Siyavuş Novruzov Əli Əlirzayevin ittihamına cavab verdi: "Seçici onu istəmədi”

Siyavuş Novruzov Əli Əlirzayevin ittihamına cavab verdi:


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov YAP Səbail rayon təşkilatı Şurasının üzvü Əli Əlirzayevin ittihamlarına cavab verib. S. Novruzov APA-ya açıqlamasında bildirib ki, partiya bir neçə dəfə onun namizədliyini dəstəkləyib, sonuncu dəfə də dəstəkləməsinə baxmayaraq, seçicilər onu seçməyib, istəməyiblər.

S. Novruzov qeyd edib ki, Ə. Əlirzayev YAP-ın qurucularındandır, “91-lər”dəndir və partiyanın qurulmasından xidməti olub: “Hətta müəyyən müddət YAP Siyasi Şurasının üzvü olub. YAP tərəfindən 1995-ci ildə proporsional qaydada Milli Məclisə seçkilərə namizədliyi irəli sürülüb və deputat olub. Həmçinin 2000-ci ildə yenə partiya tərəfindən Naxçıvandan namizədliyi irəli sürülüb və yenə deputat seçilib. 2005-ci ildə parlament seçkilərində yenə də YAP tərəfindən Xətai rayonundan namizədliyi irəli sürülüb. O vaxt partiya tərəfindən Xətai rayonundakı dairələrdən 4 namizəd irəli sürülmüşdü. Səməd Seyidov, Hüseynbala Mirələmov, Əli Əlirzayev və bir də xatırlamadığım bir nəfər idi. Əli Əlirzayevin namizədliyi 34 saylı seçki dairəsindən irəli sürülmüşdü. Elə oldu ki, seçkilərdə seçicilər ona yox, Nəsib Nəsibliyə səs verdilər. Həmin vaxt Xətaidəki dairələrin birindən Səməd Seyidov, birindən Hüseynbala Mirələmov, birindən İqbal Ağazadə, birindən də Nəsib Nəsibli deputat seçildi. 2010-cu ildə isə Əli Əlirzayev öz təşəbbüsü ilə yenə o dairədən namizədliyini irəli sürdü. Həmin vaxt isə oradan rəsmi qaydada YAP Gülər Əhmədovanın namizədliyini irəli sürmüşdü”.

S. Novruzov deyib ki, YAP həmişə öz qurucularına diqqət göstərir və lazımı dəstəyi verir: “2005-ci ildə YAP lazımı dəstəyi göstərdi, amma Əli Əlirzayev seçilmədi. Dünya praktikasında da belə təcrübə var ki, bir namizəd bir dairədən seçilmirsə, onun namizədliyi təkrar irəli sürülmür. Artıq burda seçicilərin münasibətindən söhbət gedir, yəni onu seçmədilər. Ona görə də burada partiyanı günahlandırmaq düzgün deyil. YAP araşdırma aparır, kimin seçicilər tərəfindən şansı böyükdürsə, onun namizədliyini dəstəkləyir. Ola bilər kiminsə titulu böyük olsun, amma seçici istəmir də onu... Seçicini məcbur eləmək olmaz axı. İkinci tərəfdən, hər bir vətəndaşın konstitusion hüququdur ki, namizədliyini irəli sürsün. Onun da namizədliyini vermək haqqı var və versin. Bundan başqa, YAP hələ siyahısını açıqlamayıb, bəlkə onun da adı var, niyə siyahı açıqlanmamış belə açıqlamalar verir? Deməli özünə arxayın deyil”.

YAP icra katibinin müavini deyib ki, YAP yarananda 550 nəfər üzvü olub, bu gün isə partiya üzvlərinin sayı 650 mindən artıqdır: “Partiyaya yeni nəsillər gəlir, YAP öz yerində dayana bilməz, inkişaf gedir. YAP bu gün regionun ən güclü partiyasıdır və həmişə islahatların, dəyişikliklərin tərəfdarıdır. Yeni gələnlərə yer verilir. Biz elə o 550 nəfərlə oturub qalsaydıq, partiyanın gələcəyi ola bilməzdi”.

Qeyd edək ki, Əli Əlirzayev YAP-la bağlı ittihamı Modern.az saytına açıqlamasında səsləndirib. O, üzvü olduğu partiyadan incikliyini gizlətməyərək, qarşıdakı parlament seçkilərində namizəd olmaq istədiyini, ancaq YAP rəhbərliyinin bu addımı dəstəkləməyəcəyini vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1117 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...