Nazirlik Azərbaycanda ana ölümlərinin şikayətini açıqladı

Nazirlik Azərbaycanda ana ölümlərinin şikayətini açıqladı


“Azərbaycanda ana ölümünün strukturunda hipertenziv vəziyyətlər - preeklampsiya əsas səbəblərdən biridir”. Bunu APA-ya Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının üzvü Leyla Məmmədova deyib.

O bildirib ki, məhz preeklampsiyanı vaxtında aşkar edib vaxtında müvafiq tibb müəssisəsində tibbi yardım göstərməklə ana ölümlərini azaltmaq mümkündür: “Lakin əfsus ki, qadınlar bəzən qeydiyyata çox gec dayanırlar və yaxud da ancaq hansısa bir problem yarandıqdan sonra həkimə müraciət edirlər. Bu gün biz, anaların vaxtında qeydiyyata dayanmaları, antenatal dövrün vacibliyini diqqətlərinə çatdırmaq üçün maksimum səylərdən istifadə edirik”.

1999-cu ildə Azərbaycanda ana ölümü göstəricisi hər 100 000 diridoğulana 43,4 idisə, 2007-ci ildə bu göstərici 35,5, 2009-cu ildə 24,3, 2014-cü ildə isə 14,6 olub.
L. Məmmədovanın sözlərinə görə, Azərbaycanda ana ölümü göstəricisində artım deyil, azalma müşahidə olunur: “Əgər 1999-cu ildə Azərbaycanda ana ölümü göstəricisi hər 100 000 diridoğulana 43,4 idisə, 2007-ci ildə bu göstərici 35,5, 2009-cu ildə 24,3, 2014-cü ildə isə 14,6 olub. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ana ölümü qadının hamiləlik dövründə, hamiləliyin müddətindən və lokalizasiyasından asılı olmayaraq və ya hamiləlik başa çatdıqdan sonra 42 gün ərzində hamiləliklə əlaqəli hər hansı bir səbəbdən, yaxud da ya hamiləliklə, hamiləliyin aparılması ilə əlaqəli ağırlaşan hər hansı bir səbəbdən ölüm kimi təyin edilir. Bədbəxt hadisə və ya təsadüfən meydana çıxan səbəbdən hamilə və zahı qadının ölümü ana ölümü hesab olunmur. Ana ölümü göstəricisi hər 100 000 diridoğulana ana ölümü hadisələrinin sayı kimi göstərilir. Minilliyin 5-ci inkişaf məqsədinə uyğun olaraq dünya ölkələri 1990-2015-ci illər ərzində ana ölümü göstəricisini 75 faiz azaltmaq öhdəliyini götürüblər. 1990-cı illə müqayisədə ana ölümü halları dünya üzrə 45 faiz azalıb”.

Elmi katib əlavə edib ki, hər bir ana ölümü halı ölüm baş verən doğuşayardım müəssisəsinin Tibbi Şurasında və Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm isə mamalıq ağırlaşmaları təhlili üzrə Doğuşayardım Komissiyasında ciddi müzakirə olunur: “Hamiləliyin ilk həftələrindən başlayaraq son günə qədər aparılan bütün müayinələr və müalicə taktikası Səhiyyə Nazirliyinin aparıcı mütəxəssisləri tərəfindən təhlil olunur və Doğuşayardım komissiyasının iclasında müzakirə olunur. Təhlil nəticəsində aşkar olunmuş təşkilati nöqsanlar, tibbi xidmətdə yol verilmiş nöqsanlar müvafiq tibb müəssisəsinin rəhbərinin və tibb işçilərinin nəzərinə çatdırılır. Hamiləlik, doğuş və zahılıq dövründə baş verən ölüm tibb işçisi tərəfindən qarşısı alına bilən səbəbdən baş veribsə, tibb işçisi lazım olan tibbi xidmət göstərməyibsə, bu halda həkim barəsində müvafiq intizam tədbirləri görülür”.

L. Məmmədova qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyanın 115 ölkəsində 60 000-dən artıq ana ölümü halının təhlili aparılıb: “Bu təhlil üzrə tədqiqat nəticəsində sağlamlıqda olan mövcud problemlər, diabet, İİV, malyariya və piylənmə hamiləlik dövründə ağırlaşaraq ölüm hallarının 28 faizinə səbəb olub. Digər səbəblər – ağır qanaxma - əsasən doğuş zamanı və doğuşdan sonra 27 faiz, infeksiya – 11 faiz, fəsadlaşmış doğuşlar və digər bilavasitə mamalıq səbəbləri 9 faiz, abortun fəsadları – 8 faiz və tromb (emboliya) – 3 faiz təşkil edib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
921 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...