Şənbə      15 mart 2025     20:06:39  

“Azadlıq Radiosu”nda nə baş verir?

“Azadlıq Radiosu”nda nə baş verir?
“Azadlıq Radiosu”nda həyata keçirilən kadr dəyişikliyi radionun işçilərini narazı salıb. Onlar qurumun Azərbaycan bürosunun rəhbəri İlkin Məmmədovu özbaşınalıqda günahlandıraraq iddia edirlər ki, İ.Məmmədov hökumətə yaxın şəxslərdən birini “Azadlıq Radiosu”na redaktor təyin edib...

Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev deyib ki, “Azadlıq Radiosu”nun Azərbaycan bürosu illərdir, fəaliyyət göstərir.

“Bu radionun Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması uğrunda mübarizəyə, eləcə də müstəqilliyin möhkəmləndirilməsi, daxildə müəyyən problemlərin, proseslərin nizama salınması uğrunda siyasi qüvvələrin çabalarına çox böyük töhfələri, dəstəyi olub. Bütün bunlar, sözsüz ki, unudulmazdır. Bəzi hallarda radionun müəyyən siyasi qüvvələr tərəfindən qəbul edilməyən subyektiv yanaşmaları da olub, zaman-zaman tənqid edilib. Bu gün isə “Azadlıq Radiosu”nun Azərbaycan bürosunun daxilində nələr baş verdiyi barədə tam şəkildə məlumatlı deyiləm. Ara-sıra informasiyalar, müəyyən işçilərin bir-biriləri ilə öz aralarında narazılıqları, yaxud büronun rəhbərliyi barədə narazılıqlar mənə də gəlib çatır. Amma bunlarla detallı tanış deyiləm. Bildiyim budur ki, radionun bütün kursu, fəaliyyəti, təbii ki, Amerikadan müvafiq qurumlar tərəfindən yönləndirilib. İndiyəqədərki təcrübədən belə qənaətə gəlirəm ki, Radionun Amerikadan idarə olunan kursu üzərində Amerikanın nəzarəti fasiləsiz xarakter daşıyır. Bu kursdan hər hansı formada kənaraçıxmalar ola bilərsə, bunu birinci növbədə Amerikadakı nəzarətçilər tuturlar, müvafiq tədbirlər görürlər. Biz bunu dəfələrlə praktikada görmüşük”, - o deyib.

A.Quliyev bildirib ki, “Azadlıq Radiosunun” Azərbaycan bürosunun həmin kursdan kənara çıxması, Azərbaycanda kimlərsə tərəfindən idarə olunması, kimlərinsə kursa müdaxiləsi ilə bağlı məlumatı yoxdur: “Lakin belə müdaxilələrin Radionu Vaşinqtondan idarə olunan kursdan döndərə biləcəyini düşünmürəm. Bəlkə də, belə cəhdlər ola bilər ki, Azərbaycanda kimlərsə kənardan “Azadlıq Radiosu”nun işinə müdaxilə etsin. Ancaq bu müdaxilələrin də nəticə verəcəyini düşünmürəm. Çünki bu Radionun Vaşinqtondan idarəçiliyi bəlli və müəyyən kursa söykənir. “Azadlıq Radiosu”nun Azərbaycan bürosunun izlədiyi kurs adətən Azərbaycan-Amerika münasibətlərinin, həm dövlətlərarası, həm də ictimai münasibətlərin mövcud səviyyəsinə, xarakterinə həmişə uyğun olur. Bir qayda olaraq, son on illərdə Radionun Azərbaycan bürosu Azərbaycan dövləti və cəmiyyətində anlaşılmaz qarşılana biləcək hər hansı mövqe sərgiləmir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
363 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...