Şagirdlər dərsdən yayınıb niyə ingilis dili kurslarına gedirlər?

Şagirdlər dərsdən yayınıb niyə ingilis dili kurslarına gedirlər?
Elçin Əfəndinin fikrincə, orta məktəblərdə dərslərin keyfiyyətinin aşağı düşməsinin bir əsas səbəbi də müəllimlərin əlavə yüklənməsidir.

Ölkəmizin ümumtəhsil müəssisələrində ingilis dilinin tədrisinə birinci sinifdən başlanılsa da, 11 il müddətində şagirdlərin xarici dil üzrə əldə etdikləri bilik qənaətbəxş hesab olunmur. Azərbaycan təhsilində ən böyük problemlərdən biri də şagirdlərin xarici dili biliyinin zəif olmasıdır. Bu isə şagirdlərin xarici dil öyrənmək üçün repetetitor və kurslara axın etməsinə səbəb olur.
Şagirdlər ingilis dilini öyrənmək üçün dərsdən yayınıb dil kurslarına gedirlər
Deputat Hikmət Babaoğlu da məktəblərdə ingilis dili dərslərinin keyfiyyətsiz keçirilməsinə öz narazılığını bildirib. Milli Məclisdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib ki, bu gün təhsilə kifayət qədər vəsait ayrılır. Lakin o vəsaitlər özünü doğrultmur:

