“Deyirlər ki, Ali Məclisdən tapşırıq gəlib, kəsilən pullar ora gedir”

“Deyirlər ki, Ali Məclisdən tapşırıq gəlib, kəsilən pullar ora gedir”
Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzinin işçilərinə verilən əlavə məvacib və gecə növbəsinin pulunun kəsildiyi bildirilir. Əlavə məvacib onların yerin altında işləməsinə görə nəzərdə tutulub. Bundan əlavə, işçilərin Naxçıvan şəhərindən Mərkəzə daşınması üçün nəzərdə tutulan, dövlət balansında olan avtobusun da satıldığı bildirilir.

GUNDEMİNFO.AZ xəbər verir ki, bunlar barədə “Gündəlik Naxçıvan”a mərkəzdə çalışan bir qrup əməkdaş məlumat verib.

Mərkəzdə çalışan M.Əliyev deyib ki, əlavə məvacibin kəsilməsi onların ailə büdcəsinə ciddi təsir edir:
“Əvvəl işdən asılı olaraq 700-800 manat, bəzən daha artıq maaş alırdıq. Bir təhər keçinirdik. Bir müddət öncə gecə növbəsinə görə verilən, daha sonra yer altında işlədiyimizə görə verilən əlavə məvacibi kəsdilər. İndi əvvəlkindən 250-300 manat az maaş alırıq. Əvvəl aldığımızla ayı güclə, borc-xərclə başa vururduq. İndi isə lap sürünürük. Mərkəz çox yaxşı pul qazanır. O pullarla gözləri doymur, bizim maaşa da göz tikirlər. Mərkəzin rəhbərliyi məvacibləri kəsməklə bizim maaşımızı mənimsəyir. Özlərinə deyəndə, deyirlər ki, Ali Məclisdən tapşırıq gəlib, biz də kəsmişik. Deyirlər ki, sizdən kəsilən pullar da ora gedir. Biz həyatımızı riskə qoyub, yerin altında işləyirik. Dünyanın hər yerində bu cür işlərdə işləyənlərə güzəştlər edilir. Bizim isə maaşları azaldıblar”.

Digər şikayətçi S.Quliyev deyib ki, avtobus satıldığından hər dəfə işə taksi ilə gedib-gəlməli olur. O deyir ki, buna görə maaşının bir qismini yollara xərcləməli olur:

“Mən gecə növbəsində işləyirəm. İki il öncəyə kimi atobusumuz var idi. Hər gün növbə dəyişəndə işçiləri aparıb-gətirirdi. Avtobusu satıb, ciblərinə qoydular. İndi qalmışıq yollarda. İş yerimiz elə yerdədir ki, ora heç bir marşrut işləmir. Ya gərək 10 kilometrə kimi yolu piyada gedəsən, ya da taksi tutasan. Bu da maaşımızın üçdə biri deməkdir”.

Qeyd edək ki, Mərkəz “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdindədir. 20 çeşid məhsul istehsal edən bu MMC il ərzində 6-8 min ton duz satır. Bundan başqa bu sahəyə turizmdən də xeyli vəsait daxil olur.
İddialarla bağlı Mərkəzlə əlaqə saxlamaq mümkün olmadı.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
80 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...