“Rafail 11 ayın sultanı idi, 12-ci ayda yoxa çıxırdı”

“Rafail 11 ayın sultanı idi, 12-ci ayda yoxa çıxırdı”
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində baxılan iş üzrə artıq son şahidlər dindirilir.

Müttəhim Məlikzadə Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı istintaqa cəlb edilib. Əvvəlki yazılarımızda onun dövlətə vurduğu ziyanı ödəmədiyinə görə həbs edilməsi haqda məlumat vermişdik.

Hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən budəfəki iclasda son üç şahiddən ikisi-Müdafiə Nazirliyinin Maliyyə-büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədov və eyni idarənin nəzarət-təftiş şöbəsinin rəisi olmuş polkovnik Rafail Xələfov ifadə verib.

Hər iki şahid 143 milyonluq cinayətdə təqsirləndirilən şəxsdirlər. General Məmmədov həbsdə mühakimə edilir. Xələfov isə azadlıqdadır. Onun işi üzrə ibtida istintaq gedir.

İlk olaraq Nizami Məmmədovu şahid kürsüsünə dəvət edilib. Xələfov ifadə verən hissədə isə proses qapalı keçirilib.

General Məmmədovla Rəşad Məlikzadənin kəsişən münasibəti olmayıb. Məlikzadə özü də Məmmədovu işi üçün əhəmiyyətli şahid hesab etmir. Buna baxmayaraq dövlət ittihamçısının və Məlikzadənin generala veriləcək sualları var.

Məsələn prokuror istintaq materiallarına istinad edərək deyib ki, cinayət baş verən dövrdə konkret mexanizm qurulub, həmin mexanizmlə də külli miqdarda pullar mənimsənilib. Prokuror general Məmmədovdan məhz sözügedən mexanizm haqda danışmasını istəyib.

Məmmədov prokurorun dediyi mənimsəmə mexanizminin nədən ibarət olduğunu bilmədiyini deyib. Amma hər kəsin ümumi mexanizm əsasında işlədiyini etiraf edib. Həmin mexanizmə gəlincə: “Bütün hərbi hissələrdə smeta var. Smetaya uyğun da vəsait ayrılırdı. Bundan başqa hərbi hissələrin maliyyə xidmət rəisləri əlavə ödənişlər müəyyən edirdi. Onun üçün də pul ayrılırdı. Ayrılan vəsaitdən 20 faiz maliyyələşməyə, 30 faiz isə təftişə çatırdı”.

Generalın dediyinə görə, ondan əvvəlki maliyyə rəisləri də eyni qaydada işləyib: “30 il idi, sistem belə işləyirdi. Məndən əvvəl Namiq Poladov rəis olub. O vaxt da eyni sistem idi. Amma mən rəis təyin olunmazdan əvvəl maliyyələşməyə çatan pul daha çox idi. Narazılıq olduğuna görə məbləği 20 faizə endirdim. Sonradan təftişlə bağlı da problemlər olduğu ortaya çıxdı. Sən demə, təftiş gedib hərbi hissələrdəki maliyyə rəislərindən artıq pul alıb. Məsələn, biri Rəşad Məlikzadə… Rafail Xələfov ondan da mənə çatacağı adı ilə pul alıb. Amma mənə heç nə verməyib”.

İttihamda yazılıb ki, nazirliyə çatdırılması üçün hərbi hissələrdən xüsusi tapşırıq adı ilə pullar yığılıb. Prokuror eyni məsələ ilə bağlı Məmmədov və Məlikzadəyə çarpaz sual verib.



R.Məlikzadə deyib ki, ona xüsusi tapşırıqları yalnız Rafail Xələfov verib: “Rafail bir kəlmə deyirdi ki, xüsusi tapşırıq var. Pul verilməlidir. Ondan soruşa bilməzdim ki, xüsusi tapşırıq nədir… Bilirsiniz necədir, Rafail 11 ayın sultanı idi, 12-ci ayda yoxa çıxırdı. Yoxlama vaxtı onu tapmırdım ki, deyəm bizdən pul istəyirlər. Nizami Məmmədova gəlincə, onunla aramızda ziddiyətli məqam yoxdur”.

Məlikzadənin vəkili Vüqar Kazımov isə generaldan xüsusi tapşırıq adı ilə yığılan pulların hara xərcləndiyini soruşub. Vəkil bu məsələnin tam aydınlaşmasında ona görə maraqlıdır ki, müvəkkilinin xüsusi tapşırıq adı ilə 2 milyondan çox pul mənimsədiyi iddia olunur.

N. Məmmədov müxtəlif hərbi hissələrdən xüsusi tapşırıq adı ilə yığılan pulların mənimsənilməsini öz üzərinə götürüb. Etiraf edib ki, həmin pulların mənimsənilməsində təqsirini qəbul edir, ona görə də xüsusi tapşırıq adı ilə mənimsənilən pulları dövlət büdcəsinə qaytarıb. Lakin general Məlikzadədən xüsusi tapşırıq adı ilə pul alınmasından xəbəri olmadığını diqqətə çatdırıb. Qeyd edib ki, mübahisəli 2 milyon Məlikzadə ilə Rafail Xələfov arasında olan məsələdir.

Növbəti iclas aprelin 3-nə təyin edilib.

Xatırladaq ki, iki il əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.

İstintaqın gedişində çoxsaylı vəzifəli zabit cinayət məsuliyyətinə cəlb edilib. Bütün təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
354 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...