Daha bir rayon su böhranı ilə üz-üzədir

Daha bir rayon su böhranı ilə üz-üzədir

Azərbaycanın daha bir rayonunda su çatışmazlığı yaşana bilər.

“Report”un məlumatına görə, Cənub-Muğan kanalının Biləsuvar rayonundan keçən hissəsində suyun azalması sakinlərin ciddi narahatlığına səbəb olub.

Kanalda suyun quruması rayonun Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində su çatışmazlığına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, son bir ayda həmin kəndlərə su fasilələrlə verilib.Artıq bir neçə gündür ki, Cənub-Muğan kanalının qeyd olunan kəndlərdən keçən ərazisində isə su tamamilə quruyub. Sakinlər içməli su, eyni zamanda kənd təsərrüfatında əkin və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda çətinlik çəkirlər.

Qeyd edək ki, Cənub-Muğan kanalı 1960-cı ildə istismara verilib. Onun uzunluğu 65 kilometrdir. Qidalanma mənbəyini Araz çayından götürən Cənub-Muğan kanalı Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabad rayonunda yerləşir.

Xatırladaq ki, son günlər Kür çayında suyun səviyyəsinin aşağı enməsi Xəzər dənizinin çaya tökülməsinə səbəb olub. Qeyri-adi təbiət hadisəsi Kür çayı boyunca irəliləməkdə davam edir.

Xəzərin Kürə qarışması Neftçala rayonunda içməli və suvarma sularının çatışmazlığı ilə nəticələnib. Bu da rayonda ciddi ekoloji təhlükənin yaranmasına səbəb olub. İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışıb. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 və 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndlərinin və şəhər mərkəzinin əhalisi çətin durumda qalıblar.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
171 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...