Bu gün ilxır çərşənbədir

Bu gün ilxır çərşənbədir


Küsülülər barışsın..

Bu gün Novruz bayramının sonuncu çərşənbəsi-Torpaq çərşənbəsidir. Sonuncu, həm də ilaxır çərşənbədə bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə.

Deyilənə görə, axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta da ağaclar da başını yerə əyib qalxırlar. İlin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda, Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Axşam qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur. Bayram günü ən çox görülən işlərdən biri də müxtəlif fallardır. Bu fallara adətən gənc qızlar baxırlar. Düzdür, bu adət-ənənələr əvvəlki illərə nisbətən azalıb.

Öz uşaqlıq, gənclik illərində keçirilən çərşənbələri, Novruz bayramını xatırlayan xalq şairi Fikrət Qoca yeniyetməlik, gənclik illəri müharibə illərindən sonrakı dövrə təsadüf etsə də, kəndlərində əsl bayram əhval-ruhiyyəsinin yaşandığını dedi: “Bizim kənddə, Ağdaş rayonunun Kotanarx kəndində müharibədən sonrakı dövrlərdə aclıq, səfalət idi. Ancaq bütün çətinliklərə baxmayaraq hər kəsin üzündə bayram sevinci olardı. İnsanlar sevinirdi ki, havalar isinir, yaz gəlir. Hamı bir yerə yığışırdı. Bu bayram indiki kimi qarşılanmırdı, göydəndüşmə bir xoşbəxtlik kimi qarşılanırdı. Hamı kəndin ortasına yığışırdı. Uşaqlar simlər dolayır, tonqal qalayırdıq. Həyətdə oynamağa, tonqal üstündən tullanmağa başlayırdı. Heç kim gileylənmirdi ki, aclıq səfalətdir. Bütün kənd camaatı evində nə varsa gətirirdi və ümumi bir süfrə açırdıq. Hər kəs gətirib xonça qoyurdu. Kim nə bacarırdısa, bişirib gətirib ortalığa qoyurdu. Hamı oturub bəzən iki adama bir boşqab qoyub böyüklü-kiçikli bu təamlardan yeyirdik. Axşam olanda da uşaqlar qaçışıb oynayır, böyüklər isə söhbət edir, hətta oxuyub oynayırdılar. O vaxt heç musiqi alətləri də yox idi, ləyəndə çalırdılar. O vaxt şənlik vardı. Hamı bir-birini tanıyırdı. İndiki kimi deyildi. İndi heç məşəl də yoxdur. İndi bayramı dövlət keçirir. Bizim kənddə küsülülər olmazdı. Küsülü olanlar da Novruz bayramını gözləyər və bu bayramda mütləq barışardı. Bir nəfər də olsa küsülü qalmazdı. Çünki onlar inanırdılar ki, əgər kimləsə küsülü bayramı qeyd etsələr, gələn illəri qaranlıq gələr”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
991 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...