340 min manat oğurladılar - maşın aldılar, estetik əməliyyat olundular - VİDEO

340 min manat oğurladılar -
Bakıda içərisində 340 min manat olan seyfi oğurlayan dəstə üzvləri saxlanılıb.

GUNDEMİNFO.AZ Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar oğurladıqları pulla 6 avtomobil alıblar, dəstənin bir üzvü isə estetik əməliyyat etdirib.

Belə ki, paytaxt ərazisində yerləşən evlərdən birindən içərisində 340 min manat olan seyf oğurlanıb. Hadisə barədə zərərçəkən şəxs polisə məlumat verən kimi dərhal araşdırmalara başlanılıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən qabaqcadan əlbir olan dəstənin üzvləri - 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova, bacısı 1996-cı il təvəllüdlü Zemfira Sultanova, onların əmisi oğlu 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qurban Sultanov və tanışları 1996-cı il təvəllüdlü Əli Qurbanov saxlanılıblar.

Dindirmə zamanı məlum olub ki, hadisədən əvvəl Ş.Hüseynova müxtəlif vasitələrlə mənzilin açarlarını əldə edib. Daha sonra gecə saatlarında evə girərək dəmir seyfi oğurlayıb və əmisi oğlu Q.Sultanova təhvil verib. O isə öz növbəsində seyfi Şəmkir rayonuna apararaq içərisində olan 340 min manatı ələ keçirib. Bir neçə gün sonra Q.Sultanov pulun 194 min manatını Ə.Qurbanovun vasitəsi ilə əmisi qızlarına göndərib.

Hadisədən sonra Q.Sultanov ona çatan pulla 4, Ş.Hüseynova isə Ə.Qurbanovun köməkliyi ilə 2 avtomobil alıb. Dəstənin digər üzvü Z.Sultanova isə oğurlanan pulun bir hissəsi ilə estetik əməliyyat etdirib.

Polis əməkdaşları saxlanılan şəxslərin ünvanlarına baxış keçirən zamanı oğurlanan pulun bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
374 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...