"Həmin müxalifətə, görəsən, hansı Azərbaycan gərəkdir?" - Əli Həsənov

"Həmin müxalifətə, görəsən, hansı Azərbaycan gərəkdir?" -

Son günlər Gəncə hadisələri ilə bağlı sosial mediada informasiyaların yayılmasında aktivlik müşahidə olunur. Bu aktivliyin davamı olaraq Real TV-nin rəhbəri Mirşahin Ağayev də Gəncə hadisələrinə yenidən toxunaraq bir sıra məqamların üstünü açıb.
“Yeni Sabah” xəbər verir ki, o, son vaxtlar Gəncə işi ilə bağlı həbs olunan şəxslərin valideynlərinin səsləndirdikləri ittihamlara cavab olaraq icra başçısı Elmar Vəliyevi güllələyən Yunis Səfərovun tərcümeyi-halı ilə bağlı bu vaxta qədər bəlli olmayan bir sıra yeni məlumatları diqqətə çatdırıb.

Onun radikal dini qruplara qoşulmasının tarixçəsi, SEPAH-la əlaqələri, hərbi təlimlərdə iştirakı və ən əsası terrorun həyata keçirilməsi planının hazırlanmasından danışıb.

O, həmçinin Y. Səfərovun videomüraciətlərini də efir vasitəsi ilə nümayiş etdirib: “Bu müraciət Elmar Vəliyevin öldürülməsindən sonraya hesablanmışdı. Plana görə daha bir neçə məmur öldürülməliydi. Yunisin müraciətində bizə klassik terrorçu dəst-xəttindən bəlli olan bir üsul var. Məsuliyyəti öz üzərinə götürmək. Yəni biz öldürmüşük və niyə öldürmüşük.

Yunis Suriyada, İranda başqa dəyərləri müdafiəyə öyrədilib. Beyni yuyulub. Ona görə də Azərbaycan polisində düşmən görür.

Əlimizdə faktlar və etibarlı mənbələr kifayət qədərdir. Yaxın buraxılışlarımızdan birində mövzuya yenidən qayıdacağıq” – deyə M. Ağayev qeyd edib.

Bildirək ki, Gəncə hadisələrinin kriminal tərəfi ilə yanaşı siyasi tərəfləri də hadisə baş verəndən bu vaxta qədər gündəmdə olub.

Bir müddət əvvəl Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hadisə ilə bağlı açıqlama verərək dövlətin bu məsələdə mövqeyini ifadə etmişdi. Mövzunun aktual olduğunu nəzərə alaraq xatırladırıq ki, Ə. Həsənov bu hadisəni Azərbaycan dövlətçiliyinə qarşı qəsd aktı kimi dəyərləndirmişdi:

Aparılmış istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqlədi ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyata keçirmək istəyən qrupların dövlətə və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı idi.

Mediada, xüsusən sosial mediada geniş yayılmış məlumatlardan görünür ki, həmin qüvvələrin ötən il reallaşdırmağa çalışdıqları ssenarinin puç edildiyi, vətəndaşlarımızın dövlətçiliyin keşiyində durduğunu nümayiş etdirdiyi Gəncə hadisələrinin ildönümü ilə əlaqədar üzvlərinin əksəriyyətini Azərbaycanın keçmiş vətəndaşları təşkil edən, radikal islamçı qruplaşmalardan biri yenidən fəallaşıb. Qruplaşmanın sosial şəbəkələrdəki səhifə və profillərində, habelə bəzi dövlətlərin klerikal dairələri tərəfindən idarə olunan saytlarda fəallaşması birmənalı olaraq ifrat dini radikallığın, fundamentalizmin dəstəklənməsi kimi dəyərləndirilə bilər.

Dini şüarlarla pərdələnən, təxribatçı, niyyəti dövlətlə xalq arasında inamsızlıq, mümkün olarsa düşmənçilik toxumları səpmək olan bəzi internet resurslarında Gəncədə törədilmiş terror aktının əsas personajı, Rusiya vətəndaşı Yunis Səfərovun Suriyada döyüşlərdə iştirakını təsdiqləyən kadrlar nümayiş etdirilir və onu əsl “qəhrəman” kimi populyarlaşdırmağa cəhdlər olunur, xanımının hadisədən dərhal sonra etdiyi müraciət təkrar-təkrar yayımlanır.

Təəssüf doğuran odur ki, özlərinin demokrat və dünyəvi dövlət tərəfdarı olduqlarını iddia edən bəzi müxalifət liderləri və fəalları da terroru təşviq edən belə bir kampaniyaya dəstək verir, ifrat ekstremizmi özünə ideologiya seçmiş xarici qruplaşmaların istifadə etdiyi şüarları təkrarlayır, bu səpkidə çağırışlar səsləndirir, ölkəmizin çoxəsrlik dini dözümlülük mühitini, tolerant imicini şübhə altına alırlar.

