"Qonaq getdik, 14 nəfəri yoluxdurdum" — Koronavirusa yoluxan həkimlə MÜSAHİBƏ

"Qonaq getdik, 14 nəfəri yoluxdurdum" —
Mən yoluxandan sonra dializ xəstələrində də çıxdı, kardiologiya şöbəsində də testi pozitiv çıxan xəstələr oldu. Onların koronavirus xəstəsi olduqlarını bilmədən müayinə edirdik, qorunmamışdıq.

Gundeminfo.az xəbər verir ki, bunu Milli.Az-a müsahibəsində 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") həkim-radioloqu Günel Məmmədova deyib.

Sağaldıqdan sonra yenidən koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkimlə müsahibəni təqdim edirik:

Test götürülərkən artıq virusun hansısa simptomlarını hiss edirdiniz?

- Qəbul şöbəsində bir neçə xəstədə pozitiv çıxdı. Ona görə, may ayının 10-u biz həkimlərdən də test götürdülər. Məndə pozitiv çıxdı analiz, amma heç bir simptom yox idi. Asimptomatik (Simptomsuz) olduğuna görə Koroğludakı "Atletlər kəndi"nə apardılar. 10 gün "Atletlər kəndi"ndə qaldım, ayın 20-si iki dəfə test götürüldü, hər ikisi neqativ çıxdı. Heç həmin vaxt koronavirusun simptomları da məndə yox idi. Güman edirəm ki, mənim inkubasiya (Virusa yoluxduqdan simptomların hiss edildiyi müddət aralığı) dövrüm uzun olub.

Koronavirusa görə ikinci dəfə karantinə alınmısınız. Səbəb nə idi?

- Evə gəldim, hardasa 3-4 gündən sonra evdə qayınatam, qayınanam, qızım və məndə əlamətləri başladı, üşütmə, titrətmə, temperatur qalxdı, dad-qoxu bilmədik. Test götürüldü, uşaqlarım, yoldaşım və məndə ailəliklə hamımızda pozitiv çıxdı. Hamımız Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirildik. Məndə pozitiv çıxdı, 10 gündən sonra evdəkilərlə birgə yenidən analiz verdik. Ailə üzvlərimdə neqativ çıxdı, məndə yenidən pozitiv çıxdı. Məndə virus neqativləşmədi, əlavə 14 gün Tədris Terapevtik Klinikasında qaldım. Mən düz 1 ay 20 gün koronavirusla mübarizə apardım.

Müalicə zamanı hansı preparatlardan, dərmanlardan istifadə etdiniz?

- Ümumi müalicəni bildiyimə görə, temperatur qalxan kimi "Paraçitamol, "Azitromisin" bir də "Arbidol" qəbul etməyə başladıq. 2 gün sonra xəstəxanaya gedəndə artıq vəziyyətimiz yaxşı idi. Rentgen olunduq, ağciyərimiz şükür ki, təmiz çıxdı. Sistem köçürülürdü bizə. İkinci dəfə əlavə 14 gün müalicə müddətində mənə "Arbidol" verildi.



Belə çıxır ki, ailə üzvlərinizə siz yoluxdurmusunuz...

- Bəli! Mən düz 14 nəfəri yoluxdurdum. Ramazan bayramı vaxtı idi, qayınatamgildə idik. Təəssüf ki, baldızımın ailəsini, qaynımın ailəsini, qayınatam, qayınanam və öz ailəmi yoluxdurdum. İndi şükür, hər kəs sağalıb, hamı yaxşıdır.

Ətrafınızda hələ də koronavirusun olduğuna şübhə ilə yanaşanlar var?

- Mən yoluxduğum dövrdə biganə yanaşanlar, inanmayanlar daha çox idi. Elə yoldaşımın ailəsi də bu virusa laqeyd yanaşırdı ki, "Sən onsuz da "Atletlər kəndi"ndə elə-belə yatmısan. Heç nəyin yoxdur sənin". Mən başa sala bilmədim ki, bu inkubasiya dövrü uzun ola bilər. Özləri yoluxandan sonra inandılar (gülür).

Koronavirusa yoluxmamaq üçün nə etməlidirlər?

- İnsanları çağırıram ki, karantin qaydalarına əməl etsinlər, sosial məsafəyə riayət etsinlər, maska taxsınlar ki, virusa yoluxmasınlar. Hər kəs mənim kimi yüngül keçirə bilməz. İndiki mutasiya olunmuş virusa yoluxanlar daha ağır keçirirlər. Mən koronavirus xəstələri üçün ayrılan 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") iyulun 3-dən işdəyəm, yenə də qorunuram. Ağciyərim rentgen müayinəsindən təmiz çıxsa belə, simptomları elə də asan olmurdu: güclü əzələ ağrıları, yüksək temperatur titrətmə ilə. Mən, ümumiyyətlə, xəstələnən insan deyildim, çox nadir hallarda olardı. Bu xəstəliyi çox tez tutdum və siptomları çox idi. Hətta mən xəstəxanadan çıxandan sonra 2 həftəlik ev karantinim müddətində də virusun fəsadları hiss edilirdi. Ürəyim əsirdi, halsızlıq, iştahsızlıq var idi, dad-qoxu bilmə gec gəldi. Mən 1 ay 20 gün, demək olar ki, əziyyət çəkdim.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...