ABŞ Azərbaycanla möhkəm əlaqələr qurmaqda maraqlıdır - Sekuta
ABŞ Azərbaycanla etibarlı və möhkəm əlaqələr qurmaqda maraqlıdır. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Dövlət Departamentinin beynəlxalq dini azadlıq və insan haqları üzrə nümayəndə heyətinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə deyib.
Səfir bildirib ki, dözümsüzlüyün olduğu mürəkkəb dövrümüzdə Azərbaycan tolerantlıq nümunəsidir. Diplomat ABŞ və Azərbaycan arasında bu istiqamətdə açıq dialoqu dəstəkləmək istəyini ifadə edib. ABŞ Dövlət Departamentinin nümayəndəsi Daniel Nadel görüşdə qeyd edib ki, səfərinin əsas məqsədi iki ölkə arasında etimad və dostluğun yaradılmasıdır: "Cəmiyyət onun bütün üzvlərinə eyni imkanlar veriləndə güclü olur. Heç bir cəmiyyət ideal deyil. Biz də ABŞ-da müxtəlif problemlər üzərində işləyirik, lakin hesab edirəm ki, dialoq və fikir mübadiləsi əlaqələrin inkişafının əsasıdır".
A.Paşazadə qonaqlara mövcud dini tolerantlıqdan, Azərbaycandakı sinaqoq, kilsə və məscidlərdə dini bayramların qeyd edilməsindən bəhs edib: "Azərbaycan Bakıda sinaqoqun tikintisini və katolik kilsəsinin bərpasını dəstəkləyən yeganə ölkədir". O, ümid etdiyini bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindəki kilsələr və məscidlər də bərpa ediləcək.
Dövlət Departamentinin Avropa və antisemitizm üzrə işçi qrupunun rəhbəri Steyse Bernard Deyvis deyib ki, Azərbaycanın dini nümayəndələri ilə yaxından tanış olmaq istəyir. Tədbirdə, həmçinin Bakı sinaqoq, katolik və provaslav kilsələrinin nümayəndələri çıxış ediblər.
1081 dəfə oxundu