Volodimir Zelenski: "Ukrayna Rusiya ilə qaz tranziti müqaviləsini uzatmaqdan imtina edir"

Volodimir Zelenski: "Ukrayna Rusiya ilə qaz tranziti müqaviləsini uzatmaqdan imtina edir"
Ukrayna Rusiya ilə bu ilin sonunda başa çatan qaz tranziti müqaviləsini yeniləmək niyyətində deyil, Avropadan müraciət olarsa, öz qaz nəqli sistemi ilə digər təchizatçılardan qaz tranzitini müzakirə etməyə hazırdır.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski deyib.

“Rusiya ilə müqaviləni heç kim uzatmayacaq. Başqa şirkətlərdən qazın tranzitinə gəldikdə isə, əgər bəzi avropalı həmkarlarımızdan müraciət daxil olmaqda davam edərsə, onların xahişinə baxacağıq”, - o, Kiyevdə keçirdiyi mətbuat konfransında qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun sonunda Ukrayna ilə Rusiya arasında müqaviləyə xitam verilməsi məsələsinə diqqət yetirərək bildirib ki, Ukrayna və Avropa İttifaqı Azərbaycana müraciət edib ki, "biz bu müqavilənin uzadılmasında yardımçı olaq. Hesab edirəm və mənə elə gəlir ki, hər iki tərəf bunda maraqlıdır. Çünki Ukraynanın özünün bu qaza ehtiyacı var".

"Biz Rusiya ilə bu baxımdan danışıqlar aparırıq. Biz burada yardımçı ola bilsək, bunu edəcəyik.... Hesab edirəm ki, bu müqavilənin uzadılması mümkündür. Bu, Rusiya üçün də faydalı olacaq, çünki o istiqamətdə 50 milyard kubmetrdən artıq premium bazarında satılacaq qazı var", - İlham Əliyev qeyd edib.

“Naftoqaz” şirkətinin İdarə Heyətinin rəhbəri Aleksey Çernışov bu bəyanatı şərh edərkən bildirib ki, Aİ və Ukrayna bu il Ukrayna-Rusiya tranzit müqaviləsinə xitam verildikdən sonra Avropaya davamlı qaz tədarükünü təmin etmək üçün yollar axtarır, onlardan biri Azərbaycan qazının tədarükü ola bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...