Vilyam Hacıyevin məhkəməsində şahidlər dindirilib

Vilyam Hacıyevin məhkəməsində şahidlər dindirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər ifadə verib.

“Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Əsəd Əhmədov dindirilərkən bildirib ki, rayon ərazisində fəhləliklə məğul olur.

O qeyd edib ki, V.Hacıyevin İmişli RİH-də işlədiyi dövrdə maliyyə yardımın göstərilməsi ilə bağlı rayon icra hakimiyyətinə müraciət edib: "Kart hesabıma 8 min manat pul köçürüldü. Həmin puldan 800 manatı özümə götürüb, 7 min 200 manatı isə onlara qaytardım. 2016-cı ildə də hesaba köçən 4 min manatın 400 manatını özümə, qalanını isə icra hakimiyyətinə təqdim etmişəm".

Digər şahid Taleh Şirəliyevin sözlərinə görə, mağazaya sənəd alması üçün yaxın qohumu olan bələdiyyə sədri Mehman İsmayılova müraciət edib. O deyib ki, bu iş üçün müəyyən məbləğdə pul verib.

Daha sonra şahidin istintaqda verdiyi ifadəsi elan olunub. O, istintaqda söyləyib ki, M.İsmayılova icazənin alınması üçün 400 manat verib. Bacısının adında olan 245 kv-lıq torpağın alınması üçün isə ona 1000 manat pul təqdim edib.

Məhkəmənin növbəti iclası mayın 16-na təyin olunub.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1449 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...