“Təəssüf ki, Bayden erməni mövqeyindən çıxış etdi”

“Təəssüf ki, Bayden erməni mövqeyindən çıxış etdi”
Hər bir siyasətçinin müəyyən problemlərə müxtəlif baxış bucağından baxması mümkündür, lakin istənilən halda bu mövqenin ədalətə söykənməsi mütləqdir. Ədalətli danışmaq, ədalətli davranmaq, ədalətin yanında olmaq siyasətçiyə nüfuz gətirər, tərəfdarları arasında ona olan rəğbəti daha da artırar.

Oktyabrın 28-də ABŞ prezidentliyinə namizəd Co Baydenin açıq-aşkar seçki kampaniyasının təsiri altında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv bəyanatla çıxış etməsi Azərbaycan ictimaiyyətinin haqlı olaraq qınağına səbəb olur və müəyyən şübhələr doğurur.

Baydenin erməni lobbisindən dəstək almaq məqsədi

ABŞ-dakı erməni lobbisinin uzun illərdir bu ölkənin siyasi dairələrinə güclü təsir imkanlarına malik olduğu heç kimə sirr deyil. Co Baydenin son bəyanatının da həmin lobbinin, erməni seçicilərin dəstəyini qazanmaq məqsədindən irəli gəldiyini deyə bilərik. Bəzən seçki prosesində siyasətçinin müxtəlif siyasi manevrlər etməsi normal qarşılanır. Lakin cənab Bayden sıradan bir siyasətçi olmadığını, dünyanın güclü dövlətlərindən birinin prezidentliyinə iddialı şəxs olduğunu hər addımında nəzərə almalıdır.

Unutmamalıdır ki, ABŞ həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına birbaşa cavabdeh olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Həmsədr ölkələrdən heç biri, o cümlədən ABŞ münaqişə tərəflərindən hər hansı birinə açıq dəstək nümayiş etdirməməlidir.

Digər tərəfdən Co Bayden nəzərə almalıdır ki, siyasət və ümumilikdə həyat yalnız bu seçkilərlə bitmir, üstəlik erməni seçicilərlə yanaşı, digər millətlərdən olan milyonlarla seçici var və onların da mövqeyi önəm daşıyır. Bu, bir siyasətçi kimi, onun gələcək fəaliyyətində obyektivliyini şübhə altına almış olar.

Co Baydenin diqqətinə: Azərbaycan xalqı ən ağrılı problemini həll edir

Artıq 30 ilə yaxın idi ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altında idi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü. Belə olan vəziyyətdə bir siyasətçi kimi, Co Bayden Azərbaycan xalqının üzləşdiyi bu humanitar fəlakətə səssiz qalmamalı idi.

Son bəyanatında ABŞ prezidentliyinə namizəd olan şəxs “Dağlıq Qarabağ xalqının böyük humanitar fəlakətlə üz-üzə olduğunu” bildirir. Əvvəla, “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur. Dağlıq Qarabağın azərbaycanlı və erməni icması var. Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı burada yaşayan azərbaycanlı əhali etnik təmizləməyə məruz qalıb. Otuz ilə yaxındır ki, həmin azərbaycanlılar məcburi köçkün həyatı yaşayır. Lakin bu illər ərzində Co Bayden bir dəfə də olsun Azərbaycan xalqının üzləşdiyi humanitar fəlakətə münasibət bildirməyib.

Cənab Bayden unutmamalıdır ki, seçkilər öncəsi Azərbaycan xalqının ədalətli mövqeyinə zidd bəyanatlar verməklə, öz şəxsi maraqları naminə bir xalqın, illərdir öz tarixi torpaqlarında dinc yaşamaq hüququndan məhrum edilmiş insanların maraqlarını tapdayır. Bu, isə bir siyasətçi kimi, ona dvidend gətirmir.

Həm cənab Bayden, həm də digər siyasətçilər anlamalıdırlar ki, Qarabağ Azərbaycan üçün ən ağrılı problemdir və bu, hər hansı seçki kampaniyası, siyasi manipulyasiya vasitəsi deyil. Bu gün Azərbaycan Ordusu məhz BMT-nin ABŞ-ında daimi üzvü olduğu Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini icra edir. Eyni zamanda, münaqişə ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi ABŞ-da daxil olmaqla dünya birliyi tərəfindən dəstəkənir. Bu mövqe münaqişə ilə bağlı qəbul olunmuş sənədlərin hər birində əksini tapıb.

Digər tərəfdən Azərbaycan dəfərlərlə bəyan edib ki, humanitar atəşkəsə tam riayət edir və danışıqların bərpasına tam hazırdır. Bu, Azərbaycanın sülhpərvər siyasətini bir daha nümayiş etdirir. Lakin danışıqları pozan da, hazırda atəşkəslə bağlı razılaşmalara əməl etməyən də, Azərbaycanın yaşayış məntəqələrini, dinc sakinləri raket atəşinə tutan da Ermənistandır.

Oktyabrın 28-də Co Baydenin məlum bəyanatının verildiyi gün də məhz Ermənistan ordusu tərəfindən cəbhə bölgəsindən aralıda yerləşən Bərdə şəhəri raket atəşinə tutuldu. Bu müharibə cinayəti nəticəsində 21 nəfər həlak oldu, 70-ə yaxın insan yaralandı. Azərbaycan xalqının belə bir ağır günündə təcrübəli siyasətçi Co Baydendən bu vəhşiliyə münasibət bildirməsi daha məqsədəuyğun olardı. Lakin təəssüf ki, o, bunu etmədi və birmənalı şəkildə erməni mövqeyindən çıxış etdi.

Hər bir dövlət, hər bir siyasətçi bilməlidir ki, Azərbaycan öz tarixi torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Erməni xalqının yeni dövlət qurmasını dəstəkləyənlər isə öz ölkələrinin ərazisində yaşayan ermənilərə ərazi ayıra bilər.

Azərbaycanın apardığı mübarizə isə tarixi ədalətin bərpasına, bölgədə sülhün, rifahın bərqərar olmasına xidmət edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
514 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...