İcra başçısı Vətən Müharibəsi qəhrəmanının abidəsini ziyarət etdi

İcra başçısı Vətən Müharibəsi qəhrəmanının abidəsini ziyarət etdi
Rayon rəhbəri 27 sentyabr “Anım Günü” Vətən Müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyevin ailə üzvləri və ictimaiyyət nümayəndələri ilə birlikdə onun adını daşıyan küçədə olublar
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən Müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyevin atası Vaqif Əliyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, qazilər və veteranlarla birlikdə təmirdən sonra Şıxarx qəsəbəsində Vətən Müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyevin adını daşıyan küçədə olublar.
Şəhidin adını daşıyan küçədə abadlıq işləri aparılaraq səliqə-sahman yaradılıb, küçənin girişində isə Anar Əliyevin barelyefi quraşdırılıb.
Rayon rəhbəri bildirib ki, Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimiz bizim üçün əzizdir, onların xatirəsi əbədiləşdirilir, adlarına küçələr, məktəblər, sinif otaqları verilir, bulaqlar tikilir. Tərtər şəhərində 32 küçəyə şəhid adı verilib və 15 küçənin girişində onların baralyefi qoyulub. Şəhidlərin adlarını əbədiləşdirməklə onların ailəsinə mənəvi dəstək olmağa calışırıq.
Artıq Qarabağ tam azaddır. Sentyabrın 19-da Qarabağda aparılan lokal antiterror əməliyyatlar nəticəsində ərazi separatçılardan təmizlənir. Respublika Prezidenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində qələbəmizdən sonra Azərbaycan xalqına tarixi müraciətində dediyi kimi “Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq.”
Rayon rəhbəri şəhidin valideynlərinə Vətənə layiqli övlad böyütdükləri üçün öz təşəkkürünü bildirib, Vətən yolunda, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinin həmişə qəlblərdə yaşayacağını vurğulayıb və Respublika Prezidentinin 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan xalqına tarixi müraciətindən bu sözləri xatırladıb: “... onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Əliyev Anar Vaqif oğlu 1980-cı il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. İngilis dili müəllimləri olan ata və anasının 1981-ci ildə Ağdərə rayonunun Levonarx məktəbinə təyinatlarından sonra ailə həmin rayona köçüb. 1988-ci ildə isə milli zəmində Ermənistanın başladığı qanlı hadisələrdən sonra Əliyevlər ailəsi Tərtər rayonunun Bəyimsarov kəndinə köçmək məcburiyyətində qalırlar. Oktyabrın 21-də Xocavəndin Tuğ kəndində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Şəhid Anar Əliyev sağlıqında “Vətən uğrunda”, Azərbaycan Respublikası Prezidenti adından Müdafiə nazirinin əmri ilə “Şücaətə görə”, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008), Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013), “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci və 2-ci dərəcəli, “Qüsursuz xidmətlərə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları ilə, 44 günlük Vətən müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhid atası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

İcra başçısı Vətən Müharibəsi qəhrəmanının abidəsini ziyarət etdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
344 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...