Tərtər Rayon İcra Hakimiyyəti başçısına qarşı qarayaxma kampaniyası

Tərtər Rayon İcra Hakimiyyəti başçısına qarşı qarayaxma kampaniyası

Milli Məclisə seçkilərdə səs toplamayan namizədlər Tərtər Rayon İcra Hakimiyyəti başçısına qarşı qarayaxma kampaniyasına başlamışlar

Səhləbad kəndinin sakini Ziya Mahmudovu, Şəhriyar Məcidzadəni (Tərtər rayonun keçmiş icra başçısı Sərdar Həmidovun oğlu) və Arzu Mehdiyevanı nə birləşdirir? Şəhriyar Məcidzadə 2015-ci ildə, Ziya Mahmudov və Arzu Mehdiyeva isə 2020-ci ildə Milli Məclisə seçkilərdə öz namizədliyini verib, yetərincə səs toplamadıqları üçün deputat seçilə bilməmişlər. İndi isə birləşərək birinin dediyini digəri paylaşaraq öz facebook səhifələrində və müxtəlif saytlarda Tərtər Rayon İcra Hakimiyyəti başçısına qarşı qarayaxma kampaniyasına başlayıblar.

Ziya Mahmudov kimdir? Şəhid oğlu adından istifadə edərək müntəzəm olaraq ailəsi adına yaraşmayan işlərlə məşğul olan birisi. "Ailə vəziyyətim ağırdır, dolana bilmirəm, öhdəmdə xəstə bacılarım var”,-dedi, ona icarəyə Çaylı kəndindən 15 hektar torpaq sahəsi ayrıldı, dolana bilmirəm, dedi: Məşğulluq Mərkəzi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində 2 baş inək, 400 kiloqram yem verdilər. Bu dəfə iştahı daha da artdı. Yenidən 35 hektar torpaq istədi, alınmadı, deputat olmaq istədi, alınmadı, seçkilər ərəfəsində işi-gücü ancaq namizədlərə qarşı təxribat, dava-dalaş oldu. Namizəd Sahib Alıyevin seçicilərlə görüşlərində ona qarşı qeyri-etik davranış, təxribat nümayiş etdirdi və utanmadan bunları müxtəlif saytlarda paylaşdı. "Deputat olmaq üçün savad lazım deyil,” dedi. Elə bu savadsızlığın nəticəsidir ki, 1990-cı illərdə Səhləbad və Əskipara kəndlərində aparılan aqrar islahat zamanı yol verilmiş nöqsanların günahını 2014-cü ildə Tərtər rayonunun icra başçısı təyin edilmiş Müstəqim Məmmədovda görür. Adamları dövlətə qarşı çıxmağa çağırır, xüsusi rejimli karantin dövründə rayonun Şıxarx qəsəbəsi və Hüsənli kəndinin sakinlərini yığaraq aksiyalar təşkil edir. "Mən şəhid oğluyam, deyərək şəxsi ambisiyalardan deyil, ümumi mənafedən danışıram” desə də, əməlləri bunu demir. Ziya çəkir, çıxış edir, Şəhriyar Məcidzadə təsdiqləyir, Şəhriyar Məcidzadə yazır, Ziya paylaşır, Arzu Mehdiyeva rəy yazır.

Şəhid oğlu unudur ki, Tərtərə Müstəqim Məmmədov icra başçısi təyin edilənə qədər nə onun atası Mehrac Mahmudovun, nə Milli Qəhrəmanlar Vəzir Orucovun, Mübariz İbrahimovun, nə Azərbaycan Bayrağı ordenli İlqar Həsənovun adına küçə var idi. Məhz Müstəqim Məmmədov icra başçısı təyin ediləndən sonra adları qeyd olunan şəhidlərin adı əbədiləşdirildi, onların adını daşıyan küçələrdə səliqə-səhman yaradıldı, girişlərində baralyefləri qoyuldu.


2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Nicat İsgəndərov da unudulmadı, onun da adına küçə verildi. Həmin küçə də digər şəhid adını daşıyan küçələr kimi abadlaşdırıldı. Yeri gəlmişkən şəhid oğlu atasının adını daşıyan küçənin açılışına hamıdan sonra gəlmişdi, həm də hansı vəziyyətdə. Bu, həmin açılışda olan tərtərlilərin hamısının yadındadır. İndi isə Ziya Mahmudov öz facebook səhifəsində naməlum şəhid məzarları ilə bağlı paylaşım edib hamını suçlayır. Ziya Mahmudovun paylaşımını isə Şəhriyar Məcidov və Arzu Mehdiyeva təsdiqləyir. Olmazmı ki, Ziya Mahmudov çəkilişdə dönə-dönə şəhid övladı olduğunu qeyd etməkdənsə, bir gənc kimi təşəbbüs irəli sürüb gənclərlə birlikdə həmin naməlum əsgər məzarlarının ətrafını təmizləyib, çəkiliş edib, nümunə göstərə idi. Onda bütün tərtərlilər bu şəhid balasını alqışlayardılar.

