Ermənistanda inqilabın ildönümü: panika və çarəsizlik...

Ermənistanda inqilabın ildönümü:

Köçəryan-Sərkisyan rejiminin çöküşündən 1 il ötdü; düşmən ölkənin xalqı isə yavaş-yavaş eyforiyadan çıxıb məyusluq zolağına girir; erməni portalından inqilabçı baş nazirə ittihamlar; “Onun ”sehrli çubuğ"u yox imiş..."
Dünən Ermənistandakı xunta rejiminin çöküşünün 1 ili tamamlandı. Məhz 2018-ci il aprelin 23-də Qarabağ klanının 20 illik hakimiyyətinə rəsmən son qoyuldu. Özünün hazırladığı yeni konstitusiya əsasında cəmi iki gün baş nazirlik edən Serj Sərkisyan Nikol Paşinyanın idarə elədiyi narazı kütlənin təzyiq altında istefaya getdi. Mayın 8-də isə Paşinyan yenə məhz kütlənin təzyiqi ilə Sərkisyan tərəfdarlarının çoxluqda olduğu parlament tərəfindən baş nazir seçildi.


Bir il öncə Ermənistan korrupsioner-kriminal rejimdən qurtuldu. Ermənilər bunu toy-bayram kimi qarşıladılar. Çünki kriminal oliqarxiyanı deyil, sadə xalqı təmsil edən Nikolun onları “ağ gün”ə çıxaracağına fantastik inamları var idi. Ancaq işğalçı ölkə Qarabağ klanından qurtulsa da, ötən 1 ildə ağır sosial-iqtisadi problemlərin heç birindən, o sırada kütləvi işsizlikdən və yoxsulluqdan, ölkədən davam edən köçdən yaxa qurtara bilmədi. Problemlərin problemi sayılan Qarabağ məsələsi, hər an qızışa biləcək müharibə təhlükəsi də öz yerində.

Bu səbəbdən Ermənistanda artıq panika qarışıq, dərin məyusluq dönəmi başladığını söyləmək olar. İnqilab sonrası eyforiya xeyli dərəcədə arxada qalıb. Bunu erməni toplumundakı əhvaldan və bir də vaxtilə Paşinyanı qızğın müdafiə eləmiş yerli mediada artan tənqidi yazılardan aydın şəkildə görmək mümkündür. Azərbaycan üçün də aktuallığını nəzərə alıb onlardan birini təqdim edirik.

*****

“Düz 1 il öncə - aprelin 23-də ”aşağıdan" güclü zərbələr nəticəsində nifrət mənbəyi olan Sərkisyan rejimi çökdü. Məhz aprelin 23-ünü Ermənistanda “məxməri inqlab”ın qələbə günü hesab edilə bilər. Biz bu rejimin çöküşünə nə qədər böyük ümidlər, hakimiyyətə yeni siyasi qüvvələrin gəlişi ilə bağlı nə qədər xoş arzular qurmuşduq. Bu gün artıq sakit vicdanla ötən ilin yekununu eləmək olar: o anlamda ki, bizim hakimiyyət xalqın ümidlərini doğrulda bildimi? Əfsus, nə qədər kədərli olsa da, etiraf olunmalıdır ki, Paşinayan çox az şey edə bildi".

“Yeni Müsavat”ın məlumatına görə, bu sözlər armenianreport.com portalında Tevos Arşakyanın müəllifi olduğu “Sərkisyan getdi, Paşinyan gəldi, Ermənistanın problemləri qaldı” sərlövhəli məqaləsində yer alıb.

