Zülfiyyə Xanbabayeva: Məni fakt qarşısında qoymaq istəyirlər... Konsert öncəsi "ölürəm"

Zülfiyyə Xanbabayeva: Məni fakt qarşısında qoymaq istəyirlər...

Zülfiyyə Xanbabayeva: Məni fakt qarşısında qoymaq istəyirlər... Konsert öncəsi "ölürəm"
Tətilə, adətən, bir aylıq gedirəm.

Qısamüddətli istirahət üçün bu dəfə Türkiyəyə üz tutdum.

Orada az qalmağımın səbəbi isə işlərimlə əlaqədardır, daha dəqiq desəm, yeni mahnıma klip çəkdirirəm.

BAKU.NEWS xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva Oxu.Az-a açıqlamasında deyib.

O, "Jara-2019" beynəlxalq musiqi festivalında ifa etdiyi "Oxu" mahnısının ekran variantını gürcü komandasına həvalə etdiyini bildirib.

"Jara"da ifa etdiyim "Oxu" mahnıma Bakıda klip çəkdirdim. Hazırda montaj işləri gedir. İki-üç həftəyə klipi tamaşaçıların öhdəsinə buraxacağam. Ekran işininin rejissorluğunu gürcü Zaza Oraşvilliyə həvalə etdim. O, 15 il öncə "Gözümün qarası"nın da rejissoru olmuşdu".

Xalq artisti son illərdə çəkilən bir çox klipləri izləsə də, ən çox Röyanın klipindən xoşu gəldiyini söyləyib:

"Klip bazarında əsl canlanma var. Bu, həm gənc, həm də orta nəslin müğənniləri arasında müşahidə edilir. Amma ən çox bəyəndiyim Röyanın "Ummadığım anda" mahnısına çəkilmiş klipdir. Burada estetik nöqteyi-nəzərdən rənglər və məkan bir-biri ilə ansambl təşkil edir".

Gördüyü işlərin təqdimatını etməməsinə gəlincə, Z.Xanbabayeva bunu "heç kim heç nədən sığortalı deyil" ifadəsi ilə əlaqələndirib:

"Mən heç vaxt təqdimat etməmişəm. Yalnız böyük layihələrin sponsorları olanda (reklam məsələsi olduğu üçün) onlar təqdimatların keçirməsini tələb edirlər. Hətta konsertlərimdən öncə mətbuat konfransı keçirməmişəm. Səbəbi isə əvvəlcədən konsertin necə təşkil olunacağı ilə bağlı məqamların qeyd olunmasıdır. Mən həyatda da çalışıram ki, hər zaman özümü “sığortalayım". Axı bunun sonrası da var. Məsələn, deyəcəyəm ki, bu, belə olacaq, lakin sonra dediyimi edə bilməyəcəyəm və peşman olacağam. Həmişə çalışmışam ki, belə məsələləri jurnalistlərin öhdəsinə buraxım. Çünki sizin fikirləriniz həm bizim üçün, həm də tamaşaçılar üçün vacib və önəmlidir. Tamaşaçılara təqdim etdiyimizi siz jurnalistlər öz fikirlərinizlə pis və ya yaxşı istiqamətdə çatdırmalısınız".

Yaxınlarının ondan müntəzəm olaraq konsert verməsini tələb etdiyini deyən Xalq artisti hələ buna hazır olmadığını vurğulayıb:

"Yaxınlarım, dost-tanışlarım hətta "konsertin günlərini müəyyən edib sənin xəbərin olmadan afişalara çıxardacağıq" söyləyirlər. Bir sözlə, onlar məni bu cür fakt qarşısında qoymaq istəyirlər. Amma hələ hazır deyiləm. Açığı, bu, maliyyə məsələləri ilə də bağlı deyil.

Tamaşaçılar elə zənn etməsin ki, Zülfiyyə yorulub. Əsla! Bəzən bir qədər kənara çəkilsəm də, bir-birinin ardınca yeni layihələr təqdim etməyə çalışıram. Konsert mənim üçün çox məsuliyyətli işdir. Müğənnilər var ki, konsert öncəsi zərrə qədər həyəcan keçirmirlər. Mən isə "ölürəm". Konsert tamaşaçı önündə bir hesabatdır".

Xalq artisti repertuarında duetlərə çox yer ayırmasa da, populyar olmayan bir gənclə duet oxuduğunu və yaxın vaxtlarda həmin layihəni də təqdim edəcəyini bildirib:

"Çox az duetim var, çünki bu barədə çox xəsisəm. Siz hələ mənə "çox sağ ol" deyin ki, mən duet oxumuşam. Bu yaxınlarda gənc, lakin məşhur olmayan bir oğlan ifaçı ilə duet oxumuşam. Bəstə həmin gəncə məxsusdur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
965 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...