Bir sözlə, demokratiya dəyərlərinə sadiq olduğunu iddia edən bu tipli müxalifətin əslində həmin dəyərlərə qənim kəsilənləri, radikalizmi, ifrat dini fundamentalizmi dəstəklədiyi göz önündədir. Belə olan halda, həmin müxalifətə, görəsən, hansı Azərbaycan gərəkdir?

Dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan, sabit, qüdrətli və demokratik Azərbaycan, yoxsa Sudan, Somali, Liviya, Suriya və s. ölkələr kimi amansız daxili savaşın, qanlı xaosun, faciəvi vətəndaş qarşıdurmasının və terror qruplaşmalarının tüğyan etdiyi poliqon? Bəlkə onlar Azərbaycanı orta əsrlərin qaranlıq dövrünə qaytarmaq, ölkəmizi şəriət qanunları ilə idarə olunan məkana çevirmək istəyirlər?...

Ötən il iyul ayının 3-də axşam Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd törədən birinin cinayətinin terror xarakteri, cinayəti törədənin xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi məlumdur. Yerli və xarici mediada dərc olunmuş materiallarda Y.Səfərovun həyat yoldaşının bir neçə dəfə yayımlanmış videomüraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi, "sosial zülmə" qarşı etiraz olaraq deyil, məhz xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşdüyü "ideallar" naminə, yəni, Azərbaycanda "şəriət dövləti yaratmaq" üçün törətdiyi də bəlli olub.

Gəncədə terakt baş verəndən dərhal sonra radikal dini fundamentalizmi təbliğ edən Facebook səhifələri və saytlar, habelə Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılarla bağlı kütləvi informasiya vasitələri Yunis Səfərovu yeni "Gəncəbasar qisasçısı", "qəhrəman" elan etməyə tələsdilər.

Bu dəfə də onlara Avropadakı anti-Azərbaycan müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, orada yaşayan antimilli ünsürlərdən kömək gəldi. Rusiya və digər xarici ölkələrdə separatçı kimi “ad-san qazanmış" çevrələr də cinayətkarın müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər.

Xatırladım ki, bu teraktdan bir ay əvvəl, 2018-ci il mayın 28-də ABŞ-ın nüfuzlu "Foreign Policy " nəşri "Gəncə keçidi"nin Qərb üçün əhəmiyyəti haqqında yazı dərc edərək baş verəcək təxribatlar haqqında xəbərdarlıq edirdi. Bu gün terroru təbliğ edən radikalların və onların havadarlarının yenidən fəallaşması, Azərbaycana təhdidlər ünvanlamaları isə Gəncə hadisələrinin ildönümü ilə yanaşı, TANAP-ın istifadəyə veriləcəyi vaxta təsadüf edir. Qəribə deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə Ermənistan, bəzi dövlətlərdəki klerikal dairələr, ekstremistlər, xarici ölkələrə qaçmış, sadəcə, pula və məişət rahatlığının təminatına can atan bəzi azərbaycanlılar tərəfindən aparılan təmərküzləşmiş, təhlükəli ideoloji təxribat bu günlərdə yenidən canlanıb.

Demokrat və dünyəvi olduqlarını vurğulayanlar mövqe və demokrat prinsipiallığı nümayiş etdirərək bu tipli anti-Azərbaycan dairələrini və onların ölkəmizdəki uzantılarını qınamaq əvəzinə, terror aktlarına görə həbs olunmuş şəxsləri qəhrəmanlaşdırır, merkantil maraqların təminatı, yeni maliyyə imkanları əldə etmək naminə onları vicdan məhbusu elan edərək xüsusi siyahılara salır, azadlığa buraxılmalarına çalışırlar.

Yaxın Şərq və Şimali Afrikada son illərdə baş verən proseslər göstərdi ki, hər hansı cəmiyyətdə özünü "müxalifət" adlandıran qrup və kəsimlər terrorçunu, yaxud terrorçuları qəhrəman kimi təqdim etməyə, terroru mifləşdirməyə başladıqda cəmiyyət və dövlət belə təhlükəli fəsada qanun çərçivəsində sərt reaksiya verməzsə, hadisələr təhlükəli məcraya yönəlir, ideoloji təxribat vətəndaş müharibəsi, terrorun tüğyan etməsi ilə nəticələnir.

Dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir. Bəhs etdiyim dəyərlərə kiçik də olsa, təhdid yaranarsa, hər bir azərbaycanlı vətəndaş mövqeyi, milli iradə ortaya qoymalıdır. Mövcud həssas vəziyyətdə cəmiyyətimiz qətiyyət və sayıqlıq, vətəndaşlarımız milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməlidir. İctimai rəyə təsir imkanları olan ziyalılarımız daha düşünülmüş şəkildə və həssas davranaraq, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
559 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...