxan bir şəxsdir. Onun üçün dəyərlər yoxdur. Xalqın dəstəklədiyi qüvvələr siyasi mədəniyyət nümayiş etdirənlərdir. Əgər o, bu qüvvələrin siyasi mədəniyyətini aşağı hesab edirsə, onda belə çıxır ki, xalq haqqında da o fikri deyir. Əslində onun dediklərinə cavab verməyimizin mənası yoxdur. O, ciddi bir fiqur da deyil. REAL-la bağlı dediklərinə gəlincə, sosial demokratların Azərbaycanla bağlı apardıqları siyasətlə REAL-çıların siyasəti arasında heç bir fərq yoxdur.

Sadəcə, ad, maska dəyişilib. Dövlətçiliyə, milli dəyərlərə münasibət hər iki qüvvədə eyni olub. Biri Rusiyaya bağlıdırsa, digəri öz aləmində Amerikaya bağlıdır. Bunlar da antimilli fəaliyyətlərdir. Dövlət, cəmiyyət üçün heç bir yaxşı şey vəd etmir. Bunların bir-birini dəstəkləmələri təbiidir. Hər iki qüvvəni bir araya gətirən bir məsələ var, o da milli mənafelərə zidd mövqedə durmalarıdır. Kor günəşi görmürsə, o demək deyil ki, günəş yoxdur. Bunun problemi Zərdüşt Əlizadənin görmə qabiliyyətindədir. Əvvəla, REAL-ın kişi və qadın deyilən tanınmış üzvlərini görmürəm. Hər halda, mən də bu siyasətin içərisindəyəm. Kimi deyir o zaman? Natiq Cəfərli, Erkin Qədirli və 1-2 nəfər tanınan REAL-çı Azərbaycan siyasi həyatında yetişib, formalaşıb və sonra da REAL-da birləşiblər. Zərdüşt Əlizadədə milli duyğular olmadığı üçün reallıqları görə bilməz. O, nə ekspert, nə də millətin ciddiyə aldığı fiqurdur. Onun sözlərini eşidəndə adam infarkt ola bilər. Açığı, mənasız fikirlərə münasibət bildirməyin özü də mənasız bir işdir. O, REAL-ı müxalifət görürsə görsün. Görmə qabiliyyətinə görə kimisə qınaya bilmərik. Zərdüşt Əlizadəni nə ekspert, nə də siyasətçi kimi görürəm. Sözlərinin heç biri səmimi deyil. Çünki ən qərəzli, siyasi mədəniyyət bir yana, ümumiyyətlə, siyasətdən uzaq bir adamdır. Onun heç özü bilmir ki, siyasət nə olan şeydir. Ona görə də boş-boş danışır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...