Mehdiyev gedir, onlar gəlir - Yeni formalaşacaq antikorrupsiya komissiyası

Mehdiyev gedir, onlar gəlir -
Uzun illər Ramiz Mehdiyevin rəhbəri olduğu Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yenidən formalaşacaq. Komissiyada yeni sədrlə bərabər digər yeni simaların olması gözlənilir. Milli Məclis sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli son çıxışında bu prosesin anonsunu verib.

Ə.Hüseynli bildirib ki, indiki siyasi konfiqurasiyanı nəzərə alıb orada siyasi partiya nümayəndələrinin də təmsilçiliyi düşünülür.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Musavat.com-a açıqlamasında vitse-spikerin fikirlərini dəstəklədiyini bildirib. Ə.Nuriyev qeyd edib ki, hazırda ölkədə yeni bir situasiya yaranmaqdadır: “Siyasi dialoqların yaranması, ölkə başçısı tərəfindən müxtəlif tədbirlərdə yeni siyasi konfiqurasiyanın yaranması ilə bağlı çıxışları, parlamentin rəhbərliyində siyasi partiya nümayəndələrinin təmsil olunması bunun bariz nümunəsidir”.

Əliməmməd Nuriyev qeyd edib ki, komissiyanın tərkibində siyası partiyalarla yanaşı vətəndaş cəmiyyətinin nümayəndələrinin də iştirakı təmin edilməlidir: “Əgər korrupsiyaya qarşı mübarizə siyasətinin uğurlu həyata keçirilməsini istəyiriksə, hazırlanan strategiyanın həyata keçirilməsində bütün maraqlı tərəflərin iştirakı təmin edilməlidir. Dövlət orqanları, vətəndaş cəmiyyəti, özəl sektor və bir tərəfdə də siyasi partiyaların nümayəndələri olmalıdır. Bu komissiya 2004-cü ildə yaradılıb. Həmin əsasnaməyə görə komissiyanın tərkibi 15 nəfərdən ibarətdir. Tərkibin formalaşdırılmasında da dünyada müxtəlif modellər var. Bizdə üzvlərin beşini prezident, beşini parlament, beşini isə Konstitusiya Məhkəməsi təyin edir. Onlar qarşılıqlı şəkildə fəaliyyət göstərirlər. Amma konkret olaraq göstərilmir ki, kimlərdən ibarət olmalıdır. Komissiya elə tərkibdə qurulmalıdır ki, qərarların qəbul edilməsində bütün maraqlı tərəflərin iradəsi təmin edilsin. Komissiyanın tərkibi bir qayda olaraq dövlət qurumlarının nümayəndələrindən ibarətdir. Bununla bağlı vaxtı ilə müxtəlif müzakirələr getmişdi və indi də davam edir. Əli müəllim yeni yanaşmalar təklif etdi. Mən düşünürəm ki, yeni yanaşmada təkcə siyasi partiyaların iştirakı nəzərə alınmamalıdır, vətəndaş cəmiyyətinin iştirakçılığının artırılmasına da zərurət var. Korrupsiyaya qarşı mübarizə yalnız dövlət qurumlarının vəzifəsi deyil. Qərarların hazırlanmasına baxış dəyişərsə, birgə işlər görülərsə, bu komissiyanın müstəqilliyinin daha da yüksəlməsinə gətirib çıxarar”.

Ə.Nuriyev yeni formalaşacaq komissiyanın yeni tərkibinin necə formalaşması haqda danışıb: “Prezidentin sərəncamı ilə komissiyanın üzvləri təyin edilir. Prezidentin sərəncamında komissiya üzvləri vəzifəsinə görə təyin edilir. Prezident Administrasiyasının rəhbəri sədr olur. Prezidentin köməkçisi və digər qurumlar təmsil olunur. Amma nəzərə alaq ki, son zamanlar Prezident Administrasiyasında struktur dəyişiklikləri oldu. Buna görə də komissiya üzvləri sırasında dəyişikliklər gözlənilir”.

ReAL hərəkatının icra katibi Natiq Cəfərli də Musavat.coma-a açıqlamasında komissiyanın yenidən formalaşdırılması təklifini şərh edib.

Natiq Cəfərli Əli Hüseynlinin təklifini müsbət dəyərləndirib. Amma siyasi partiya olaraq bir neçə təkliflərinin olduğunu qeyd edib: “Əslində maraqlı təklifdir. Tərkibin formalaşdırılmasında öncə müzakirə olunmalı məsələlərdən biri həmin komissiyanın səlahiyyət çərçivələri və iş rejimidir. Biz də bu müzakirələrə açığıq. Əgər həqiqətən həmin komissiya işlək quruma çevriləcəksə, korrupsiya ilə bağlı problemlərə sistemli yanaşma ortalığa qoyulacaqsa, kökünə gediləcəksə, səbəblər aradan qaldırılacaqsa, REAL partiyası bu tipli formatlarda məmnuniyyətlə iştirak edə bilər. Amma bu dəvət formal xarakter daşımamalıdır. Komissiyada təmsil olunmaq adı ilə siyasi partiyalar ora dəvət edilməməlidir. Korrupsiya məsələsinə həmişə daha sistemli yanaşmağı təklif etmişik. Əgər bu komissiya bu işi öz üzərinə götürəcəksə, məmnuniyyətlə bu işdə iştirak etməyə hazırıq və heç bir problem görmürəm”.

N.Cəfərli komissiyanın yeni tərkibində Ramiz Mehdiyevin olmayacağını da qeyd edib: “Komissiyanın rəhbərinin kim olması yox, onun səlahiyyətləri önəmlidir. Ramiz Mehdiyev bu vəzifədən gedəcək”.
Musavat.com


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...