Azərbaycana gətirilən 24 ton yararsız ət geri qaytarılıb

 Azərbaycana gətirilən 24 ton yararsız ət geri qaytarılıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) jurnalistlər üçün Heydər Əliyev adına hava limanında yerləşən Bakı Karqo Terminalına infotur təşkil edib.

Azvision.az xəbər verir ki, jurnalistlərin iştirakı ilə məhsullara gömrük ərazisinə daxil olduqdan sonra gömrük orqanı və AQTA əməkdaşları tərəfindən baxış keçirilib.

AQTA-nın sektor müdiri Samir Rüstəmli məlumat verib ki, cari ilin 9 ayı ərzində 24000 kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb, 16 müraciətə (karantin tətbiq edilən orqanizmin aşkarlanması ilə bağlı) imtina verilib.

"Aşkar olunan karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 105572 kq məhsul məhv edilib, habelə 925.4 ton məhsul müxtəlif üsullarla (fumiqasiya, termik emal, ələnmə və s.) zərərsizləşdirilib. Nəticələr uyğun olduğu təqdirdə məhsullara qida təhlükəsizliyi sertifikatı verilir ki, həmin sənədlə sahibkarlar idxal etdikləri məhsulları ticarət dövriyyəsinə daxil edə bilirlər. Geri qaytarılan məhsullar qonşu ölkələrdən gələn məhsullardır. Bunlar da əsasən yay aylarında meyvə tərəvəzlər olub. Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində 19997 qida təhlükəsizliyi sertifikatı verilib".

S.Rüstəmli qeyd edib ki, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq müxtəlif nəzarət tədbirləri həyata keçirilir.

"Risk əsaslı yanaşmada 3 meyar əsas götürülür: məhsulun risk səviyyəsi, ixracatçı ölkənin qida təhlükəsizliyi sisteminin göstəriciləri və idxalçının uyğunluq tarixçəsi. Belə ki, ilk olaraq məhsulu müşayiət edən müvafiq sənədlər yoxlanılır. Sənədlər qaydasında olduğu təqdirdə məhsul partiyası identiklik və ya eynilik yoxlamasından keçirilir. Yəni sənədlərdə bəyan edilmiş məhsulla faktiki idxal olunmuş məhsulların eyniliyi yoxlanılır. Bundan sonra məhsulların risk səviyyəsinə uyğun olaraq tələblərə cavab verməsini yoxlamaq məqsədi ilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilir. Laboratoriyada məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olaraq müayinə edilir, nəticələr normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi halda, məhsul geri qaytarılır, məhv edilir və ya utilizasiya olunur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
494 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...