"Məhz dövlətin dəstəyi sayəsində benzinin qiyməti artmayacaq" - SOCAR rəsmisi

"Məhz dövlətin dəstəyi sayəsində benzinin qiyməti artmayacaq" -

"Dünyadakı bütün neftayırma zavodları ildə bir dəfə cari təmirə dayanır. Bu, texniki təmirdir".

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu “Report”a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.

Onun sözlərinə görə, əvvəllər də Azərbaycanda daim bu proseslər olub: “O zaman insanlar heç vaxt benzinin qiymətinin qalxacağı və Azərbaycanın benzin idxal edəcəyi kimi bir problemlə qarşılaşmayıblar”.

Təlaş keçirməyə lüzum yoxdur

Ekspert deyir ki, bunun iki səbəbi var: “Bu səbəblərdən birincisi bu cari təmirin iki-üç həftə davam etməsi olub. Təmir zamanı Heydər Əliyev adına Neft Emalı Zavodunun rezervuarları və orada toplanmış neft məhsulları imkan verirdi ki, təmir dövründə ölkənin yanacağa olan tələbatını tam ödəsin. Ancaq nəzərə almaq lazımdır ki, sonrakı illərdə, əsasən 2010-cu ildən sonra Azərbaycana həddən artıq çox avtomobil idxalını müşahidə etdik. Əgər 2010-2015-ci illərin göstəricilərinə baxsaq, bu, il ərzində 75 min, hətta 100 mindən çox avtomobilin idxalı deməkdir. Əlbəttə, əgər hər il avtomobilin sayı bu qədər çoxalırsa, deməli, benzinə, yanacağa olan tələbat da artmalıdır”.
İ. Şaban deyir ki, 2015-ci ildən sonrakı dövrdə isə avtomobillərin idxalı kəskin azalsa da, ancaq yenə də hər il orta hesabla ölkəyə 15-20 min ədəd avtomobil daxil olduğunu görə bilərik: “Yerli bazara bu qədər avtomobil daxil olursa, deməli, yanacaq istifadə etməlidir və bu baxımdan istehlak da artır”.

Mərkəz rəhbəri bildirib ki, artıq 2018-ci ildən müşahidə edilir ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda cari təmirdən əlavə, həm də modernizasiya işləri aparılır: “Artıq bir ay müddətinə zavodun fəaliyyəti dayanır. Yəni həm müddət uzanır, həm də daxildə istehlak artır. Bu səbəbdən xaricdən yüksək oktanlı benzinlə yanaşı, aşağı oktanlı, ölkə bazarının əsas istehlak yanacağı olan Aİ-92 markalı benzin də idxal edilməyə başlanılıb. Təbii ki, idxal benzini daha bahadır. Bu dövrdə qiymətlərin dəyişməsi və sonradan yenidən əks hala qaytarılması istehlakçılar üçün diskomfort yarada bilər”.

"Azərbaycanda yanacaq bazarında qiymət dövlət tərəfindən tənzimləndiyindən hər hansı dəyişikliyə və bununla bağlı istehlakçılar arasında təlaş keçirməyə lüzum yoxdur".

Ekspert qeyd edib ki, Azərbaycanda yanacaq bazarı bazar qanunlarına tabe deyil və bu bazar dövlət tərəfindən tənzimlənir: “Buna görə də Nazirlər Kabineti ötən ildən təmir müddətində özünü sığortalamaq məqsədilə belə qərar verib. Çünki, təmir müddəti bir ay və bir aydan da bir qədər artıq olur, qərar isə 90 gün müddətlik verilir. Burada müəyyən fors-major halları da nəzərə alınır və bu müddətdə ölkəyə gətirilən benzin üçün rüsumlar sıfırlanır. Bunun nəticəsində daxili bazarda qiymətin sabit qalmasına şərait yaradılır. Cari ildə də bu məsələ təkrarlanır. Çünki zavodda yenidənqurma işləri davam edir”.

İ. Şaban deyir ki, benzinin idxalı prosesi gələn 2020-ci ildə də olacaq: “Gözləyirik ki, 2021-ci ildə də belə olsun. 2021-ci ildə dizel yanacağı “Euro-5” ekoloji standartı ilə istehsal edilərək daxili bazara buraxılacaq. Sonrakı ildə isə artıq benzin “Euro-5” ekoloji standartı ilə istehsal ediləcək. Həmin dövrə qədər bu məsələ gündəmdə olacaq və qiymət dövlət tərəfindən tənzimləndiyindən daxili bazarda hər hansı dəyişikliyə və bununla bağlı istehlakçılar arasında təlaş keçirməyə lüzum yoxdur”.

Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib. Baş nazir Novruz Məmmədovun imzaladığı sənədə görə, 2019-cu ilin sentyabrın 1-dən Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib.

Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.
Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Bu Qərarlar 90 gün müddətində qüvvədə qalacaq.
Qiymət artımı nəzərdə tutulmur

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlamasında bildirib ki, Azərbaycanın benzin idxalı rüsumundan azad edilməsi hər il həyata keçirilir.

