Allahşükür Paşazadə islam dünyasına çağırış edib

Allahşükür Paşazadə islam dünyasına çağırış edib


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Şurasının iclasında iştirak edib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şeyxülislam həmin məclisin 50 üzvündən biri seçilib.

Livanın paytaxtı Beyrut şəhərində keçirilən və İslam aləminin nüfuz sahibi olan alimlərin iştirak etdiyi iclasda çıxış edən A. Paşazadə İslam aləminin üzləşdiyi problemlər qarşısında İslam həmrəyliyi, İslam birliyinin, xüsusən məzhəblərarası birliyin daha da möhkəmləndirilməsinin zəruriliyini xüsusi vurğulayıb. Şeyxülislam Azərbaycanda tarixən mövcud olan məzhəblərarası birliyin Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da möhkəmlənməsi və bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi İslam aləmi üçün nümunə olan birliyin yaradıldığını iştirakçıların diqqətinə çatdırıb.

Dağlıq Qarabağ probleminə toxunan A. Paşazadə Azərbaycan ərazisinin beşdə birinin erməni ekstremistləri tərəfindən işğal olunduğunu və bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün olduğunu, işğal olunmuş ərazilərdə İslam abidələrinin, məscidlərin və ziyarətgahların dağıdıldığını qeyd edərək yığıncaqda iştirak edən alimləri bunu pisləməyə çağırıb. Sonda A. Paşazadə ona böyük etimad göstərilərək İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Məclisinə üzv seçilməsi münasibəti ilə Ali Məclisin baş katibinə, təşkilatın rəhbərinə dərin təşəkkürünü bildirib.

İclas çərçivəsində QMİ sədrinin təşkilatın və Ali Məclisin rəhbərləri ilə, habelə, görkəmli İslam alimləri ilə ikitərəfli görüşləri olub.

Şeyxülislamı həmçinin Livan parlamentinin sədri Nəbih Birri qəbul edib. Görüş zamanı N. Birri Azərbaycanda keçirilmiş parlament seçkilərini yüksək qiymətləndirib və seçkilərin demokratik şəkildə keçdiyini vurğulayıb. Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə böyük ehtiyac olduğunu, bu sahədə dini liderlərin rolu qeyd olunub.

A. Paşazadə Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri həmsöhbətinin diqqətinə çatdırıb və Azərbaycan xalqının bu problemin sülh yolu ilə ədalətli həllinə tərəfdar olduğunu bildirib. Azərbaycanda məzhəblər və dini konfessiyalar arasındakı birlik və əməkdaşlığın çox yüksək səviyyədə olduğunu deyən Şeyxülislam bu birliyin başqa ölkələr üçün nümunə olduğunu xüsusi vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
954 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...