İstanbulda TürkPA Ağsaqqallar Şurasının toplantısı keçirilib FOTOLAR

İstanbulda TürkPA Ağsaqqallar Şurasının toplantısı keçirilib


İstanbulda TürkPA Ağsaqqallar Şurasının X toplantısı öz işinə başlayıb. APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, toplantını açan TürkPA-nın baş katibi Ramil Həsənov deyib ki, xalqlarımızın tarixi ənənələrinə uyğun olaraq qurum öz fəaliyyətində ağsaqqalların cəmiyyətlərdəki roluna çox əhəmiyyət verir.

“Türk Şurasına üzv dövlətlərin Zirvə toplantısına hazırlıq çərçivəsində ağsaqqallarımızla bir araya gələrək onların tövsiyələrini dinləyirik, bunu əməli işimizdə həyata keçiririk. Təsadüfi deyil ki, Türk Şurası indiyə qədər ən çox Ağsaqqallar Şurasının iclaslarını keçirib”, - deyə o vurğulayıb.

Ədalət və İnkişaf Partiyasının Sakarya millət vəkili Mustafa İsen isə növbəti mərhələdə universitetlərin iştirakı ilə elmi toplantı keçirməyi və toplantıda hazırlanacaq materialların dövlət başçılarının Zirvə toplantısına təqdim etməyi təklif edib.

Öz növbəsində Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bütün beynəlxalq iclaslarda əsas dil kimi türk dilindən istifadə olunmasının vacibliyini önə çəkib: ”Beynəlxalq iclaslarda ingilis, fransız, alman, ərəb, rus dilləri kimi türk dili də danışılacaq və tərcümə ediləcək dillər arasında olmalıdır. Bunun üçün lazım olan hər şeyi etməliyik”.
İstanbulda TürkPA Ağsaqqallar Şurasının toplantısı keçirilib

Hazırda dünyanın ciddi problemlərlə üzləşdiyini deyən F. Heydərov siyasi, iqtisadi böhranların yaşandığını, qaçqın problemlərinin olduğunu qeyd edib. “Ölkələrimizin taleyini nəzərə alaraq öz sözümüzü deməkdən çəkinməməliyik. Dünyada böhranlar, savaşlar yaşanır, qaçqın problemi var. Bu məsələlər fəaliyyət dairəmizdə olmalıdır. Allaha şükür, türk dünyamız bu böhranlarla qarşılaşmayıb. Hər birimiz öz dövlətimizi təmsil edirik. Gənc nəslin gələcək taleyini düşünərək sözümüzü cəsarətlə deməliyik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, toplantıda Qazaxıstan və Qırğızıstan Ağsaqqallar Şuralarının sədrləri də iştirak edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
870 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...