Yeni icra başçısı AXC-Müsavat hakimiyyətini ittiham edib

Yeni icra başçısı AXC-Müsavat hakimiyyətini ittiham edib
"Möhtərəm cənab Prezident. Mən də bu çox böyük və məsuliyyətli etimada görə öz adımdan və Yeni Azərbaycan Partiyasının gəncləri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bu etimad mənim timsalımda YAP gənclərinə olan etimaddır. Bu etimad bütün Azərbaycan gəncliyinə böyük stimuldur. Siz dəfələrlə öz çıxışlarınızda demisiniz ki, Azərbaycan gəncliyinə güvəniniz və etimadınız böyükdür".

"Report" xəbər verir ki, bunu mayın 21-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Seymur Orucov videoformatda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.

"Gənclərin bu gün ölkənin ictimai-siyasi həyatında fəal olmasının əsası Ulu Öndərimiz tərəfindən qoyulmuşdur. Çünki, möhtərəm cənab Prezident, 1990-cı illərin əvvəllərində hakimiyyəti zəbt etmiş AXC-Müsavat dövründə Azərbaycan gəncliyini zorla ali təhsil ocaqlarından, iş yerlərindən mitinq bölgələrinə və onların yarıtmaz liderlərinə dəstək tədbirlərinə aparırdılar. Gənclərimiz çox bədbin ruhda idilər. Lakin Ulu Öndərimiz hakimiyyətə gəldikdən sonra Azərbaycan gəncliyində gənclik ruhu özünə qayıtdı. Ulu Öndər bütün Azərbaycan gəncliyini vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Siz də bu gün bu siyasəti yeni üslubda, çox möhtəşəm formada həyata keçirirsiniz.

Möhtərəm cənab Prezident, bu gün Azərbaycan gəncliyi Sizə borcludur. Ona görə borcludur ki, Siz bizi dövlət orqanlarında önə çəkirsiniz. Bununla bərabər, Siz və Birinci vitse-prezidentimiz biz gənclərin, Azərbaycan xalqının canını da qoruyursunuz. Çünki bu gün dünyada baş verən bəladan göründü ki, bir çox dövlətlər var idi, böyük dövlətlər, onlar bu prosesi Sizin qədər dəqiq, vaxtında, az itki ilə idarə edə bilmədi. Bu da Sizin liderlik xüsusiyyətinizdən irəli gəlir. Çünki lider çox çətin gündə bilinir. Biz gənclər bununla fəxarət hissi keçiririk. İstər Türk Şurasının, istərsə də Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi ilə bağlı bütün dövlət və hökumət başçılarının Sizin çağırışınıza səs verməsi, dünyanı bu bəladan birgə qurtarmaq səyləriniz bütün dünyaya nümunədir və Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir.

Möhtərəm cənab Prezident, mən də Sizə söz verirəm ki, var gücümlə Heydər Əliyev siyasətinə xidmət edəcəyəm, rayonun inkişafı və abadlaşması üçün var qüvvəmi səfərbər edəcəyəm və dövlətimə, millətimə, Sizə ləyaqətlə xidmət edəcəyəm. Yolunuz yolumuzdur, cənab Prezident. Bir daha təşəkkür edirəm, minnətdarlığımı bildirirəm", - S.Orucov vurğulayıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
64 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...