"Qarabağ münaqişəsi başa çatıb, gələcəyi düşünmək vaxtıdır" Allahşükür Paşazadə

"Qarabağ münaqişəsi başa çatıb, gələcəyi düşünmək vaxtıdır"

“Fikrimizcə, Qarabağ münaqişəsi artıq başa çatıb, indi gələcək haqqında, sülh haqqında danışmaq, regionu sabit və təhlükəsiz etmək vaxtıdır”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Moskva şəhərində Azərbaycan, Ermənistan, Rusiya dini liderlərinin görüşü başa çatandan sonra bildirib.

O, dayanıqlı sülhün bərqərar olması naminə bu günədək davam etdirdiyi dəyərli sülhməramlı səylərinə görə Moskva və Rusiya patriarxı Kirilə, onun timsalında Rus Ortodoks Kilsəsinə təşəkkür edib.

“Əziz qardaşım, uzun illərdir Ermənistan – Azərbaycan münaqişəsinin dinc və ədalətli həlli üçün göstərdiyiniz sülhpərvər səylərə görə zati-müqəddəslərinizə hədsiz minnətdarıq və səmimi qəlbdən təşəkkür edirik. Dialoqun davam etməsi və qarşılıqlı etimada nail olması yolundakı qətiyyətinizi də yaxşı xatırlayırıq. Müəyyən qüvvələr tərəfindən bu münaqişəni dini müstəviyə sürükləmək marağına baxmayaraq, Sizin müdrik mövqeyiniz, sülhpərvər fəaliyyətiniz sayəsində bunun qarşısını almaq mümkün oldu”, – QMİ başçısı deyib.

A.Paşazadə xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında suveren hüquqlarına əsaslanaraq, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, başqa beynəlxalq təşkilatların müvafiq sənədlərinə uyğun olaraq beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edib: “Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatı imzalanmasından sonra iki ölkə arasında hərbi əməliyyatlara, silahlı münaqişəyə son qoyulması Cənubi Qafqazda qisasçılıq təbliğatını, Azərbaycan və Ermənistan arasında düşmənçilik çağırışlarını istisna edən, xalqlarımızın rifahı naminə əməkdaşlığa başlamağı nəzərdə tutan yeni bir dövrün başlamasına şərait yaradır”.

Onun sözlərinə görə, Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı hər hansı vahid yoxdur: "Bu gün Xankəndidə, ətraf yaşayış məntəqələrində yaşayan ermənilər başqa milli icmaların nümayəndələri kimi Azərbaycanın vətəndaşlarıdır, Azərbaycan Respublikasının qanunlarına əməl etməyə borcludurlar. Status məsələsinə gəlincə, Azərbaycan üçün bu məsələ müzakirə mövzusu deyil, ələlxüsus da dinlərarası dialoq çərçivəsində”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
101 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...