Doqquz günlük bayram tətili - iqtisadiyyata dəyən milyonlarla manat ziyan...

Doqquz günlük bayram tətili - iqtisadiyyata dəyən milyonlarla manat ziyan...


Ekspertlər bildirirlər ki, bayramda işləyənlərə əlavə ödənişlərin verilməsi, ölkə iqtisadiyyatının bir sıra sahələrinin 9 gün işləməməsi milyonlarla manat ziyan deməkdir; iqtisadi böhran itkiləri bir az da çoxaldır...

Novruz bayramı ilə əlaqədar olaraq ölkədə 9 günlük istirahət elan edilməsinin ölkə iqtisadiyyatına təsiri müzakirə olunmaqdadır. Əksər ekspertlər bu fikirdədirlər ki, bu cür uzunmüddətli bayram tətillərinin iqtisadiyyata mənfi təsirləri daha çoxdur. Ekspert Rəşad Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, əslində 9 günlük bayram tətili ölkə üçün ciddi nəticələrə gətirib çıxaracaq: “Xüsusilə maliyyə sektorunda mənfi nəticələr yaradacaq. Çünki heç bir ölkədə bank sektoru 9 gün müddətinə fasilə etmir.

Xüsusilə də Azərbaycanda manatın məzənnəsi ilə bağlı ciddi təlatüm olduğu bir dövrdə belə olması normal deyil. Bu baxımdan yanaşdıqda, əslində 9 gün rəsmi qurumların işləməməsi ”qara bazar"ın formalaşmasına səbəb olur. Hazırda iqtisadi sektorlar üzrə dövlətin daha aktiv fəaliyyətinin gərəkdiyi bir dövrdə 9 gün rəsmi qurumların bayram tətilinə getməsi müəyyən neqativ hallara gətirib çıxarır. Amma paralel olaraq onu da nəzərə almaq lazımdır ki, bayramla əlaqədar olaraq ölkəyə xüsusilə qonşu ölkələrdən, İran və Türkiyədən turist axını müşahidə olundu. Onlar da ölkəyə müəyyən qədər valyuta gətirirlər. Eyni zamanda, bu, turizm sektoruna və digər yan sektorlara müsbət təsir göstərir. Bu baxımdan götürsək, 9 günlük tətilin ölkə iqtisadiyyatı üçün həm müsbət, həm də mənfi tərəfləri olub".

Ekspert Natiq Cəfərli isə musavat.com-a deyib ki, əslində böhranlı vəziyyət yaşanan bir ölkədə bayram günlərinin bu qədər çox olması nonsensdir: “Doqquz gün iş olmaması iqtisadiyyatı çox ağır durumda olan ölkəyə ciddi təsir göstərməlidir. Amma Azərbaycanda iqtisadi model çox primitiv olduğundan, güc neft sektorunun üzərinə düşür. Bu sektorda da bayram günləri iş dayanmır. Fasiləsiz, 24 satlıq iş rejimidir. Azərbaycan ixracatının 94 faizini neft təşkil etdiyindən, hökumət də çox arxayındır. Arxayındır ki, neft sənayesi işləyir. Azərbaycana əsas gəliri neft sənayesi gətirir. Digər sahələrin işləməməsi görünür hökumətə o qədər də narahatçılıq yaratmır. Ona görə də bu şəraitin olması da bir nonsensdir. Böhranlı vəziyyətdə, əksinə, iqtisadiyyatın bütün sahələrini çalışdırmalıyıq. Bunun təşviqinə yönəlik addımlar atmaqdansa, bu qədər uzun tətillərin olması özü iqtisadiyyatının vəziyyətini göstərir. İqtisadiyyatın bayram günlərində itirdiyini isə hesablamaq mümkün deyil. Normal statistik rəqəmlər tapmaq çox çətindir”.

Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev isə azadlıq.org-a açıqlamasında qeyd edib ki, böhran vaxtı 9 günlük istirahət ölkə iqtisadiyyatına milyonlarla manat ziyan deməkdir. Onun sözlərinə görə, dövlətin strateji obyektləri - elektrik stansiyaları, neft hasilatı müəssisələri və bəzi xidmət sahələri bayram günləri də elə adi günlərdə olduğu kimi fəaliyyət göstərirlər. Əmək qanunvericiliyinə görə isə, istirahət günləri işləyənlərin hamısına həmin günlər üçün ikiqat əməkhaqqı verilməlidir. Oqtay Haqverdiyevə görə, həm bu kimi əlavə ödənişlər, həm də ölkə iqtisadiyyatının bir sıra sahələrinin 9 gün işləməməsi milyonlarla manat ziyan deməkdir. O qeyd edib ki, bunun dünyada davam edən iqtisadi böhran vaxtına düşməsi itkiləri bir az da çoxaldır.

Əməkçilərin Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov isə hesab edir ki, Azərbaycan hələ 9 günlük istirahətlərə hazır deyil. Onun sözlərinə görə, belə uzun müddətli istirahətlərin həmişə bəzi fəsadları olur. O ki qaldı istirahət günlərində büdcə və qeyri-büdcə təşkilatlarında çalışanların əmək haqlarının olduğu kimi saxlanılmasına, Sahib Məmmədov deyir ki, bu, daha çox əməyin ödəniş formasından asılıdır: “Əgər əməyin forması vaxta muzdursa, onda maaşlar olduğu kimi qalır. Əgər işə muzdursa, onda əməkhaqqı hasilat normasına görə ödənilir. Bu halda uzunmüddətli istirahət günlərinə görə işçi ziyan çəkir”.

İqtisadi Təşəbbüslərə yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev də belə uzun müddətli istirahət günlərini ölkə iqtisadiyyatı və büdcə üçün itki hesab edir. Onun sözlərinə görə, bəlkə istirahət günlərində ticarət sahəsində hansısa gəlir əldə edilə bilər, amma ailə və fərdi təsərrüfatlar ciddi itkilərlə üzləşirlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Novruz bayramı ilə əlaqədar olaraq ölkədə 9 günlük istirahət elan edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
705 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...