Digər paylaşımında "İcra başçısı liseyin pəncərələrini hördürdü: villasının həyəti göründüyü üçün” deyir. Bildiririk ki, Tərtər İlk Peşə İxtisas Məktəbində 1993-cü ildən 2018-ci ilə qədər məcburi köçkünlər məskunlaşmışdılar. Binanın sanitar qovşaq tərəfdə yerləşən pəncələri illər öncə hörülmüşdür. Həmin ərazidə ictimai yaşayış binalarının fasad hissələri təmir olunub rənglənərkən peşə məktəbinin həmin hissəsi də rənglənmişdir. 2018-ci ildə orada məskunlaşan məcburi köçkünlər Şıxarx qəsəbəsində 1176 ailəlik məcburi köçkünlər üçün salınmış qəsəbəyə köçürülmüşdür. Bina Təhsil Nazirliyinə təhvil verilmiş, hazırda orada məcburi köçkünlər yaşamır, bina istismara yarasızdır, əsaslı təmirə ehtiyacı var. İcra başçısı tərəfindən binanın pəncərələrinin hörülməsi üçün heç bir göstəriş verilməmişdir.

Şəhriyar Məcidzadə isə özü etiraf edir ki, Ziya Mahmudovun çəkdiklərini məcbur qalıb paylaşır: "Çünki sən Müstəqim Məmmədov mənim babamın tikdiyi İsgəndər, Sərdar, Zakir Həmidovların böyüdüyü evini, mənim yurdumu alıb quldurlara, rekertlərə vermək istəyirsən”.

Əvvəla Şəhriyar Məcidzadənin babasının yurdu Tərtərdə deyil, Kəlbəcər rayonun Bağlıpəyə kəndindədir və babası Məcid kişinin Tərtər üçün heç bir özəl fəaliyyəti və şəhidliyi olmaya-olmaya atası Sərdar Həmidov Tərtərin ən böyük küçələrindən birinə sərəncam verərək atasının-"şəhid” Məcid Məmmədov adını vermişdir. Müstəqim Məmmədov başçı təyin ediləndən sonra həmin küçəni Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adını verdi və şəhid adını daşıyan bütün küçələri abadlaşdırdı, küçənin girişində baralyefini qoydu.

Tərtər Rayon İcra Hakimiyyəti başçısına qarşı qarayaxma kampaniyası
Tərtər Rayon İcra Hakimiyyəti başçısına qarşı qarayaxma kampaniyası

Qayıdaq torpaq məsələsinə: Sözügedən torpaq Şəhriyar Məcidzadənin babasının deyil, atasının evinin həyət darvazasından çöldə qanunsuz zəbt edilmiş 2,5 hektar torpaq sahəsidir və həmin torpaq sahəsinin ona məxsus olduğunu təsdiq edən qanuni sənədi yoxdur. Şəhriyar Məcidzadə həmin boş ərazidən vətəndaşların Tərtər bələdiyyəsinə müraciət edərək torpaq istəməsini eşidib əl-ayağa düşüb. Bu barədə "Pravda.az”, "Qaynarinfo.az” saytlarında dərc edilmiş "İsgəndər Həmidovun qardaşı oğlu: Tərtərin icra başçısı mənə məxsus torpağı aftoritetə verib” başlığı altında yazılar vermişdir. Bildiririk ki, sözügedən torpaq sahəsi Şəhriyar Məcidzadə tərəfindən zəbt olunmuşdur, ona məxsus olması barədə heç bir hüquqi sənədi yoxdur. Yazıda aftoritet kimi təqdim edilən Əliyev İlqar Fərəc oğluna da həmin ərazidən bələdiyyə tərəfindən torpaq sahəsi verilməsi ilə bağlı heç bir hüquqi sənəd verilməmişdir. Vətəndaş istifadə olunmayan həmin ərazidən ona torpaq sahəsi ayrılması üçün Tərtər bələdiyyəsinə müraciət etmişdir.

Şəhəriyar Məcidzadə öz facebook səhifəsində Tərtərdə evlərinə Azrəişığın adı ilə naməlum şəxslərin girdiyini bildirmiş, hüquq-mühafizə orqanlarına araşdırılması üçün müraciət etmişdir. Bildiririk ki, çıxışda adıçəkilən Asim Məmmədov İsmayılbəyli yarımstansiyasında elektrik işləyir. 25 may 2020-ci il tarixdə İsmayılbəyli yarımstansiyasını ildırım vurduğu üçün Tərtər Elektrik Şəbəkəsinin işçiləri tərəfindən xəttlərə baxış keçirilmişdir. 35 kilovotluq Sarıcalı hava xətti Şəhriyar Məcidzadənin ata evinin qarşısında zəbt etdiyi torpaq sahəsindən keçdiyi üçün işçilər tərəfindən xətt yoxlanarkən bir kişi və qadın yaxınlaşaraq onlara qarşı təhqiramiz ifadələr işlədərək burada nə etdiklərini soruşmuş, Asim Məmmədov onlara 35 kilovotluq Sarıcalı hava xəttini yoxlamaları barədə məlumat vermiş və ərazini tərk etmişlər.

Məlumat üçün bildiririk ki, yüksək gərginlikli hava xəttlərinin sağa və sola 15 metr mühafizə zolağı olmalıdır. Şəhriyar Məcidzadə 35 kilovotluq Sarıcalı hava xəttinin keçdiyi ərazini də zəbt etmişdir.

Səs toplamayan namizədlərə bildirmək istəyirik ki, Milli Məclisə seçkiləri icra başçıları deyil, Mərkəzi Seçki Komissiyası keçirir. Kaş ki, onların bu birliyi şəxsi ambisiyalardan icra başçısına qarşı deyil, hansısa bir xeyirxah iş görməyə yönələ idi...

Rafiq Dadaşlı

Redaksiyadan: Yazı redaksiyanın mövqeyi deyil. Məqalədə adları çəkilmiş şəxslərin də mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
709 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...