Onun sözlərinə görə, bu, onunla bağlıdır ki, bütün neft emalı zavodları olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən əsas yanacaq mənbəyi olan Heydər Əliyev adına Neft Emalı Zavodu da ildə bir dəfə təmir-sazlama işləri üçün dayandırılır: “Son illərdə həmin təmir-sazlama işləri, yəni zavodun müvəqqəti dayandırılması bir az da ona görə uzanır ki, zavodda həm də genişmiqyaslı modernizasiya işləri həyata keçirilir. Bu modernizasiyanın əsas məqsədi yaxın illərdə Azərbaycanda istehlakçıların daha yüksək keyfiyyətli benzin və dizel yanacağından istifadə edə bilməsi və ölkədə istehsal edilən yanacağın standartının “Euro-5” səviyyəsinə qaldırılmasıdır”.

"Azərbaycanda Neft Emalı Zavodunda müvəqqəti təmir işləri benzinin qiymətinin artmasına səbəb olmayacaq və heç bir artım gözlənilmir".

SOCAR rəsmisi bildirib ki, bəzi qurğuların dayandırılması və təhlili daha çox vaxt tələb etdiyinə görə, il ərzində yığılan yanacaq ehtiyatları zavodun fəaliyyətinin dayandırıldığı dövr üçün istehlaka kifayət etmir: “Bunun üçün də əsasən xaricdən müəyyən qədər “Aİ-92” markalı benzini idxal edirik. Bu, müvəqqəti bir tədbirdir. Sonradan bütün qurğuların istismarı bərpa olunur və artıq idxala ehtiyac qalmır. Dövlət bunu buna görə edir ki, SOCAR-ın həmin dövrdə idxaldan yaranan zərərini azaltsın. Bu zərər isə o səbəbdən yaranır ki, xaricdə benzinin qiyməti Azərbaycanda benzinin satış tarifindən daha yüksəkdir. Yəni xaricdən idxal etdiyimiz benzinin ölkədaxili bazardan satışı mənfəətə deyil, zərərə səbəb olur”.

İ. Əhmədov deyib ki, hazırda 0,90 manata satılan “Ai-92” markalı benzin həmin qiymətdə qalacaq: “Məhz dövlət dəstəyi sayəsində benzinin müvəqqəti idxalı qiymət artımına səbəb olmur. Ötən illərdə də idxal həyata keçirilərkən və bunun müvəqqəti olduğundan qiymət artımına səbəb olmamışdı. Qiymət artımı baş verməsin deyə, dövlət SOCAR-a dəstək olaraq benzini idxal rüsumundan azad edib. Bu, bizim zərərimizi azaldır və yaranan zərərin qalan hissəsi də dövlət büdcəsindən bir növ sosial müavinət olaraq sonradan qarşılanır”.

SOCAR sözcüsü vurğulayıb ki, dövlətin sosial siyasəti bundan ibarətdir ki, Azərbaycanda benzin və dizelin qiyməti mümkün olan aşağı səviyyədə olmalıdır: “Ümumilikdə, yerli istehlakçılar mümkün olan aşağı qiymətə yanacaq məhsullarını əldə etməlidirlər. Bunu dövlət lazım olduqda həm idxal rüsumundan azad etməklə, həm də büdcədən əlavə vəsait təmin etməklə həyata keçirir. Məhz bunun nəticəsində Azərbaycanda müvəqqəti təmir işləri benzinin qiymətinin artmasına səbəb olmayacaq və heç bir artım gözlənilmir”.

İ. Əhmədov deyir ki, böyük ehtimalla, ötən ildə olduğu kimi, dizel yanacağının idxalına ümumiyyətlə ehtiyac olmayacaq: “Zavodda dizelin istehsalı davam edəcək. Əsasən, Aİ-92 markalı benzinin idxalla əvəzlənməsi lazım olacaq. Ötən il bir ayın istehlak tələbindən aşağı həcmində yanacaq idxal edilib. Böyük ehtimalla, bu ildə bu rəqəm ötən ilin idxal həcmindən çox fərqlənməyəcək. İdxal ediləcək yanacağın həcminin dəqiq rəqəmini isə yekun nəticəyə görə bildirmək mümkün olacaq”.

Hansı ölkələrdən nə qədər benzin almışıq?

2018-ci ildə Heydər Əliyev adına Neft Emalı Zavodu təmirə dayandığı müddətdə Azərbaycana 72 min 596,05 ton “Aİ-92” markalı avtomobil benzini idxal edilib. Belə ki, ötən il bir ay müddətində idxal edilən benzinin ümumi dəyəri isə 58 mln 913,5 min ABŞ dolları təşkil edib.

2017-ci ildə isə idxal edilən avtomobil benzinin ümumi həcmi 78 min 253,61 ton olub. Həmin dövrdə isə idxal edilən bu növ yanacağın ümumi dəyəri isə 46 mln 537,38 min dollar olub. Beləliklə, 2018-ci ildə Azərbaycana idxal edilən benzinin həcmi 7,3% azalıb, məbləğ nisbətində isə 26,6% artıb.

Beləliklə, 2018-ci ildə Azərbaycana Aİ-92 markalı benzin əsasən Rusiya, Böyük Britaniya və Qara dəniz hövzəsi ölkələrindən idxal edilib. Ötən il ərzində Rusiyadan ümumi dəyəri 32 mln 18,4 min dollar olan 39 min 937,5 ton həcmdə benzin idxal edilib. Böyük Britaniyadan isə ötən il ərzində ümumi dəyəri 26 mln 895 min dollar olan 32 min 658,55 ton “Aİ-92” markalı benzin gətirilib.[/justify]



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
515 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...