“Ürəyim Azərbaycan əsgərlərinin yanındadır” - General Engin Alan

“Ürəyim Azərbaycan əsgərlərinin yanındadır” -


Türkiyə Silahlı Qüvvələrinin istefada olan generalları Dağlıq Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsinə münasibət bildiriblər.

Baş Qərargahın kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmayıl Haqqı Pekin bildirib ki, Türkiyə ilə Azərbaycanın münasibətləri daha da yaxşılaşdıqca, ermənilər bu cür təxribatlar törədirlər: “Xüsusilə, Rusiya və ABŞ-ın dəstəyini alaraq həm Azərbaycana, həm də Türkiyəyə qarşı müxtəlif səpkili təxribatlar törətməyə çalışırlar. Bunun qarşısını almaq üçün Türkiyə Azərbaycanla münasibətlərini daha da gücləndirməlidir. Bütün sahələrdə addımlarımızı birgə atmalıyıq. Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması üçün Türkiyə Rusiya ilə də münasibətlərini düzəltməlidir. Yaxın gələcəkdə ermənilərin yeni təxribatlara əl atacaqlarını düşünürəm. Əvvəllər ermənilər Sədərəkə də arabir raketlər atırdılar. Onun da səbəbi Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsinə mane olmaq idi. Baş verən hadisələr erməni qudurğanlığından başqa bir şey deyil. Torpaqların erməni işğalından azad edilməsinin yeganə yolu Türkiyə ilə Azərbaycanın daha güclü olmaları və öz aralarındakı münasibətləri hər gün daha da dərinləşdirmələridir. Ermənistan işğal etdiyi torpaqlardan çıxmayınca və Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməyincə, Türkiyə qətiyyən Ermənistanla münasibət qurmamalıdır”.


Türkiyə Cümhuriyyətinin Bakıdakı keçmiş hərbi attaşesi, Türkiyə xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı, istefada olan general polkovnik Engin Alan deyib ki, ürəyi Azərbaycan ordusunun əsgərlərinin yanındadır: “Şəhid olan 12 əsgərimizə Allahdan rəhmət diləyirəm. Ürəyim cəbhədə əziz vətən torpaqlarını qəhrəmancasına müdafiə edən Azərbaycan əsgərlərinin yanındadır”.

Türkiyənin Parisdəki keçmiş səfiri, istefada olan general-leytenant Əhməd Yavuz qeyd edib ki, Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi Ermənistanı bölgədə yeni təxribatlara yönəldir: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar, təəssüf ki, yerinə yetirilmədi. Türkiyə və Azərbaycan əvvəldən Ermənistanı bölgədə əl-qol açmağa qoymamalıydı. Rus təyyarəsinin vurulmasına qədərki dönəmdə Türkiyə-Rusiya münasibətləri Ermənistanın tarazlıqlara riayət etməsinə səbəb olurdu, hər məsələdə olduğu kimi, ermənilər təyyarə böhranını da fürsət bilib, yaranmış vəziyyətdən istifadə etməyə çalışırlar. Yaxın gələcəkdə problemin sülh yoluyla həlli variantını görmürəm, ona görə Azərbaycan öz hərbi potensialını artırmalı və Ermənistanın bu cür təxribatlarının qarşısını almağa həmişə hazır olmalıdır”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
300 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...