İranla sərhəddə Ağbənd yolu körpüsünün təməli qoyuldu

İranla sərhəddə Ağbənd yolu körpüsünün təməli qoyuldu
21 sentyabrda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasiminin iştirakı ilə (onlayn) Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.

GUNDEMİNFO.AZ APA.az-a istinadən xəbər verir ki, layihə Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılmasına, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisinin səyləri sayəsində Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olduğu və iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan ilə İran arasında nəqliyyat sahəsində də əməkdaşlıq geniş potensiala əsaslanaraq bir çox istiqamətlərdə sürətlə inkişaf edir.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında geniş bərpa və quruculuq işləri həyata keçirilir. Bu işlərin tərkib hissəsi kimi Horadiz-Ağbənd avtomobil yolu layihəsi 59%, Horadiz-Ağbənd dəmir yolu layihəsi isə 38% icra olunub.

Bu Memorandumun praktiki icrası olaraq İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında Araz çayı üzərində avtomobil və dəmir yolları körpülərinin tikintisi nəzərdə tutulur.

Hər iki ölkənin rəhbərlərinin bu təşəbbüsü yeni nəqliyyat dəhlizinin açılması ilə yanaşı, həm də elektrik enerjisi üçün önəmli bir beynəlxalq dəhlizin yaranmasına xidmət edir.

Mərasimdə diqqətə çatdırılıb ki, uzunluğu 112 kilometr olan Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolunu İran İslam Respublikasının avtomobil yolları şəbəkəsi ilə Araz çayı üzərindən birləşdirəcək körpü uzunluğu 216 m, eni isə 24,5 m olmaqla layihələndirilib. Körpüdə hər istiqamətdə 2 nəqliyyat vasitəsi və 1 piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub.

Təməlqoyma mərasimində yeni körpünün hər iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə, nəqliyyat əlaqələrinin daha da inkişaf etdirilməsinə və regionun tranzit potensialının artırılmasına öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
401 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...