Əli Kərimlinin siyasi “tərəzisi”: Güneyə niyə arxa çevrildi?

Son vaxtlar İran rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təzyiq və təqibləri daha da artırıb.

Güney Azərbaycanda tanınan milli siyasi fəallardan Mehdi Kuxiyan, Siyamək Mirzayi, Səhənd Məali və Abbas Lisani həbsdədir. İran həbsxanalarında milli fəallara təzyiqlər edilir. Güney Milli Hərəkatının simvolu sayılan, Bütöv Azərbaycanda sevilən hərəkat lideri Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib. Hökmə əsasən, o, 8 il həbs və ailəsi ilə birlikdə 2 il Yəzd şəhərinə sürgün cəzasına məhkum olunub.

Güneyli siyasi fəalların məhkəmə işində yeni fakt həm də onların sürgünə göndərilməsidir. Bu cəza növü əvvəllər də vardı. Lakin bu cəzadan təsadüfi hallarda istifadə olunurdu. İran ətrafında gərginlik artdıqdan sonra bu cəza növünün də tətbiqinə başlanılıb.

Ekspertlərin fikrincə, milli zəmində daxili qarşıdurmanın alovlanacağından ehtiyat edən İran rejimi bölgələrdəki ictimai rəy liderlərini ərazidən uzaqlaşdırmaq məqsədi güdür.

Güney Azərbaycandakı proseslərə, milli fəallara dəstək kampaniyası isə bütün dünyada davam etdirilir. Dünyanın müxtəlif ölkələrində məskunlaşan azərbaycanlılar, ictimai-siyasi qurumlar prosesə müxtəlif formalarda dəstəyini ifadə edir.

Abbas Lisaninin həbsinə də biganə yanaşılmadı. Milli qüvvələr, Bakıda, Türkiyədə, Avropada, Amerikada yaşayan milli fəallar Abbas Lisaninin həbsini pisləyir, İranı amansız repressiyaları dayandırmağa çağırır. Azərbaycanda cəmiyyətdə nüfuz sahibi olan ictimai xadimlər və siyasi partiyalar dərhal İran hakimiyyətini repressiyalara son verməyə, insan hüquqlarına sayğı ilə yanaşmağa və azərbaycanlılara qarşı təzyiqləri dayandırmağa çağırdı. İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası da təşkil edildi. Azərbaycan Xalq Cəbhəsi, Müsavat, Milli İstiqlal partiyaları etiraz bəyanatı yaydı. O cümlədən, Ağ Partiyadan, Milli Dirçəliş Hərəkatı Partiyasından da etirazlar edildi.

Milli Azadlıq Hərəkatının lideri, mərhum AXCP sədri Əbülfəz Elçibəy Güney Azərbaycan məsələsini daim diqqət mərkəzində saxlayırdı. Hətta 90-cı illərin sonlarında müavinlərindən biri ilə söhbətində “Bundan sonrakı siyasi fəaliyyətimi Güneyə, Azərbaycanın bütövləşməsinə həsr edəcəyəm”,- demişdi.

Elçibəy ideya-siyasi xəttində olduğunu elan edən siyasi təşkilat Güneyə biganə qalmamalıdır. Lakin bir zamanlar Elçibəyin yanında (yolunda yox, məhz yanında-müəll.) olmuş Əli Kərimlinin rəhbərlik etdiyi “Yurd” və Milli Şura adlanan təşkilatlar Abbas Lisani, digər güneyli məhbuslar məsələsinə yenə biganə qaldılar. “Yurd” lideri bu məsələdə yenə susqunluq nümayiş etdirdi. Hələ Elçibəyin zamanında İran səfirliyi, İran Mədəniyyət Mərkəzi ilə şübhəli əlaqələrə malik olan tanınmış “yurd”çuların Elçibəyin Bütöv Azərbaycan xəttinə qarşı gəldikləri yaddaşlardan silinməyib. Aradan 20 il ötsə də, dəyişən bir şey yoxdur. “Yurd” liderinin xisləti olduğu kimi qalıb.

Dəfələrlə yazılıb və deyilib ki, “Yurd” lideri üçün ideyaya sadiqlik, bir xəttə bağlılıq yoxdur.

Onun üçün maraqlar var. Baxın, Güney Azərbaycanda ciddi proseslər baş verir, Milli Hərəkatın tanınmış simaları həbs edilir, işgəncəyə məruz qalır, ancaq “Yurd” liderindən səs çıxmır. Abbas Lisani bütün azərbaycanlılar üçün dəyərli siyasi simadır. Onu ilk dəfə 2004-cü ildə həbs ediblər. Qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndə heyəti Ərdəbilə səfər etmiş, bu fakt şəhərdə ciddi etirazlara səbəb olmuşdu. Aksiyaların əsas təşkilatçısı da Abbas Lisani idi və rejim onu həbslə cəzalandırdı. Deməli, Abbas Lisani həm də bizim işimizə, bizim marağımıza görə həbs edilmişdi. Lakin Əli Kərimli üçün bu fakt əhəmiyyətsizdir.

Özgə vaxt tutuquşu kimi “Demokratiya və insan hüquqları bir ölkənin daxili işi deyil” cümləsini təkrarlayan Əli Kərimli Güney məsələsində niyə susur? Axı güneyli məhbuslar milli və siyasi tələblərə görə tutulublar...

Əli Kərimlinin siyasi “tərəzisi”:
Əslində Əli Kərimlini Güney məsələsində susmağa vadar edən səbəblər var. Birincisini qeyd etdik. “Yurd” lideri heç zaman Elçibəy ideyalarına bağlı olmayıb. İkinci amil Milli Şurada təmsil olunan irançı qüvvələrdir. Kütləvi aksiyalarda Milli Şuranın elektoral bazasını təşkil etdikləri üçün “Yurd” lideri onlarla eyni mövqeni bölüşür. Milli Şurada islamçıları hazırda Kərbəlayi Rövşən Əhmədli təmsil edir. Lakin onun bu elektorat daxilində ciddi siyasi çəkisi yoxdur. İrançı qüvvələrin Azərbaycandakı lideri hazırda həbsdə olan Hacı Taleh Bağırzadədir. Bu gün isə Kərimli və Bağırzadə müttəfiqdir.

Deməli, mövqeləri eynidir və eyni siyasi-ideoloji platformada dayanıblar. Belədə isə Güney Azərbaycan və ya Lisani Əli Kərimli üçün maraqlı deyil və ola da bilməz.

Amma proseslərin bu mərhələyə çatması ilə daha bir “kart” açılmış olur. Milli Şura təmsilçiləri hər zaman bu qurumun Əli Kərimlidən asılı olmadığını bəyan edirlər. O halda Milli Şuranın Güney Azərbaycan tarixini araşdırmış tarixçi və professor sədri Cəmil Həsənli Abbas Lisani və digər siyasi məhbuslarla bağlı açıqlama verməli idi. Lakin o da susdu.

Bununla da Milli Şuranın "Yurd"un "arxa bağçası", yedək qurumu, əlavəsi olduğuna dair deyilənlər təsdiqini tapdı.
Cebhe.info



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...