Lökbatan-Qobu yolunun asfalt örtüyü sıradan çıxdı, 2 milyon batdı - FOTOLAR

Lökbatan-Qobu yolunun asfalt örtüyü sıradan çıxdı, 2 milyon batdı -

Anar Nəcəfli: “Havaların yağışlı olması ilə əlaqədar işlər dayandırılmışdı”
Ötən il yenilənən Lökbatan-Qobu avtomobil yolundakı son vəziyyət görənləri təəccübləndirir. Belə ki, yolun asfalt örtüyünün böyük hissəsi sıradan çıxdığı üçün, yenidən üzlənir.

2017-ci ilin aprel ayında “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin internet saytında Lökbatan-Qobu avtomobil yolunun 7.2 km hissəsində asfaltlanma işlərinin yekunlaşdığı haqda məlumat verilmişdi.

Yenilənmiş asfalt örtüyü Lökbatan yolunun üzərində məcburi köçkün ailələri üçün inşa olunan yaşayış binaları istiqamətindən başlayaraq, qəsəbənin mərkəzinə qədər davam edir. Bu yolda heç bir qaşınma işləri aparılmayıb.

Qurumun saytından götürərək bu yazıya daxil etdiyimiz fotolar 2017-ci ilin aprel ayında çəkilib və yolun hazır vəziyyətdə olmasını göstərir. Lakin musavat.com-un əməkdaşının çəkdiyi fotolarda həmin asfalt örtüyündən əsər-əlamət qalmayıb. Qobu kəndinin içərisindən Lökbatana qədər apardığımız müşahidə zamanı bir neçə yerdə asfalt örtüyünün pərakəndə formada yeniləndiyinin şahidi olduq.

Halbuki, bir neçə ay öncə isə bu yolun asfalt örtüyü əla vəziyyətdə idi. Ətrafda yaşayan sakinlər də yenilənən yolun hansı səbəbdən dağıdıldığını anlamaqda çətinlik çəkir. Diqqət edərkən yolun xüsusi texnika ilə qaşındığını sezmək olur. Qaşınan yolda yapışıb qalan asfaltın qırıntı və layları bunun sübutudur. Hazırda yol nəqliyyatın hərəkəti üçün açıq olsa da, qaşınmış vəziyyətdə olduğundan gediş-gəliş xeyli çətinləşib.

Ətrafda tikinti işləri aparan şəxslər yeni asfaltlanan yolun qaşındığını təsdiqlədilər. Yolun qaşınaraq, yenidən təmirə bağlanması onları təəccübləndirib: “Lökbatan-Qobu yolunda iki ildir təmir işləri aparılsa da, yekunlaşdıra bilməyiblər. Kəndin içərisindən Lökbatana qədər ərazidə asfaltlanma işləri getdi. Sözün açığı, iş çox ləng gedirdi. Ötən il toz-torpağın içərisində qaldıq. İndi iş deyəsən yenə uzanacaq. Çəkilən yolu yenidən qaşımağa başladılar. Belə gedərsə, bu il də yol təhvil verilməyəcək. Xaricdə bu müddət ərazində yüz kilometrlərlə yolu təhvil verirlər, bunlar 4-5 kilometrlik yolu hələ də asfaltlaya bilməyiblər. İndi təzədən asfaltlama işləri aparıb, pul siləcəklər”.

Qeyd edək ki, daha öncə istifadəyə verilən yolun asfalt örtüyü olsa da, bəzi tamamlanma işləri, məsələn, yolayırıcı xətlərin çəkilməsi, kənarına bordyorların düzülməsi, işıq dirəklərinin quraşdırılması kimi məsələlər qalmışdı. Sözügedən qurum bu işləri görmək əvəzinə vəsaitləri asfalt örtüyünü yenidən çəkməyə yönləndirib. Yol kənarında yaşayış evləri az olduğundan və hər hansı ictimai-iaşə obyektləri olmadığından işıq dirəkləri quraşdırılmayan yola axşam saatlarında zülmət çökür. Bu da sürücülər üçün təhlükə yardır.

Bundan başqa, Qobu kəndinin sakinləri kəndin içərisindən keçən yolda asfalt örtüyünün yenilənməsi ilə bağlı da bəzi məqamlardan şikayətçidirlər. “Xoş gəldin” yeni yaşayış massivinin Ziya Bünyadov küçəsində daha öncə də köhnə asfalt örtüyü qazılaraq, yenisi ilə əvəzlənmişdi. Sakinlər bu işlərin keyfiyyətsiz şəkildə aparılmasından narazıdırlar: “Təxminən bir həftə öncə yol yenilənsə də, artıq sıradan çıxmağa başlayıb. Asfaltlama işlərini apararkən standartlara əməl olunmayıb. Yolun kənarlarında bərkitmə işləri aparılmayıb. İndi həmin yerlər nəqliyyatın hərəkəti ilə ovxalanmağa başlayıb. Bir neçə yerdən yol içəriyə doğru ovxalanır. Asfaltlanma işləri aparılarkən də öz iradımızı bildirdik. Lakin heç bir faydası olmadı. Bu yol bəlkə də 4-5 dəfə təmir olunub. Təbii ki, bu da işin keyfiyyətsiz görülməsindən irəli gəlir. Uzağı bir ay ərzində yol yenidən qəzalı vəziyyətə düşəcək”.

Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə 47 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Lökbatan-Qobu avtomobil yolunun tikintisi məqsədi ilə 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2 milyon manat ayrılmışdı.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “Yeni Müsavat”a bildirib ki, sözügedən yolda tikinti işləri bitməmişdi: “Lökbatan-Qobu yolunun yenidən qurulması işləri 2016-cı ilin sonlarından başlanılıb. 2017-ci ildə asfalt beton örtüyünün üst qatı vurulub. Havaların yağışlı olması ilə əlaqədar işlər dayandırılmışdı. Sonuncu lay asfaltın aşınma qatının döşənməsi işləri qalmışdı. 2018-ci ilin yazında yenidən işlərə start verilib. Hazırda orda sonuncu layın döşənməsinə hazırlıq və döşənməsi işləri aparılır. Bu ilin yay aylarında yolun tam verilməsi nəzərdə tutulur”.


Lökbatan-Qobu yolunun asfalt örtüyü sıradan çıxdı, 2 milyon batdı -
Lökbatan-Qobu yolunun asfalt örtüyü sıradan çıxdı, 2 milyon batdı -
Lökbatan-Qobu yolunun asfalt örtüyü sıradan çıxdı, 2 milyon batdı -
Lökbatan-Qobu yolunun asfalt örtüyü sıradan çıxdı, 2 milyon batdı -
Lökbatan-Qobu yolunun asfalt örtüyü sıradan çıxdı, 2 milyon batdı -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
179 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...