“Ölüm xəbərini isə “Qarabağ”la oyuna gedəndə aldım…”

“Ölüm xəbərini isə “Qarabağ”la oyuna gedəndə aldım…”


Bu gün Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının sözlərinə görə, jurnalistlər əvvəlcə məhkəməyə buraxılmayıb.
Vəkil Adəm Məmmədov vəsatət verdikdən sonra jurnalistlərin iştirakı təmin olunub. Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Dövlət ittihamçısı bildirib ki, Cavid Hüseynov ağır cinayətin hazırlanmasında bilərəkdən iştirak etməkdə və gizlətməkdə ittiham olunur. O, hadisə günü qohumu Elşən İsmayılovdan “WhatsApp” yazışmalarını silməyi də tələb edib.

Cavid Hüseynov məhkəmədə sərbəst ifadə verib. Futbolçu bildirib ki, prokurorluğun dediyi əl hərəkəti məsələsinə aydınlıq gətirmək istəyir: “İstəyirəm ki, artıq o əl hərəkəti ilə nə demək istədiyim bilinsin. Mən orada qəbahətli bir hərəkət etməmişəm. Jurnalist məni çağırıb Türkiyə bayrağı ilə bağlı sual verdi. Mən də türklər dostumuzdu deyərək əlimlə yumruq sıxdım. Kameraya da mənim "türk dostumuzdur" dediyim sözlər düşüb. Səhərisi gün evdə olan zaman Elşən mənə Rasimin yazdıqlarını atdı və dedi ki, bax haqqında nə yazılıb. Yazı ilə tanış olandan sonra Elşənə fikir verməməsini söylədim. Elşən də Rasimlə danışan zaman onu söydüyünü demişdi.

Elşənin əsəbi olduğunu görüb Rasimlə özüm danışmaq istədim və nömrəsini aldım. Rasimlə danışanda ona mənim tərbiyəmlə bağlı ətrafımdan soruşmasını məsləhət bildim. O da səhv başa düşdüyünü bildirib üzr istədi. Mən də bu haqda yenidən nəsə yazmasını istəyib zəngi sonlandırdım. Elşənə də məsələni həll etdiyimi və qarışmamasını söylədim. O da gözləyib, Rasim heç nə yazmayınca çay içmək adı ilə görüşüblər. Mənim bunların heç birindən xəbərim olmayıb. Rasim də xəstəxanada jurnalistlərə müsahibə verən zaman mənimlə məsələni həll etdiyini bildirib.

***

Cavid Hüseynov Rasimin döyülməsi ilə bağlı xəbəri məşq zamanı öyrəndiyini əlavə edib:

“Mən məşqdən çıxanda menecer jurnalistlərin zəng etdiyini söylədi. Birinci inanmadım, ancaq sonra maraqlandım və Rasimin döyüldüyü ilə bağlı xəbərin doğru olduğunu öyrəndik. Tez menecerlə xəstəxanaya getdik və orada Rasimin vəziyyətini soruşdum. Prokurorluğun ittihamında göstərildiyi kimi ondan dövlət orqanlarına bir şey deməməyi tələb etməmişəm. Bu, yalandır. Daha sonra Elşən zəng vurub onunla görüşmək istədiyini deyəndə niyə mənə bir şey demədiyini soruşdum. O isə cavab vermədi.

Rasim onu döyənlərin 5 nəfər olduğunu demişdi. Həmin şəxslərin kimliyini Elşəndən soruşanda onları tanımadığımı söylədi. Rasimin ölüm xəbərini isə “Qarabağ”la oyuna gedən zaman almışam. Onda Elşənə zəng edib təslim olmasını istədim.

Futbolçu son olaraq günahsız yerə həbsdə olduğunu bildirib: “Mən günahsız olsam da, artıq 6 aydır ki, həbsdəyəm. Prokurorluq tərəfindən mənə atılan şər ittihamla maksimum 5 il yatıb çıxacam. Bəs mənim haqqımı kim ödəyəcək? Vatsap yazışmasının silinməsi məsələsi də təcrübəsizliyimin nəticəsidir. Sadəcə olaraq adımın hallanmasını istəmirdim”.

Qeyd edək ki, məhkəmə prosesi fevralın 24-ü saat 12:00-da davam edəcək.

Xatırladaq, futbolçu Cinayət Məcəlləsinin 307.1, 307.2 - cinayəti bilib gizlətmə maddəsilə ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
953 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...