Nizami rayonunda 2019-cu ilin yekunları müzakirə olunub

Nizami rayonunda 2019-cu ilin yekunları müzakirə olunub
Nizami rayonunda 2019-cu ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

20 fevral 2020-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai birlik və təşkilatların nümayəndələri, rayon sakinləri iştirak ediblər.
Nizami rayonunda 2019-cu ilin yekunları müzakirə olunub

İlk öncə yığıncaq iştirakçıları İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad ediblər.

Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq 2019-cu ildə rayonda görülmüş işlər barədə məruzə ilə çıxış edib.

A.Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 13 yanvar 2020-ci il tarixində keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının ötən ilin uğurlu il olduğunu, ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin dayanıqlı inkişafının təmin olunduğunu, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurların əldə edildiyini, Azərbaycanın sabitlik şəraitində yaşadığını vurğuladığını qeyd edib.

A.Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçən ilin 21 may tarixində Nizami rayonuna səfər etdiyini və Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərində yerləşən Keşlə dayanacağında yaradılan şəraitlə tanış olduğunu, 25 sentyabr tarixində birinci xanım Mehriban Əliyeva ilə birgə Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak etdiklərini və 24 dekabr tarixində isə dövlət başçısının rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimində iştirak etdiyini söyləyərək, 96 mənzilli yeni inşa olunmuş yaşayış binasındakı mənzillərin 62-sinin Qarabağ müharibəsi əlillərinə, 34-ünün isə şəhid ailələrinə təqdim olunduğunu nəzərə çatdırıb.

2019-cu ildə rayonun sosial-iqtisadi inkişafı haqqında məlumat verən A.Qasımov bildirib ki, ötən il rayon ərazisində fəaliyyət göstərən müəssisələr tərəfindən 592,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib, bütün maliyyə mənbələri hesabına 70,4 milyon manat həcmində əsas fondlar istifadəyə verilib, rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 488,7 milyon manat məbləğində vəsait yönəldilib, eyni zamanda, 124,5 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib, tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi isə 239,8 milyon manat təşkil edib. Pərakəndə ticarət şəbəkələrindən əhaliyə 2,21 milyard manatlıq əmtəə satılıb, rabitə müəssisələri tərəfindən əvvəlki ilin müvafiq dövrünə nisbətən 22,6 faiz artımla 476,4 milyon manat həcmində, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən isə 106,3 milyon manat həcmində xidmət göstərilib. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 372,9 milyon manat təşkil edib.

Ötən il rayon üzrə muzdlu işçilərin sayının əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,2 faiz artaraq 50 min nəfərdən artıq olduğunu, əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqı səviyyəsinin 11,0 faiz artaraq 723,1 manat təşkil etdiyini söyləyən A.Qasımov 2019-cu ildə rayonda 4810 yeni iş yerinin açıldığını, işaxtaran kimi 3995 nəfərin qeydiyyata götürüldüyünü, onlardan 2369 nəfərin münasib işlə təmin edildiyini, bundan əlavə “DOST” iş mərkəzinin xətti ilə 705 nəfərin sosial işlərə, özünüməşğulluq proqramına əsasən işaxtaran və işsiz vətəndaşlardan 172 nəfərin fərdi biznes fəaliyyətinə cəlb olunduğunu diqqətə çatdırıb.

A.Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il fevral ayının 12-dən may ayının 12-dək əhalinin növbəti tibbi müayinədən keçirilməsi barədə tapşırığına əsasən rayon üzrə 18 yaşdan yuxarı olan 124739 nəfərdən 84783 nəfərin tibbi müayinədən keçdiyini, onlardan 3141 nəfərin ambulator, 256 nəfərin stasionar, 96 nəfərin isə ixtisaslaşdırılmış tibb müəssisələrinə müalicəyə göndərildiyini, stasionar müalicəyə göndərilənlərdən 64 nəfərdə cərrahiyyə əməliyyatının aparıldığını bildirib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən 129 №-li tam orta məktəbin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilərək yenidən istifadəyə verildiyini qeyd edən A,Qasımov hazırda 251 №-li tam orta məktəbdə 840 şagird yerlik əlavə korpusun tikintisinin, həmçinin Səhiyyə Nazirliyi tərəfindən Keşlə qəsəbəsindəki 11 №-li Birləşmiş Şəhər Xəstəxanasının yeni binasında tamamlanma işlərinin aparıldığını diqqətə çatdırıb.

Rayon rəhbəri İDEA İctimai Birliyinin təşəbbüsü ilə B.Nuriyev küçəsində yerləşən 37, 39, 41, 43, 47, 49, 51, 53, 55, 57, 55/57, Q.Qarayev prospekti 57, M.X.Şərifli küçəsi 84, 86, 88, 90, 92 R.Rüstəmov küçəsi 35, 37, 39 və Q.Qarayev prospekti 63 saylı binaların həyətlərinin abadlaşdırıldığını və binaların əsaslı təmir edildiyini, hazirda C.Naxçıvanski küçəsi 88, 90 və 92 saylı binaların həyətlərində abadlaşdırma və binaların əsaslı təmiri işlərinin aparıldığını bildirib. Eyni zamanda, Rayon İcra Hakimiyyəti tərəfindən hazırda Q.Qarayev prospekti 73 saylı binada əsaslı təmir-bərpa işləri aparıldığını, yastı dam örtüyünün çardaq dam örtüyü ilə əvəzləndiyini diqqətə çatdırıb.

A.Qasımov həmçinin 2019-cu ildə rayonun xidmət və təsərrüfat sahələri tərəfindən görülən işlər, eyni zamanda, ictimai-siyasi və humanitar sahələr üzrə həyata keçirilən tədbirlər, təhsil və səhiyyə müəssisələrində aparılan cari təmir, rayonda aparılan abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib.
Məruzənin sonunda A.Qasımov görülən işlərlə yanaşı 2020-ci ildə qarşıda duran vəzifələrdən söz açaraq, mövcud nöqsanların aradan qaldırılması və görüləcək işlər üzrə aidiyyəti təşkilatlara tapşırıqlarını verib.
Yığıncaqda çıxış edən 129 №-li tam orta məktəbin direktoru Esmira Quliyeva 2019-cu ildə məktəbin əldə etdiyi uğurlardan söz açıb, eyni zamanda ötən il məktəbin əsaslı təmir edildiyini diqqətə çatdırıb və göstərilən diqqət və qayğıya görə dövlət başçısına və rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.

Sonra “Liftəmir” İstehsalat Birliyinin “Temp” Dövlət müəssisəsinin baş mühəndisi Həmzə Vəliyev 2019-cu ildə görülən işlər barədə ətraflı məlumat verərək ötən il ölkə başçısı İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamın icrası ilə əlaqədar Ilk işlərə pilot layihə kimi Nizami rayonunda başlanıldığını və hazırda rayonda istismara yararsız sərnişin liftlərinin dəyişdirilməsi işləri aparıldığını, onlardan 66 liftin artıq yenisi ilə əvəzləndiyini, 20 liftin yenilənməsi işinin davam etdirildiyini nəzərə çatdırıb.

Rayon sakini Arif Məsimov çıxışında yaşadığı ünvanda, eyni zamanda rayonda aparılan abadlıq, quruculuq və yenidənqurma işlərindən razılığını bildirib və rayon sakinləri adından rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına və rayon rəhbərinə minnətdarlığını ifadə edib.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev və YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva çıxış edərək, ötən il əldə olunan uğurlardan, eyni zamanda, qarşıda duran problemlərdən danışıblar və onların həlli üçün təkliflərini söyləyiblər.

Şura iclasının sonunda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar və yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...