İTV bir ay əvvəl yaranan şirkəti 75 min manatlıq tenderin qalibi seçdi

  İTV bir ay əvvəl yaranan şirkəti 75 min manatlıq tenderin qalibi seçdi
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Geokan-Az2020” MMC (VÖEN- 1904794561) olub.
Yeniavaz.com xəbər verir ki, "Geokan-Az2020” MMC İTV-nin sifarişi əsasında dekorasiyanın hazırlanması və quraşdırılması işlərini görəcək.
Görüləcək işlərin qarşılığında İTV "Geokan-Az2020” MMC-yə 74 min 800 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, İTV tender müsabiqəsini bu ilin avqust ayının 25-də elan edib.
Maraqlıdır ki, tenderin qalibi olan "Geokan-Az2020” MMC tender elanından təxminən bir ay əvvəl – 17.07.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində podratçıların ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi bir ay əvvəl yaranan, bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da bildirək ki, nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Suraxanı rayonu, V Yaşayış sahəsi (Yeni Günəşli qəs.), ev 13, m. 26”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Kərimov Kərim Paşa oğludur.
Tender müsabiqəsilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, “Geokan-Az2020” MMC ilə ad bənzərliyi olan "Mornad-Az2020” MMC (VÖEN- 1904800111) bənzər şəkildə Gədəbəy Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olub.
Aşağıdakı linkə daxil olaraq bu barədə ətraflı məlumat ala bilərsiniz:
25 gün əvvəl yaranan şirkət tenderin qalibi oldu
Onu da bildirək ki, iyul ayında “Geokan-Az2020” və “Mornad-Az2020” MMC-lərin qeydiyyatda olduğu Yeni Günəşli qəsəbəsində bənzər adlar altında onlarla MMC dövlət qeydiyyatına alınıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
232 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...