İndi də Ellada Məmmədlini Divana çağırdılar Musavatda sular durulmur
“Müsavat Partiyasının qurultayından sonra Ellada Məmmədli hər hansı bir fəaliyyətlə məşğul deyil, Qadınlar Təşkilatı iflic vəziyyətdədir. Yəqin ki, bu məsələ Divanın növbəti iclasında müzakirə ediləcək”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Nemət Kərimli deyib.
N. Kərimli Divanın sonuncu iclasında verilən qərarların Nizamnaməyə zidd olduğu barədə iddiaları rədd edib: “Müsavat Partiyasının qurultayından sonra verilən şikayətlərlə bağlı araşdırma aparıldı və şikayətçilərə təxminən 15 dəfə cavab verildi. Lakin kor tutduğunu buraxmayan kimi, bu insanlar da eyni sözləri təkrar edirlər. Qurultaydan sonra indiyə kimi bu insanlar yalnız Müsavatı gözdən salmaq, partiya rəhbərliyini təhqir etməklə məşğuldurlar. Nizamnamə tələbinə heç bir şəkildə tabe olmurlar. Bütün bunlar nəzərə alınaraq, Rövşən Dəmirli, Rahib Mirələmov və Əli Qasımbəyli partiyadan çıxarıldı. Təəssüflər olsun ki, qurultaydan sonra bu adamlar partiya haqqında bir dənə də olsun müsbət fikir demədilər”.
O, partiyanın qərargahı qarşısında etiraz piketi keçirənləri satqın adlandırıb: “Müsavatın qarşısında piket edirlər, qətnamədə yazırlar ki, əgər tələblər qəbul edilməsə, Müsavatın qeydiyyatının ləğv olunması ilə bağlı Ədliyyə Nazirliyinə şikayət edəcəyik. Məncə bu, satqınlıqdan başqa bir şey deyil. Sadəcə, bu insanlar özlərinin iç üzünü nümayiş etdirilər”.
1421 dəfə oxundu