Ermənistan toplumunda Paşinyan iqtidarına münasibətdə hökm sürən ovqatı ifadə edən müəllif daha sonra yazır: “Daxili siyasətdən başlayaq. Hakimiyyətə gələn kimi Paşinyan qollarını çırmayıb köhnə hakimiyyət və onun ən korrupsiyalaşmış adamları ilə mübarizəyə başladı. Bir çoxunu həbsə atdırdı. Ancaq nə qədər qəribə də olsa, köhnə rejimlə mübarizədə Paşinyan qəfildən yarı-yolda dayandı. Doğrudur, Robert Köçəryan (eks-prezident - red.) və Manvel Qriqoryan (keçmiş ”səhra komandiri" - red.) həbs edildilər. Ancaq Sərkisyanlar ailəsi və dəstəsi azadlıqda qaldı. Hətta Sərkisyanın “pul kisəsi” - Saşik Sərkayana oğurladığı pullardan 20 milyon dollar büdcəyə ödədikdən sonra rahatca xaricə getməyə icazə verildi. Gülməlidir? Əlbəttə. Çünki Sərkisyan ailəsinin varidatı bir neçə milyard dollar həcmində qiymətləndirilir. Xalqın qanını soran və Köçəryan-Sərkisayn rejiminə can-başla qulluq eləmiş bir çox digər oliqarxlar da azadlıqda qaldılar".

Məqalədə Paşinyanın iqtisadi sferada da öyünüləsi işlərinin olmadığı bildirilir: “Təəssüf ki, Paşinyan hökuməti iqtisadiyyatda da uğura imza ata bilmədi. Korrupsiyanın miqyası azaldı, ancaq o, əsas problemlərdən biri olaraq qalır. Ölkəyə vəd edilən xarici sərmayələr də gəlib çıxmadı. Onlarsız isə nə köklü islahat, nə də iqtisadi dirçəliş mümkündür. Yeni iş yerləri əvəzinə, büdcə islahatları və optimallaşmanın nəticəsi kimi, minlərlə yeni işsiz peyda oldu. Ölkənin xarici borcları artmaqda davam edir. Qısası, məlum oldu ki, Nikol Paşnyanın korrupsiya, miqrasiya, yoxsulluq, işsizlik kimi problemlərin həlli üçün ”sehrli çubuğu" yox imiş".

Müəllifə görə, xarici siyasət sahəsində də analoji vəziyyətdir: “Paşinyan özünün açıq qərbçi-müxalifətçi obrazına baxmayaraq, hakimiyyətə gələndən sonra nəinki Ermənistanı Rusiya təsirindən qurtardı, hətta əksinə, ölkənin Moskvadan asılılığını gücləndirdi. Bu zaman Ermənistan bir addım belə Qərbə yaxınlaşmadı, hərgah, Qərb inqilab sonrası İrəvandan müəyyən impulslar gözləyirdi. İndi paradoksal vəziyyət yaranıb: Kreml hələ də Paşinyana inamsız nəzərlə baxır və onun qərbçi olmasından şübhələnir, Qərb isə onun simasında Rusiya-Ermənistan əlaqələrinin dərinləşməsi tərəfdarını görür. Yəni Nikol Vovayeviç Qərb üçün yadlaşsa da, Rusiyaya da doğma ola bilməyib. Ən betəri odur ki, o, nə Qərbdəki, nə də Rusiyadakı erməni lobbisi ilə dialoq qura bilib. Onların heç biri ilə dialoq alınmayıb. ”Məxməri inqilab" adlı körpənin 1 yaşının acı yekunu budur".

Məqalənin sonunda erməni baş nazirə xəbərdarlıq edilir: “Paşinyan unutmamalıdır ki, onun yüksək reytinqi əbədi deyil. Hər halda, fakt faktlığında qalır ki, onun hakimiyyəti dövründə yaxşılaşma olduqca cüzidir və çətin ki, bunu onun aktivinə yazmaq mümkün olsun”.

*****

Erməni siyasi şərhçinin inqilabçı baş nazir haqda sərt tənqidi fikirlərinə yalnız onu əlavə eləmək qalır ki, Paşinyan bu bir ildə problemlərin problemi olan Dağlıq Qarabağ məsələsində, ümumiyyətlə, əlini “ağdan qaraya” vurmadı. Yaxud vurmaq istəmədi, bundan ehtiyatlandı. Halbuki, erməni xalqının irili-xırdalı bütün dərdlərinin açarı istisnasız olaraq, Qarabağ probleminin həllinə dirənir. Nikol Paşiynayn məhz ondan başlamalı idi.

Hələ gec deyil...

“Yeni Müsavat”ın analitik xidməti

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
54 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...