AzTV-nin sabiq sədr müavini: “Yalvarırdım ki, məni vəzifədən azad edin”
“Mənim çox pis xəstəliyim var. Ona görə də, özüm yalvarırdım ki, məni vəzifədən azad edin”.
Bu sözləri Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti sədrinin radio üzrə müavini vəzifəsindən azad edilən Cavanşir Cahangirov musavat.com-a açıqlamasında bildirib.
O, qeyd edib ki, mətbuatda onun adından yayılan məlumatlar yalandır və AzTV sədri Arif Alışanovla aralarında heç bir narazılıq olmayıb: “Mən xəstəyəm. Mənim vəzifədən çıxarılmağımı nə iləsə bağlamaq düzgün deyil. Kimsə çıxdı, mən müavin oldum, indi mən çıxdım, bir başqası məni əvəz edəcək. 6 ildir ki, həmin vəzifədə işləyirəm. İndi də vaxt çatmışdı və çıxdım. Ömürlük vəzifədə qalmalı deyildim ki... Mənim xüsusi bir narazılığım yoxdur ki, məni çıxarıblar, belə bir söhbət yoxdur. Mən 1982-ci ildən orada çalışıram. 1989-cu ildən müxtəlif redaksiyalarda baş redaktor olmuşam. Mənim çox pis xəstəliyim var. Ona görə də özüm yalvarırdım ki, məni vəzifədən azad edin. Bizi prezident təyin edir, buna görə də özümüz çıxa bilmirik. Məcbur idilər ki, məni prezident sərəncamı ilə azad eləsinlər. Mən düz 5 aydır ki, yataqdayam. Mənim Az.TV sədri ilə aramda narazılıq olmasına gəlincə, mən mətbuata belə bir söz deməmişəm. Bu, yalan söhbətdir. Mən neçə gündür ki, sistem altındayam, danışmağa da çətinlik çəkirəm”.
Qeyd edək ki, Cavanşir Cahangirov ötən gün aznews.az-a açıqlamasında bildirmişdi ki, bir müddət öncə sədrlə münasibətlərində soyuqluq yaranıb və vəzifədən çıxarılacağını gözləyirmiş: “Artıq bir aya yaxın idi ki, sədrlə münasibətlərimiz korlanmışdı. Buna görə də bilirdik ki, bizi vəzifəmizdən azad edəcək”.
1506 dəfə oxundu