"Bilirik ki, orta məktəblərdə uşaqlar dərsdən yayınırlar, dil öyrənməyə gedirlər və bu da savadlılıq göstəricisi olur. Sadəcə dil bilən şəxslərdən ibarət milli aristokratiya yetişdirə bilərikmi? Yetişdirə bilmərik. Burada da hesabatlılıq olmalıdır".
"Azərbaycanda dil bilmək savadlılığın göstəricisinə çevrilib" - deputat əlavə edib.
Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev də təhsilin keyfiyyətindən şikayətlənib. Deyib ki, elm və təhsil sahəsində ciddi islahatlara ehtiyac var:
"Orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsasında ali məktəblərə qəbul həyata keçirilməli, repetitorluğa son qoyulmalıdır. Elə vəziyyət yaradılıb ki, heç kim repetitora pul ödəmədən ali məktəblərə qəbul ola bilmir. Bu isə ailələr üçün ağır maliyyə yüküdür".
Məktəblərdə 11 il ingilis dili dərsi keçilsə də, nəticə yoxdur
Təhsil eksperti Elçin Əfəndi Sputnik Azərbaycan-a bildirib ki, ingilis dili 11 il müddətində məktəblərdə tədris olunsa da, şagirdlər orta məktəbi həmin dili yaxşı mənimsəməmiş şəkildə bitirirlər. Məktəblərdə yuxarı sinif şagirdlərinin demək olar ki, mütləq əksəriyyəti repetitora müraciət edir. Buna səbəb ümumtəhsil müəssisələrində keçirilən dərslərlə ali məktəbə qəbul olmaq üçün lazım olan biliyin əldə edilə bilməməsidir:
"Hazırda orta ümumtəhsil məktəblərində xarici dil kimi ingilis, rus, alman, ərəb, fransız, fars dilləri tədris olunur. Xarici dillər 11 il müddətində şagirdlərimizə tədris olunur, amma onlar orta məktəbi həmin dilləri yaxşı mənimsəməmiş şəkildə bitirirlər. Bunu nəzərə alan bir çox valideyn övladını xarici dilə yaxşı yiyələnmək üçün ya repetitor yanına göndərir, ya da əlavə kurslara yazdırır".
Təhsil eksperti Elçin Əfəndi - Sputnik Azərbaycan, 1920, 22.11.2023
E.Əfəndi deyir ki, buraxılış imtahanı zamanı xarici dil fənnindən abituriyentlərə dinləmə və oxuyub anlama bacarığı tələb edən mətnlər təqdim olunduğundan, şagirdlər məcburiyyət qarşısında əlavə ingilis dili hazırlığına müraciət edirlər. Abituriyentlər bu mətnlərlə bağlı çətinlik çəkirlər. Bunun səbəbi isə orta məktəblərdə xarici dilin yaxşı səviyyədə tədris olunmamasıdır.
Həmsöhbətimiz deyir ki, orta məktəblərdə dərslərin keyfiyyətinin aşağı düşməsinin bir əsas səbəbi də müəllimlərin əlavə yüklənməsidir. Müəllimlər əlavə yazı-pozu işlərinə, qiymətləndirmə aparmağa, bunu gündəliyə yazmağa, eləcə də qiymətləri elektron jurnala qeyd etməyə çox vaxt sərf edirlər.
"45 dəqiqə dərs saatının bir hissəsinin bu işlərə sərf olunması dərsin keyfiyyətinə təsirsiz ötüşmür. 1-ci sinifdən 11-ci sinfə qədər ingilis dili keçirilsə də, şagird bu dildə danışa, dinləyib anlaya bilmirsə, bu, dil dərslərinin tədrisinin keyfiyyətinin aşağı olmasından xəbər verir. DİM-in buraxılış imtahanlarında dinləmə və oxuyub anlama mətnləri salınsa da, şagirdlərin orta məktəblərdə bu biliyi əldə etməsində müəyyən problemlər var. Odur ki, xarici dillər üzrə repetitorlara müraciət çoxdur" - ekspert əlavə edib.
Bəzi məktəblərdə hələ də liqofon yoxdur
Təhsil eksperti Kamran Əsədov isə deyir ki, mövcud qanunvericiliyə əsasən, valideynlərin seçimindən asılı olaraq zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu da təşkil oluna bilər. Ölkəmizdə xarici dillərin öyrənilməsinə tələbat var. Ona görə də xarici dillərin tədrisində əsas dil kimi ingilis dili çox böyük üstünlük verilir. Təqribən 15 il əvvəl orta məktəblərdə ingilis dili beşinci sinifdən başlayaraq tədris olunurdusa, indi birinci sinfdən başlanılır.
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 22.11.2023
Həmsöhbətimizin sözlərinə görə, buraxılış və qəbul imtahanlarının nəticələri göstərir ki, şagirdlər ana dilinə nisbətən, xarici dildən daha yaxşı nəticələr göstərirlər:
"11-ci siniflər üzrə ortalama qiymətlərdən belə görünür ki, ana dili üzrə 2 qiyməti alanların sayı ingilis dilindən 2 alanların sayından çoxdur. Ana dilindən "5" qiyməti alanların faizi (20.47) isə ingilis dilindən "5" qiyməti alanların faizindən (30.2) daha aşağıdır. Yəni həm IX, həm də XI siniflərdə şagirdlərin ingilis dilindən nəticələri digər fənlərlə müqayisədə yaxşıdır".
Bununla belə ekspert hesab edir ki, bu, məktəbdə ingilis dili tədrisinin yox, kurs və repetitor hazırlıqlarının nəticəsidir.
K.Əsədov bəzi məktəblərdə dinləyib anlama üçün lazımi qurğuların olmadığını da söyləyib. Bildirib ki, ümumtəhsil müəssisələrinin çoxunda linqofon (mətnləri səsləndirən cihaz) yoxdur. Baxmayaraq ki, mövcud buraxılış imtahan qaydalarına görə, üç saat imtahan müddətində şagird xaric dillə bağlı bir neçə bacarığı nümayiş etdirməlidir. Bunlar şagirdin oxuyub-anlama, dinləyib-anlama, qrammatik bilikləri və yazı qabiliyyətləridir. Verilmiş müddətdə şagirdin bir fənn üzrə üç bacarığını nümayiş etdirməsi elə də asan deyil. DİM-in bu dəyişikliyi şagirdlərin ingilis dili kurslarına axın etməsinə təsir göstərir.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2022-2023-cü tədris ilində ümumi (9 illik) orta təhsil səviyyəsində təşkil olunan buraxılış imtahanında xarici dillər üzrə şagirdlərin bilik və bacarıqlarını yoxlayan test tapşırıqlarının forma və məzmununda dəyişikliklər edib. Belə ki, ingilis dili üzrə imtahanda dinləyib-anlama bloku üzrə 4 qapalı, oxuyub-anlama bloku üzrə 7 qapalı, 1 açıq tipli (seçim), ümumi dil biliyini yoxlayan blok üzrə 11 qapalı, 1 açıq tipli (seçim) test tapşırığı, yazı bloku üzrə isə 1 tapşırıq təqdim olunur. Oxuyub-anlama bloku üzrə bilik və bacarıqların yoxlanılması 2 hissədən ibarətdir. Birinci hissə 3 kiçik həcmli mətn və hər birinə aid bir sual, ikinci hissə isə əvvəlki illərdə olduğu kimi, bir mətn və 5 sualdan ibarətdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
473 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...