Fərid Səfərli problemi - İŞİD-lik edən İran rejimi, əcnəbi ovuna çıxan Tehran - ŞƏRH

Fərid Səfərli problemi -
İran yiyəsiz ölkədir? Xeyr, bu ölkənin bütün sərhədləri mövcud rejimin güc strukturları tərəfindən qorunur. Onun təhlükəsizlik xidməti az qala hər gün neçə-neçə xarici ölkə casuslarının tutduğunu bildirir. İran sabit, ya riskli ölkədir? Tehran rejimi xarici ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edə bilirmi? Bax, İran hakmiyyəti ilə bağlı çoxsaylı müəmmalı məsələlərlə yanaşı bu suaların cavabı birmənalı deyil.

Bu günlərdə İran Daxili İşlər Nazirliyinin rəsmisi universitet tələbələri ilə görüş keçirirdi. Tələbələrdən biri ona məktəbli və tələbə qızlar arasında zəhərlənmə ilə bağlı sual verdi. Dövlət məmuru gəncə cavab verməkdə çətinlik çəkdi. Onda tələbə ona təxminə belə dedi: “Siz deyirsiz ki, bu, xarici ölkələrin əməlidir. O zaman siz nə iş görürsüz? Ya təhlükəsizliyi təmin edin, ya da bacara bilmədiyiniz üçün çıxın gedin”. (Sual vermiş tələbənin dediklərindən sonrakı aqibəti barədə məlumat yoxdur...)

Zəhərlənmələr, hicaba görə qətllər İran hakimiyyətinin 88 milyon insanı girov götürdüyündən xəbər verir. Belə görünür, öz əhalisi azlıq etdiyi üçün rejim əcnəbiləri də saxlayır... İllər öncə İran hakimiyyəti girovları ölkəsinə vermək üçün onların alveri ilə məşğul idi. Həmin vaxt bu, ölkə iqtisadiyyatını dirçəltmək yollarından biri sayılırdı.

Son etirtaz aksiyaları zaman İran rejimi 14 ölkənin 50-dən çox vətəndaşını həbs edib. İran bu cəhətinə görə də riskli təhlükəsiziliyə təminat verə bilməyən ölkəyə çevrilib.

Bir müddət əvvəl İranın Hava Səyahətləri və Turizm Xidmətləri İdarəsi Həmkarlar İttifaqının rəhbəri Hörmətullah Rəfii bildirmişdi ki, xarici turistlərin İrana səfərlərinin 90 faizini ləğv edib. Onun sözlərinə görə, İran vətəndaşlarının da xaricə səyahətləri 50 faizdən çox azalıb.

Bu, onu göstərir ki, Tehran rejimi tələbə və məktəbli qızların zəhərlənməsi nümunəsində ölkə vətəndaşları, əcnəbilər və region dövlətlər üçün günü-gündən daha da dözülməz hala gəlir. Bu ölkədə xarici ölkə vətəndaşlarının “itkin” düşməsi adiləşir.

Hadisələrin gedişi dəfələrlə sübut edib ki, İranda itkin düşmüş sayılan əcnəbi ölkə vətəndaşlarının hamısından hakimiyyətin məlumatı olur. Başqa sözlə orada insan oğurluğu ilə də Tehran rejimi məşğuldur, yaxud ən azından xəbəri var.

Azərbaycan Respublikası vətəndaşları ilə bağlı eyni hadisələrin törədilməsinə görə də məsuliyyəti İrandakı rejim daşıyır. Beynəlxalq qanunlara görə, səyahət edilən dövlət ziyarətçilərin təhlükəsizliyinə məsuliyyət daşıyır.

Azərbaycan vətəndaşları ilə bağlı məlum bir neçə hadisəni xatırlatmaq istərdik.

Bir neçə il əvvəl fizik Rəşid Əliyev İranda qanunsuz olaraq saxlanılmışdı. O kimdir? BDU-da kvant elektronikası və lazer texnikası üzrə yüksək ixtisaslı mütəxəssis kimi tanınan R.Əliyev bir çox elmi məqalə, ixtira və səmərələşdirici təkliflərin müəllifidir. R.Əliyev 1992-ci ilin mayında elmi fəaliyyətini dayandıraraq 38 yaşında orduya yollanıb və 1999-cu ilədək döyüşdüyü hərbi hissədə rabitə rəisi vəzifəsində çalışıb, hərbi hissənin rabitə sistemini yaradaraq kadrlar hazırlayıb. O, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitandır.

Tehran rejimi onu bir il bir ay qanunsuz olaraq saxladı. Azərbaycan hakimiyyəti və ictimaiyyətinin etirazı nəticəsində Rəşid Əliyev Vətənə qayıda bildi. İranın uyğun dairələri onu “viza rejimini pozmaqda” ittiham edirdi.

Dünya Azərbaycanlıları Konqresinin o vaxtkı İdarə Heyətinin üzvü, DAK Əlaqələndirmə Şurasının keçmiş icraçı direktoru, fəlsəfə elmləri doktoru Eliza İsmayılova 2010-cu ilin sentyabrında Təbrizdə ETTELAAT tərəfindən oğurlanmışdı. Uzun sürən danışıqlardan sonra o sərbəst buraxıldı.

Həmin hadisədən təxminən iki il sonra Azəbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Del Gerani də Təbrizdə saxlnıldı. Onlar bu ölkəyə səfərləri zamanı mülki geyimli şəxslər tərəfindən həbs olunmuşdular. İran rejiminə bağlı saytlar onları “narkotik qaçaqmalçılığı və casusluqda”, İsrailin “Mossad” xüsusi xidmət orqanı ilə əməkdaşlıqda da ittiham edirdilər. Halbuki Fərid Hüseyn və Şəhriyar Del Gerani İrana poeziya festivalında iştirak etmək üçün gedibmiş.

Ötən gün isə Azərbaycan vətəndaşı Fərid Qabil oğlu Səfərlinin İranda “itkin düşdüyü” barədə xəbər yayılıb. Belə ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə gedib. Ailəsi martın 4-dən ondan xəbər ala bilməyib. Azərbaycan Xarici İşlər Nazirliyi də mövzu ilə bağlı açıqlama verib. Nazirlik İranın Azərbaycandakı səfirliyinə nota ünvanlayıb.

İran hakimiyyəti bütün hallarda hələ ölkə ərazisinə nəzarət etmək gücündədir. Rejim ölkə qapısından daxil olan istənilən xarici ölkə vətəndaşını qəbul edə bilir. Azərbaycanla İran arasında mövcud böhranlı vəziyyəti belə xoşagəlməz hadisə daha da gərginləşdirir. Bu, Azərbaycan vətəndaşlarının İran hakimiyyətinə onsuz da azalan etibarına mənfi təsir göstərir. Fərid Səfərlinin tapılıb Azərbaycana təhvil verilməsini təmin etməzsə, Tehran terrorçu rejim olması ilə bağlı ünvanına deyilənləri bir daha təsdiqləyər. İnsan oğurluğu, xarici ölkə vətəndaşını girov götürmək kimi əməllər terrorçuya, cinayətkara xasdır.

Terrorçu İŞİD, “Taliban”, “Əl-Qaidə”, “Boko Haram” büdcəsini formalaşdırmaq üçün bir qayda olaraq bu üsuldan istifadə edib. Yoxsa, Tehran rejimi də o günə qalıb?!




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
711 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...