"İqtidar-müxalifət dialoqu alınmasa, dövlət ziyan çəkəcək" - Partiya sədri

"İqtidar-müxalifət dialoqu alınmasa, dövlət ziyan çəkəcək" -
Son günlər Azərbaycanın siyasi həyatında fəallıq artıb. İqtidarla müxalifət arasında dialoqlar intensivləşib. Bundan başqa, ölkəmizdə həyata keçirilən fundamental islahatların davamı olaraq dövlət qurumlarında təftiş işləri və təmizləmələr aparılır. Bunun nəticəsində korrupsiya və rüşvətə yol vermiş məmurlar həbs olunurlar.

Həmçinin ölkəmizin ən ağrılı və taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi 30 ildir nəticəsiz qalır. Və bu problemi tənzimləməli olan ATƏT-in Minsk Qrupunun dişsiz fəaliyyəti ən ali səviyyədə kəskin tənqid olunur.

Biz də “Sherg.az” olaraq sadaladığımız məsələlər və digər aktual mövzularla bağlı Ağ Partiyanın sədri Tural Abbaslının fikirlərini öyrəndik.

- Son aylar gerçəkləşən iqtidar-müxalifət dialoqunu necə dəyərləndirirsiz?

- Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin partiya rəhbərlərinin görüşü ilə başlayan bir proses var. Prosesə müxtəlif ad verənlər oldu. Buna bəziləri dialoq, bəziləri islahatlar, bəziləri də imitasiya deyir. Ölkə başçısı İlham Əliyev özünün müxtəlif çıxışlarında prosesi dialoq və islahatların başlanğıcı, yeni siyasi konfiqurasiyanın yaradılması istiqamətində atılan addım kimi dəyərləndirib. Odur ki, məsələni kim necə istəsə, adlandıra bilər. AĞ Partiya üçün bu iqtidar-müxalifət dialoqunun, təmasının başlanğıcıdır. Artıq təmasların bəzi müsbət nəticələri də mövcuddur. Odur ki, hələlik prosesə müsbət yanaşırıq və nələrinsə dəyişdirilməsi istiqamətində iqtidarın cəhdləri kimi qiymətləndiririk. Təki bu dialoq da əvvəlkilər kimi kampaniya xarakterli olmasın. Çünki indiki ağır məqamda iqtidar-müxalifət dialoqu alınmasa, dövlətə ziyan dəyəcək. Hazırda ölkəmizin əsas etiyacı olan məsələ milli birlik və həmrəylikdir. Burada isə əsas olan səmimiyyət və qəti siyasi iradədir. Ümid edirik ki, bu qətiyyəti və siyasi iradəni nümayiş etdirə biləcəklər.

- Dialoqdan hansı nəticələr əldə oluna bilər?

- Hansı nəticələrin əldə olacağını zaman və iqtidarın səmimilik dərəcəsi göstərəcək. Bu məsələ barədə konkret nəsə demək tezdir. Ancaq yenə də qeyd etdiyim kimi, hadisə nəzərdə tutduğumuz mahiyyətdə və istiqamətdə inkişaf edəcəksə, bundan Azərbaycan xalqı və dövləti çox şey qazanacaq. Və nəhayət ki, Azərbaycan demokratik cəmiyyət quruculuğu istiqamətində ilk addımlarını atmış olacaq.

- Sizcə, budəfəki dialoqda iqtidar səmimi ola bilərmi?

- İqtidarın nə qədər səmimi olub-olmadığını zaman göstərəcək. İndidən nəsə demək yersiz olar. Ancaq hələlik səmimiyyətlərini şübhə altına alacaq addımlar müşahidə etməmişəm. Ümid etmək istərdim ki, bəyan etdikləri fikirlərlə atdıqları addımlar adekvat olsun. Əks təqdirdə xalq olaraq yenə itirilmiş imkanın təəssüfünü yaşamaq məcburiyyətində qalacağıq.

- Dağlıq Qarabağ münaqişəsinin həllinə dair uzun müddətdir, danışıqlar gedir. Təəssüf ki, ATƏT-in Minsk Qrupu münaqişə ilə bağlı heç bir əsaslı iş görmür. Təşkil olunan danışıqlar da danışıqlar xatirinə həyata keçirilir. Bunu artıq hökumət üzvləri də açıq kontekstlə etiraf edirlər...

- ATƏT-in Minsk Qrupunun Qarabağ probleminin həllində effektsiz bir qurum olduğu artıq heç kəsə sirr deyil. İstər həmsədrlərin tərkibinə, istərsə də ümumi Avropa məkanının bu konfliktdə sərgilədiyi qeyri-obyektiv mövqeyə nəzər salsaq, rahatlıqla deyə bilərik ki, bu qurumun nəsə edə biləcəyinə əvvəldən inanmaq lazım deyildi. Həmsədr ölkələrin rəhbərlərinin zaman-zaman verdikləri ədalətsiz bəyanatlar, təcavüzkar Ermənistana göstərdikləri maddi və hərbi yardımlar bizə deməyə əsas verir ki, onlar Azərbaycan mənafeyini qorumaqda qətiyyən maraqlı deyillər. Hələ çoxdan bəyan etmişdik ki, ya Minsk Qrupunun xidmətlərindən, ümumiyyətlə, imtina etmək lazımdır, ya da ən azından həmsədr ölkələrin tərkibində dəyişikliklər edilməlidir. Burada qardaş Türkiyənin iştirakını təmin etmək lazımdır. Belə olacağı təqdirdə bu amorf qurumdan nəsə gözləmək olardı. Əslində, Minsk Qrupunun effektsiz fəaliyyətinin məsuliyyətinin bir hissəsi də elə YAP-ın üzərinə düşür. YAP iqtidar partiyasıdır, buna görə də Qarabağ cəbhəsindəki uğurlar və məğlubiyyətlər onların məsuliyyətindədir.

