Təhsilin inkişafı üçün yeni mexanizm hazırlanır

Təhsilin inkişafı üçün yeni mexanizm hazırlanır


Təhsil Nazirliyi ali məktəblərin elmi uğurlarının qiymətləndirilməsi mexanizmini hazırlayır.AzVision.az xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov "Sabahın alimləri" V Respublika müsabiqəsinin açılışında deyib.

Nazir bildirib ki, ali məktəblərin fəaliyyət göstəriciləri tələbələrin sayı ilə ölçülməli deyil: "Məktəblərin digər göstəricilərini ölçmək, onların elmi uğurlarının, cəmiyyətə verdiyi töhfələrin qiymətləndirilməsi üçün mexanizmlər hazırlayırıq. Ümid edirik ki, bu, gələcəkdə bizim ali məktəblər üçün çox faydalı olacaq".

M.Cabbarov qeyd edib ki, son illər olimpiada hərəkatına xüsusi önəm verilir. Nazirin sözlərinə görə, Respublika fənn olimpiadalarında iştirak edən şagirdlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.

Nazir, həmçinin elmlə təhsilin inteqrasiyası baxımından Təhsil Nazirliyinin AMEA ilə əməkdaşlığından razı qaldığını vurğulayıb.

Təhsil naziri qeyd edib ki, əvvəlki illərdə 22 minə yaxın şagird ölkədəxaili olimpiadada iştirak edirdirsə, cari ildə bu rəqəm 27 minə çatıb.

“İldən-ilə şagirdlərin beynəlxalq müsabiqələrdə iştirakı artır. Əvvəllər medal qazana bilmədiyimiz sahələr üzrə uğurlu nəticələr göstəririk. Bilik yarışlarında uğur qazanan şagirdlərin ali məktəblərə çıxışının artırılmasında maraqlıyıq. Yalnız ali təhsil məzunlarının sayı deyil, onların keyfiyyətinin də diqqət mərkəzində olması üçün mexanizmlər hazırlayırıq. İnanırıq ki, hazırladığımız bu mexanizmlər ali təhsil müəssisələrinin inkişafına dəstək olacaq”.

Nazir bildirib ki, bu vaxta qədər keçirilən 4 müsabiqədə 500 nəfər iştirak edib: “İştirakçıların 286 nəfəri qalib olub, onların 15%-i ali təhsil müəssisələrini qızıl medalla bitirib. 42 şagird xarici ali təhsil müəssisələrinə qəbul olub. Final müsabiqədə iştirak edən şagirdlərin nəticələri daha yüksəkdir. Onlar respublikanın və xarici ali təhsil müəssisələrinə qəbul olublar. İntel İsef-də iştirak edən 24 şagirdən 18- i orta təhsil müəssisəsini bitirib, 9-nun nəticələri daha yüksəskdir. İndiyədək keçirilmiş layihələrdən 42-i kollektiv, 87–i fərdi işlənmiş layihələrdir”.

Müsabiqədə Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirak etdiyini deyən nazir qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunan müsabiqəyə Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti elmi dəstək verir. Builki müsabiqədə 204 şagird 106 elmi layihə ilə iştirak edir. Onlardan 39-u fərdi, 67-si kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkənin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
903 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...