Yaxın qohumların nikahına qadağa qanunsuzdur - Professor

Yaxın qohumların nikahına qadağa qanunsuzdur -
Əmi, bibi, xala, dayı uşaqlarının, 3-cü dərəcəli yaxın qohumların bir-biri ilə ailə qurmalarına qadağa qoymaq, elə bir qanun qəbul etmək konstitusiyada göstərilən və beynəlxalq hüquqla müəyyən edilən hədlərə uyğun deyil.

Axar.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev yaxın qohumlar arasında nikaha qadağa qoyulması ilə bağlı ictimai müzakirəyə münasibət bildirərkən deyib.

O bildirib ki, özü də yaxın qohumların nikah münasibətlərinə daxil olmalarına müsbət baxmır:

“Ancaq bu məsələ qanuni qadağalarla deyil, təbliğat və yaxın qohumların evlənməsini çətinləşdirməklə (məsələn, irsi xəstəliyin olub-olmadığının müəyyən edilməsi tələbi kimi) mümkün ola bilər.

Şəxsi və ailə həyatına dövlətin müdaxilə etməsi üçün müəyyən səbəblər olmalıdır. Bunları AİHK 8-ci maddəsində də görmək mümkündür. Məsələn, sağlamlığın qorunması (inter alia) üçün belə bir müdaxilə mümkün ola bilər, amma müdaxilənin proporsional olması üçün bunda zərurət, son çarə olmalıdır. Bu səbəblə:

- yaxın qohum evliliklərində ciddi nisbətdə qüsurlu uşaqların doğulması;

- ancaq yaxın qohumların irsi xəstəlik daşıyıcısı olmaları halında, belə bir nikaha "olmaz" demək mümkün ola bilər.

Əgər yaxın-qohum evliliklərində qüsurlu doğulan uşaqların nisbəti o qədər yüksək deyilsə, hər hansı məhdudlaşdırmadan söz edilə bilməz.

Digər tərəfdən, fərz edilsə ki, post-modern dünyada dayıoğlu-dayıqızı münasibət qursa, birlikdə yaşasa, hələ hələ kəbin kəsib, övlad sahibi olsa, qanun bunların arasında rəsmi nikahı necə qadağan edə bilər?

Ümumiyyətlə parlamentin qanun qəbul etmə səlahiyyəti hədsiz, sonsuz deyil. Onun sərhədləri 1-ci nəsil, ya da təbii, əsas insan hüquq və azadlıqlarıdır. Bəzi əməllər uğursuz olsa da, ictimai qaydanı, ictimai sağlamlıq və ictimai (ümumi) əxlaqı pozmadıqları təqdirdə məhdudlaşdırıla bilməz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
204 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...