- Dağlıq Qarabağ probleminin həllində və ya əskinə həllsiz qalmasında Rusiyanın təsir imkanları nə qədərdir?

- Təəssüflə qeyd etməliyik ki, Rusiya Qarabağ məsələsində ən çox təsir imkanlarına malik olan ölkələrdən ən öndə gələnidir. İstər Qarabağda ərazilərin itirilməsində, istərsə də Ermənistanın illərdir işğalı davam etdirə bilməsində birbaşa Rusiyanın rolu var. Azərbaycan xarici siyasətinin yanlışlığı və dişsizliyi sayəsində Rusiya hələ də Azərbaycandan daha çox işğalçı Ermənistanın mövqelərindən çıxış edir. Xarici işlər nazirimiz Elmar Məmmədyarov da nazirliyi talayıb övladlarına Nyu-Yorkda mənzil almaqla məşğuldur. Nə qədər ki, Qarabağ münaqişəsi Azərbaycan iqtidarı üçün sözün əsl mənasında prioritet olmayacaq, o zamana qədər biz Qarabağımıza həsrət qalacağıq.

- Qeyd etdiniz ki, Minsk Qrupunun tərkibində Türkiyənin iştirakını təmin etmək lazımdır. Rəsmi Ankara Qarabağın geri qaytarılmasında nə kimi işlər görə bilər?

- Son zamanlar qardaş ölkə olan Türkiyənin regionda və dünyada siyasi və hərbi nüfuzunun artması Azərbaycan üçün çox sevindirici və müsbət məqamdır. Kimsəyə sirr deyil ki, Azərbaycan və Türkiyə xalqları bir-birinə dərin sevgi, qardaşlıq hissləri olan xalqlardır. Bu iki dövlətdə iqtidarların kimlər olmasından asılı olmayaraq biz bir millət iki dövlət olaraq qalacağıq. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Qarabağ məsələsində Türkiyə Azərbaycan maraqlarından çıxış edərək nəyəsə nail olmaq gücündə olan yeganə dövlətdir. Bu məsələnin həllində qardaş Türkiyənin rolunun artması istiqamətində addımlar atmalıyıq. Eyni zamanda Türkiyə ilə hərbi əməkdaşlığı maksimum həddə qaldıraraq Azərbaycan ordusunun gücünü artırmalıyıq. Düşünürəm ki, Qarabağın azadlığı Türkiyə kimi qardaş ölkələrin dəstəyinə istinad edərək Azərbaycan Milli Ordusunun gücündən asılıdır. Hər an ordumuzun gücü ilə torpaqlarımızı azğınlaşmış terroristlərdən azad etməyə hazır olmalıyıq. Şairin söylədiyi kimi desək - Ümid sənədir ancaq Azərbaycan əsgəri.

- Azərbaycan Xarici İşlər Nazirliyindəki korrupsiya əməllərinə diqqət çəkdiniz. Bir müddət öncə Dövlət Təhlükəsizlik Xidməti (DTX) Xarici İşlər Nazirliyində (XİN) əməliyyatlar keçirdi. Sizcə, bu əməliyyatlar hansı zərurətdən doğdu?

- Kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq istənilən korrupsionerin və rüşvətxorun həbsinin tərəfdarıyam. Ortada cinayət varsa, cəza da olmalıdır. Son həbslərdə qeyri-adi nəsə görmürəm. Amma Azərbaycan reallıqlarını və ölkədəki hakimiyyətin xarakterini nəzərə alsaq, təbii ki, həbslər müsbət mənada insanların təəccübünə səbəb olur. Müxtəlif rayonların icra hakimiyyətləri başçılarının həbsi, Mədəniyyət Nazirliyində, Dövlət Sərhəd Xidmətində və XİN-də DTX-nın əməliyyatlarını AĞ Partiya da müsbət qarşılayır. Belə əməliyyatların mütəmadi keçirilməsi, insanlara xidmət etmək əvəzinə onları talayan məmurların ifşası və həbsi çox önəmlidir. Nəhayət ki, Azərbaycanda cəzasızlıq sindromu aradan qalxmalıdır. Hər kəs bilməlidir ki, bəziləri əvvəl-axır törətdiyi cinayətin cəzasını çəkəcək. Lakin burada bir nüans bizim üçün qaranlıq qalır. Mədəniyyət Nazirliyində, XİN və DSX-da əməliyyatlar zamanı nazirlər və xidmət rəisi deyil, onların tabeliyindəki əməkdaşlar həbs edildi. Bu da insanlarda təbii olaraq bəzi suallar yaradır. Ümid edirəm ki, sözügedən məsələdə də nəhayət buzlar əriyər və korrupsiya piramidasının əsas başçıları olan nazirlərin də həbslərini görərik. Nə qədər ki, dövlət idarəçiliyi demokratikləşməyib, bu idarəçilikdə iqtidar-müxalifət təmsilçiliyi proporsional şəkildə bölünməyib belə korrupsionerlərin kökünü nə DTX, nə də kimsə kəsə biləcək. Sistem dəyişmədikcə bir korrupsioner əjdahanın vurulan başının yerinə yeddi əjdaha başı çıxacaq. //SHERG.AZ//

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
179 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...