Gürcüstan Rusiya ilə qaz ticarətini reallaşdırır VİDEO

Gürcüstan Rusiya ilə qaz ticarətini reallaşdırır


Bununla bağlı bu gün Vyanada "Qazprom"la danışıqlar aparılacaq.Gürcüstan ölkəyə tədarük olunan Rusiya qazının həcmini 12-dən 20 faizə çatdırmaq niyyətindədir. ANS PRESS-in məlumatına görə, bununla bağlı bu gün Avstriyanın paytaxtı Vyanada “Qazprom” şirkəti ilə danışıqlar aparılacaq. Bu barədə energetika naziri Kaxa Kaladze “Rustavi-2” telekanalına müsahibəsi zamanı məlumat verib.


“Bu gün Rusiyadan aldığımız qazın həcmi 12 faizdir. Əgər razılaşma olarsa, əlavə həcm ala biləriksə, ümumilkdə tədarük olunan qazın həcmi 20 faizə çatdırıla bilər. Sözsüz ki, bu müvəqqətidir. Söhbət bir illik müqavilədən gedir”, - deyə Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Gürcüstan qazla bağlı çətinliklə üzləşib. Azərbaycanın strateji tərəfdaş olaraq qaldığını bildirən nazir bununla belə onun texniki baxımdan Gürcüstanı qazla tam təmin edə bilmədiyini açıqlayıb. Buna səbəb kimi isə Kaladze boru xəttinin fiziki imkanının yetmədiyini göstərib.

Kaxa Kaladze həmçinin deyib ki, Rusiya onlardan Ermənistana ötürdükləri yanacağa görə tranzit haqqı olaraq verdiyi qazı pulla əvəz etməyi tələb edir. Bundan imtina etmək, Gürcüstanın tranzit ölkə kimi rolunu itirməsinə səbəb ola bilər. Çünki Rusiya Ermənistan bazarına başqa ölkə vasitəsilə də çıxa bilər.

“Əgər lazımi həcmdə təbii qazımız olmasa, tranzit funksiyamızı itirdiyimiz halda, stansiyaları dayandırmalı olacağıq. Rusiyadan əlavə elektrik enerjisi almalı olacağıq ki, bu da daha artıq xərc deməkdir. Belə olduqda isə vətəndaşlarımız enerjiyə görə daha çox ödəniş etməli olacaq” - deyə enerqetika naziri vurğulayıb. Kaxa Kaladze Vyanadakı görüşdən Gürcüstanın maraqlarına uyğun razılaşma ilə qayıdacağına ümid etdiyini də qeyd edib. Rusiyanın “Qazprom” şirkəti ilə Gürcüstanın imzaladığı əvvəlki müqavilənin müddəti 2015-ci ilin dekabrın 31-də başa çatıb.

Gürcüstanın energetika naziri ilə “Qazprom”un rəhbəri Aleksey Millerin görüşü isə 2015-ci ilin sentyabrın 25-də Brüsseldə baş tutmuşdu. Azərbaycan hazırda Gürcüstanı qazla təchiz edən əsas ölkədir. Gürcülər Rusiyadan isə cəmi 12 faiz həcmdə qaz alır ki, bunu da ruslar tranzit haqqı əvəzində verir. Rusiyadan qazın satın alınması 2007-ci ildən dayandırılıb. Gürcüstan vətəndaşları isə hökumətin “Qazprom”la danışıqlarının əleyhinədir. Yanvarın 17-də Tiflisdə mindən çox adam bununla bağlı etiraz aksiyası keçirmişdi. Onlar Gürcüstanın Rusiyadan enerji cəhətdən asılı olmamasını tələb edirlər.

Gürcülərin Rusiya ilə qaz sövdələşməsi Azərbaycanı narahat edir. Çünki bu, SOCAR-ın Gürcüstandakı payının azalmasına gətirib çıxara bilər. Amma hər bir halda ruslarla qaz danışığının arxasında bir tərəfdən mavi yanacağa olan ehtiyac dayanırsa, digər tərəfdən Gürcüstandakı bəzi analitiklərin də fikirləşdiyi kimi, indiki hakimiyyətin idarəçiliyini əlində saxlayan keçmiş baş nazır Bidzina İvanişvilinin Rusiyaya yaxınlaşma siyasəti dayanır. Ölkə vətəndaşları isə haqlı olaraq bir vaxtlar ərazisini işğal edən ölkədən yenidən enerji baxımdan asılı olmaq istəmir. Çünki iqtisadi təsirin ardınca, siyasi təzyiqin olmayacağına heç kim təminat vermir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...