Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 13%-ə endirib

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 13%-ə endirib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.

"APA-Economics" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib ki, faiz dəhlizinin parametrləri haqda qərar faktiki orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla qəbul edilib: "Bu müsbət meyllərinin davam etməsindən asılı olaraq Mərkəzi Bank faiz dərəcələrinin real səviyyəsini pozitiv zonada saxlamaqla bundan sonra da azaldılmasını mümkün hesab edir. Qiymətləndirmələrə əsasən yeni iqtisadi tsiklə adekvat olaraq neytral pul siyasətinə tədrici keçid iqtisadi aktivliyə müsbət təsir edəcək".

Onun sözlərinə görə, edilən dəyişiklik monetar siyasətin yumşaldılması deməkdir: "Biz il ərzində inflyasiya tempindən asılı olaraq dayanıqlılığın səviyyəsini, il ərzində formalaşan inflyasiya səviyyəsini tapmaq fikrindəyik. Bunu qeyd etmək istəyirəm ki, xaricin şoklar və risklər baş verməzsə, inflyasiya 6,8%-dən aşağı səviyyəsində olacaq. Bunu reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik".

E.Rüstəmov qeyd edib ki, faiz dəhlizinin parametrlərinin dəyişdirilməsi haqqında qərarı qəbul edərkən Mərkəzi Bankın İdarə Heyəti xarici və daxili mühitdə baş verən aşağıdakı prosesləri nəzərə alıb: "Mərkəzi Bank bundan sonra da iqtisadiyyatda və maliyyə bazarlarında baş verən prosesləri diqqətlə izləməyə davam edəcəkdir və öz səlahiyyətləri çərçivəsində sərəncamında olan alətlərlə qiymətlərin sabitliyini təmin etməyə çalışacaq. Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin aprel ayında müzakirə ediləcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
761 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...