Minsk qrupu niyə ləğv edilmir? - Həmsədrlərin pərdəarxası ÇARPIŞMASI...

Minsk qrupu niyə ləğv edilmir? -

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə təsis edilən ATƏT-in Minsk qrupu yarandığı gündən münaqişənin həlli yolunda heç bir səmərəli təşəbbüs göstərmədi. Nəticədə etimadı itirən bu qurumun fəaliyyətsizliyi problemin sülh yolu ilə deyil, hərbi əməliyyatlarla həllinə gətirib çıxardı. 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayaraq, işğal altındakı torpaqlarını azad etdi.

Bəs 30 ilə yaxın mövcudluğu dövründə və müharibə vaxtı heç bir fəaliyyəti səmərə verməyən bu qurum kimə, nəyə lazımdır? Minsk qrupu niyə ləğv edilmir?

Bu suallara aydınlıq gətirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Modern.az-a açıqlamasında bildirib ki, Minsk qrupunun fəaliyyətinin tamamilə dayandırılması, buraxılması ATƏT-də xüsusi konsensusla qəbul olunmalıdır. F. Şəfiyevin fikrincə, bu çətin prosesdir:


“Həm Amerika, həm Fransa hələ də münaqişənin tam həll olunmadığını hesab edirlər. Onlar bundan sonrakı prosesdə özləri üçün müəyyən yer saxlamaq istəyirlər. Fransanın və ABŞ-ın ayrı-ayrılıqda öz maraqları var.

Rusiya isə həmişə istəyirdi ki, Minsk qrupu çərçivəsində öz təşəbbüsünü irəli çıxarsın, bunu bir növ monopoliyaya götürsün. Vətən Müharibəsinin yekunu olan “Noyabr bəyanatı”nda da Rusiya var, digər iki həmsədr yoxdur. Sülhməramlı prosesdə də Rusiya və Türkiyə iştirak edir. Ona görə, Rusiya bir tərəfdən kiminsə prosesə müdaxilə etməsini istəmir, digər tərəfdən isə çox güman ki, Azərbaycana təzyiq vasitəsi kimi Minsk qrupunu əlində saxlamaq niyyətindədir. Burada söhbət daha çox Fransadan gedir. Çünki Fransa həmişə Rusiyanın maraqlarına Avropada daha güclü yaxınlığı ilə seçilir. Minsk qrupunun buraxılması çətin məsələdir. Mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupu gələcəkdə iki xalq arasında etimad və danışıq prosesində daha çox rol oynaya bilər”.
Üstünlüyün Azərbaycan tərəfində olduğunu xatırladan BMTM sədri həmsədrlərin Dağlıq Qarabağa səfərinə belə icazə verilmədiyini diqqətə çatdırıb:
“Müəyyən vaxtdan sonra ola bilər, razılığa gəlinsin. Bununla bağlı daha çox ABŞ-ın yeni Administrasiyası ilə işləməliyik. Amerika Konqresində erməni diasporunun təsir faktoru göz qabağındadır. Bu da məsələyə öz təsirini göstərəcək. Amerika Rusiyanın Qarabağ məsələsində həlledici rolunu istəmir. Bəzi proseslər onu göstərir ki, digər aktorların iştirakı vacibdir. Ən əlverişlisi bizim üçün Türkiyənin Qarabağda aktiv rolunu görməkdir”.
F.Şəfiyev gələcəkdə Minsk qrupunun xalqlar arasında etimadın yüksəldilməsi işində necə iştirak edəcəyinə də aydınlıq gətirib:
“Minsk qrupunun fəaliyyəti münaqişənin tənzimləmə, danışıqlar prosesində nəticə verməsə belə, gələcəkdə hansısa layihələr həyata keçirə bilər. Avropa Birliyinin də Balkanlarda, digər bölgələrdə müəyyən layihələri var. Söhbət bu cür fəaliyyətdən gedir. Minsk qrupuna etimad edib-etməməyimiz məsələ deyil. Bu təsisat ATƏT çərçivəsində hansısa layihələri maliyyələşdirə bilər. Əvvəldən təcrübə də var idi. Jurnalistlər, mədəniyyət nümayəndələri, ictimai xadimlər Ermənistana, Azərbaycana gedib-gəlirdilər. Hər bir halda gələcəkdə Qafqazda Ermənistan da, Azərbaycan da mövcudluğunu davam etdirəcək. Ona görə, müəyyən formada təmasları bərpa etmək məcburiyyəti yaranacaq. Bu işdə Minsk qrupu hər hansı missiya ilə iştirak edə bilər”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...